Sauber komandasının rəhbəri Mattia Binotto Sebastyan Fettelin onlarla birlikdə rəqabət aparma ehtimalını rədd etmir.

Sauber hələ 2025-ci il üçün ikinci sürücüsü ilə bağlı qərar verməyib və mənbələr Valtteri Bottasın bu oturacaq üçün poul mövqeyində olduğunu deyir.
Mattia Binotto daha əvvəl beş nəfərin adını çəkmiş və seçimin Mik Şumaxer, Valtteri Bottas, Çjou Quanyu, Qabriel Bortoleto və Teo Pourchair arasında olacağını bildirmişdi.
Bununla belə, Sebastyan Fettelin adı da bəzən Audi ilə çəkilir.
Bu məsələ Sauberin yeni müdiri Binottodan soruşulub. Bunun üzərinə Binotto verdiyi açıqlamada: “Sebastianı sevirəm. Mən onu keçmişdən çox yaxşı tanıyıram, onunla işləməyi yüksək qiymətləndirirəm. Mən onun bir insan və sürücü kimi nə qədər güclü olduğunu bilirəm.
Mən cəmi bir neçə həftədir ki, Sauberdəyəm. Əvvəlcə hər şeyi başa düşməliyəm, ətrafa baxmalı və hər şeyi dinləməliyəm. Sonra nə vaxtsa qərarımızı verəcəyik.
Qəbul etdiyimiz bu qərar Audi üçün düzgün qərar olmalıdır. Biz təkcə 2025-ci il üçün deyil, həm də gələcək üçün ən yaxşısını seçməliyik".
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
