Bu gün:

Ən çox zəhərlənməyə səbəb olan qida


Ölüm papağı (Amanita phalloides) ən zəhərli göbələk növüdür. Prof. Dr. Aysun Pekşen,-"Ən çox İstanbul, Bolu, Kastamonu və Giresun bölgələrində müşahidə olunur. Zəhərlənmələrin demək olar ki, 95%-nin səbəbidir",-deyə bildirib. 

Qara dənizin bol yağış olan və fərqli bitki örtüyünə malik bir bölgə olduğunu, göbələk çeşidinin bol olduğunu ifadə edən Pekşen,-“Zəhərli göbələk qrupu çox olmasa da, ölümlə nəticələnə biləcək zəhərlənmə hadisələri baş verə bilər. Şüursuz şəkildə göbələk toplayan insanlarda zəhərlənmələrə daha çox rast gəlirik. Göbələk bizim üçün hər cəhətdən böyük əhəmiyyət kəsb edir. Bu zəngin ehtiyatlar bizi nəinki mineral, zülal və selenlə təmin edir, həm də ixrac etməklə ciddi gəlir əldə etmək potensialına malikdir. Bir qrup göbələk növü toplanaraq xaricə ixrac edilir. Təəssüf ki, mətbuatda zəhərlənmə hallarına kifayət qədər tez-tez rast gəlinir. Gündəmdə olduğu üçün insanlarda göbələk qorxusu var. Bu qorxunun qarşısını almağın ən təsirli yolu göbələkləri çox yaxşı tanıtmaqdır”,- deyib. 

Təbiətdəki göbələklərin şüurlu insanlar tərəfindən toplanması lazım olduğunu vurğulayan Pekşen belə davam etdi,-"Göbələkləri bilmədən toplayan insanlar eyni anda yeyilə bilən və yeyilməyən göbələkləri toplaya bilərlər. Yüngül zəhərlənmə də ola bilər, amma daha çox ölümlə nəticələnən zəhərlənmələrlə qarşılaşa bilərik. “Böcəklərin yediyi göbələk zəhərli deyil" kimi bəzi yanlış fikirlər var. Biz insanlarda maddələr mübadiləsi fərqlidir, ona görə də belə deyil. “Bəzi göbələklər qaynadılıb süzüldükdə zəhərləri təsir göstərmir”, lakin bu bütün göbələklərə aid deyil. Ona görə də diqqətli olmalıyıq, göbələklərə qarşı maarifləndirmə aparılmalıdır. Yoxsa şüursuz hərəkət etmək son dərəcə pis nəticələrə səbəb ola bilər. Ona görə də biz göbələk istehsalçılarının belə bir sözü var: "Bütün göbələklər yeyilə bilər, lakin bəziləri yalnız bir dəfə yeyilir". Bu məqamda bəzi məlum səhvlərə qarşı çox diqqətli olmaq vacibdir”.

"Bu zəhərlənmə hallarını göz ardı etmək olmaz. Keçən il Ondokuz May Universitetindən Tibb Fakültəsi Xəstəxanasına çoxlu sayda göbələk zəhərlənməsi hadisəsi gəlmişdi. Göbələk zəhərlənməsində iki növ əlamət var: Erkən və gec simptomlar. 

Erkən simptomlarda ürəkbulanma, qusma, yuxululuq kimi bəzi yan təsirlər var. Erkən olduğu üçün dərhal müalicə oluna bilər, amma bizi qorxudan gec əlamətlərdir. 

Gec simptomda yeyildikdən sonra bəzi təsirlər olur, ancaq orqanizm gec reaksiya verdiyi üçün qaraciyər və böyrək çatışmazlığı kimi hallar ola bilər. Bu məqamda hansı göbələk növünün yeyildiyini bilmək və ən yaxın səhiyyə müəssisəsinə müraciət etmək çox vacibdir. Zəhərli  göbələk olan "Ölüm papağı" yeməli göbələyin yanında böyüyə bilər. Onu fərqləndirmək üçün nəzərə alınmalı olan bəzi xüsusiyyətlər var. Göbələyin üst quruluşu zeytun yaşıl rəngdədir. Ancaq alt hissəsi ağdır. Bundan əlavə, zəhərli göbələklərin başqa bir xüsusiyyəti də  kök hissələrində yumurtaya bənzər hissənin olmasıdır, bu yumurta ölüm papağı göbələyinin kök hissəsində də olur"- deyə Pekşen qeyd etdi.


Mənbə: Habertürk 

Tərcümə etdi: Aytən Babaşova 

Paylaş
Şərh əlavə et