Dünyanın ən böyük video platforması olan YouTube uşaqları onlayn risklərdən qorumaq üçün yeni valideyn nəzarəti funksiyasını təqdim edib. Bu yeniliklə valideynlər övladlarının "YouTube"dakı fəaliyyətlərini ətraflı izləyə və nəzarət edə biləcəklər.
YouTube platformada uşaqları qorumaq üçün bir çox funksiyalar təqdim etsə də, yeni funksiya valideynlərə öz hesabları vasitəsilə uşaqlarının hesablarına daxil olmaq imkanı verir.
Beləliklə, valideynlər övladlarının hansı videolara şərh yazdığını, hansı məzmuna abunə olduğunu və neçə video yüklədiyini görə biləcəklər. Bundan əlavə, uşaqlar yeni video yüklədikdə və ya canlı yayıma başladıqda valideynlərə e-poçt vasitəsilə məlumat göndəriləcək.
Yeni valideyn nəzarəti funksiyası bu həftə ərzində dünya üzrə bütün istifadəçilər üçün əlçatan olacaq. Hesabları YouTube Ailə mərkəzi vasitəsilə birləşdirə bilərsiniz. Şirkət vurğulayıb ki, bu funksiya valideynlərə uşaqlarının fəaliyyətini yaxından izləməyə kömək edəcək və onların zərərli məzmundan qorunması prosesini daha effektiv edəcək.
YouTube"un yeni funksiyasında diqqət çəkən başqa bir detal isə “qarşılıqlı nəzarət” imkanıdır. Bu xüsusiyyət sayəsində həm valideynlər, həm də uşaqlar istədikləri zaman nəzarət funksiyasını söndürə biləcəklər. Ancaq bu, xüsusilə uşaqların valideynlərinin izləməsini dayandırma ehtimalını artırır.
"YouTube" uşaqlar üçün bu nəzarət xüsusiyyətlərinin yalnız başlanğıc olduğunu və yeniyetmələrin onlayn fəaliyyətlərini izləmək üçün xüsusi olaraq daha çox alət hazırlamağı planlaşdırdığını açıqladı.
Mənbə: Sozcu.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli