Google Street View ilə siz dünyanın bir ucundan digər ucuna səyahət edərək küçələri 360 dərəcə bucaq altında görə bilərsiniz. Bəs o şəkilləri bir-bir kim çəkir?

Google Küçə Görünüşü dünyanın bir çox ictimai ərazilərinin küçələr boyunca panoramik görünüşünü təmin etmək üçün Google Xəritə və Google Earth texnologiyaları ilə birləşdirilmiş texnologiya xidmətidir.
İstəyən hər kəs onu aça və dünyanın bir çox yerini küçə-küçə gəzə bilər. Hətta bəzən insanların Küçə Görünüşündə qarşılaşdığı gülməli və ya qorxulu mənzərələr gündəm ola bilər. Keçək əsas mövzumuza, bu görüntülər necə çəkilir?
Google Xəritənin Küçə Görünüşünün fotoşəkillərini çəkmək üçün üçün xüsusi olaraq hazırlanmış maşınlar var. Bu avtomobillər yüksək ayırdetmə kameralarına malikdir və müəyyən marşrutlar üzrə hərəkət edərək 360 dərəcə panoramik fotolar çəkirlər. Beləliklə, xəritədə gördüyümüz o küçə, prospekt və yolları bizə ətraflı şəkildə təqdim edə bilir.
Bəzi bölgələrdə isə avtomobil əvəzinə kamera quraşdırılmış velosipedlərdən istifadə olunur . Velosipedlərə adətən dar yollarda və ya tarixi ərazilərdə üstünlük verilir.
Təxmin edə bildiyiniz kimi, nəqliyyat vasitələri hər yerə çata bilməz. Bunun üçün daşına bilən kameralardan istifadə olunur. Təxminən 18 kq ağırlığında olan avadanlıqlar bel çantasına quraşdırılır və görüntülər Google-da bu iş üzrə işləyən insanlar tərəfindən gəzməklə çəkilir. Bunun müqabilində insanlar gündə 8 saat işləyir və təxmini 1500 dollar maaş alırlar.
Bunlardan başqa, hər hansı bir insan da töhfə verə bilər. Google istifadəçiləri smartfon və ya 360 dərəcə kamera ilə çəkdikləri şəkilləri Google Xəritəyə yükləyə bilərlər. Beləliklə, istəsəniz, siz də edə bilərsiniz.
Mənbə: webtekno.com
Tərcümə etdi: Rəfiqə Rəhimli
