Bu gün:

"Azərbaycanda model olmağın müsbət cəhətləri çox azdır" - MÜSAHİBƏ



24Media Azərbaycanlı model və aktyor Pərviz İsmayılov ilə müsahibəni təqdim edir:


Pərviz bəy, əvvəlcə oxucularımıza özünüzü təqdim edərdiniz...

- 28 yaşım var, 6 il Azərbaycanda professional modelliklə məşğul olmuşam. Sonra aktyorluq etmək üçün Türkiyəyə getmişəm. 5 ildir ki, Türkiyədə yaşayıram. Bəzi seriallarda epizodik rollarda oynamışam.

Necə oldu ki, model kimi çalışmaq istədiniz?

- Sosial şəbəkədə şəkillərimi görən bir model agentliyindən təklif gəlmişdi. Bu sənətin mənə uyğun olduğunu düşündüyüm üçün təklifi qəbul etdim.

Model olmaq istəyiniz ailəniz tərəfindən necə qarşılandı?

- Olduqca normal.

Sizcə, Azərbaycanda model olmağın çətinlikləri nələrdir?

- Azərbaycanda modellik peşəsini davam etdirmək üçün davamlı şəkildə podiumlar təşkil edilməli, modellər isə yaxşı qonorar almalıdır. Belə olduqda model peşəsini məşğuliyyət olaraq deyil, professional şəkildə davam etdirəcək.

Bəs müsbət tərəfləri barədə nə deyə bilərsiniz?

- Azərbaycanda model olmağın müsbət cəhətləri təəssüf ki, çox azdır. Qeyd etdiyim kimi, bir çox model Azərbaycanda bu sənəti yalnız məşğuliyyət kimi davam etdirir. Ancaq yaxşı modelsənsə ən azından bir çox yerdə şəkillərin, bilbordların olur və bu modelə az da olsa stimul verir.

Fəaliyyətiniz dövründə ən çətin məqamı və ya xoşagəlməz xatirənizi oxucularımızla bölüşə bilərsiniz?

- Almanların Azərbaycanda çəkdiyi Bakının tanıtım çarxında terrorist rolunu canlandırırdım. Polislərdən qaçmalı idim. Yadıma gəlir, Bulvarda çox qaçmalı oldum. O zaman çox çətin anlar keçirmişdim, amma xoşagəlməz deyildi.

Nə üçün modellik karyeranıza fasilə vermisiniz?

- Bu işə 2 il əvvəl son qoymuşam. Nəticə etibarilə bu sənətdə həm qadınlar, həm də kişilər üçün bəlli bir yaş həddi var. Bəlkə mən yenə də modelliklə bağlı fəaliyyətimi davam etdirdim. Ancaq hazırda aktyorluqla bağlı planlarım üzərində düşünürəm.

Fəaliyyətinizi bir müddət Türkiyədə davam etdirmisiniz. Türkiyəyə getməyinizin səbəbi öz istəyiniz olub, ya təklif almışdınız?

- Türkiyəyə öz istəyim ilə gəlmişəm. Türkiyədəki film sektoru Azərbaycanın film sektoruna nisbətən daha böyük olduğundan şansımı burada yoxlamaq istədim. "Muhteşem Yüzyıl: Kösem", "Dolunay" kimi seriallarda epizodik rolları canlandırmışam. "Trt Belgesel" kanalında yayımlanan "Savaşın Efsaneleri" sənədli filmində çəkilmişəm.

Dediniz ki, aktyor kimi epizodik rollarda özünüzü sınamısınız. Bu barədə nə deyə bilərsiniz? Necə oldu ki, sizdə aktyorluğa həvəs yarandı?

- Əslində hələ kiçik yaşlarımdan arzum aktyor olmaq idi. Amma aktyorluq çox çətin və dərin bir sənətdir. Nəzərinizə çatdırım ki, modellər hər zaman özlərini aktyor kimi də görmək istəyirlər, bu, bir faktdır. Mən də başa düşürdüm ki, modellikdə bir yaş həddi var və müəyyən yaşdan sonra peşəmi davam etdirə bilməyəcəm. Bu səbəbdən yavaş-yavaş aktyorluğa keçid etmək qərarına gəldim. Nə qədər uğurlu alındığı barədə bir şey deyə bilmərəm. Çünki ağır sənətdir və özümə hazırda peşəkar aktyor deyə bilmərəm.

Aktyorluq dərsləri almısınız?

- Təəssüf ki, xeyr.

Bəs təlim almaq fikriniz var?

- Əlbəttə, var

Hazırda seriallara dəvət alırsınız?

- Pandemiya geniş yayıldığı üçün film sektorunda durğunluq var. Pandemiya bitdikdən sonra ola bilər ki, təkliflər alım. Amma Azərbaycana qayıtdıqdan sonra bir proyektdə yer almaq planım var.

"Muhteşem Yüzyıl:Kösem" serialında Səfəvi hökmdarının elçisi rolunu canlandırmışdınız. Necə oldu ki təklif aldınız? Təklifi aldığınız zaman təəssüratlarınız necə oldu?

- Daha əvvəl o proyektin ikinci rejissoru məni film agentliyində görüb tipajımın uyğun olacağını bildirmişdi. Məni seriala dəvət etdi. Təbii ki, mənim üçün xoş hal idi, ancaq yetərli deyildi, kamerada çox görünməli olduğumu düşünürdüm.

Sevdiyiniz iş, yoxsa pul qazanmaq?

- Əlbəttə, mənim üçün önəmli olan sevdiyim işi görməkdir. Bu, insanı daha çox xoşbəxt edir. Məşğul olduğum peşələrdən davamlı olaraq pul qazanmasam da, düşünürdüm ki, insan ancaq sevdiyi işdə uğur qazana bilər.

Bu gün Azərbaycan film və seriallarında nələri bəyənmirsiniz?

- Ümumiyyətlə, Azərbaycan filmlərində xeyli əskiklik var. Məni daha çox düşündürən problemlərə isə ssenarini və rəssam işini misal gətirə bilərəm. Yaxşı aktyorlarımız var. Sadəcə aktyorları yaxşı büdcə və yaxşı komanda ilə yönləndirməyin lazım olduğunu düşünürəm.

Qeyd etdiniz ki, gələcək planınız yaxşı aktyor olmaqdır. Bəs bundan başqa planlarınız var?

Hələ ki, başqa planım yoxdur, amma nə vaxtsa biznes qurmaq istəsəm, gənclər üçün idman, fitnes salonu açmaq istəyərəm.

Aytac Əhmədova

Paylaş
Şərh əlavə et