Bu gün:

Ayaqqabıların tarixi


Ayaq bədənin bütün ağırlığını daşıyır. İnsan bədənindəki ən ağır işlərdən biri də ayaqların üzərinə düşür. Yetkin bir insanın bədənində 206 sümük var, onların, demək olar ki, 1/4 - 62-si ayaqlarımızdadır. Bədən çəkimizi daşıyan və hərəkəti təmin edən bu orqanın sağlamlığı çox vacibdir. Günün çox hissəsi ayaqlarımızla təmasda olan ayaqqabılarla keçir. 

Ayağın alt hissəsinin quruluşu kifayət qədər mürəkkəbdir. Burada bir çox əzələlər, vətərlər, damarlar və sinirlər yerləşir, xüsusilə, daban və alt hissələrdə dəri təbəqəsi daha qalındır. Bədənimizdəki bütün əzələlərdən ən güclüsü dabanımızda olur. İnsanın ən həssas və vacib hissələrindən biri olan bu bölgənin qorunması insan həyatı üçün çox vacibdir.

İlk ayaqqabının görünüşü

İlk ayaqqabını kimin və nə vaxt geyindiyi məlum deyil, lakin ilk ayaqqabıların ilk insanlarla başladığını güman etmək olar. Ayaqqabıların tarixi geyim tarixi qədər qədimdir. İlk insanlar ayaqlarını yer səthinin sərt şərtlərindən, iti uclu daş və qaya parçalarından, isti və bəzən dondurucu soyuq torpaqdan qorumaq üçün ağac qabığından, yarpaqlardan və sonrakı dövrlərdə heyvan dərilərindən ibtidai ayaqqabı tikmişlər. Qədim dövrlərdən bəri ayaqqabı həm də status göstəricisi olub.

Ayaqqabılar dünyada çox fərqli iqlimlərdə yaşayan insanların yaşayış şəraitinə görə dəyişdiyindən moda da tarix boyu ayaqqabıların formalarına çox təsir göstərib.

İspaniyanın 12-15 min il əvvələ aid mağara rəsmlərində kişilər üçün dəridən, qadınlar üçün xəzdən hazırlanmış geyimlər görünsə də, dünyanın müxtəlif yerlərində mağaralarda ən qədim ayaqqabılarının izlərinə rast gəlmək mümkündür.

Primitiv ayaqqabılarda izolyasiya və rahatlıq üçün müxtəlif ot və saman parçaları istifadə edilmişdir. 

Araşdırmalara görə, əl istehsalı olan ayaqqabıların ilk məlum növü sandallardır. Ayaqqabıların ən qədim kəşfi e.ə. təxminən 8000 il əvvəl yaşamış yerli amerikalılara aiddir. Misirlilər pinəçilik sahəsində ən yaradıcı cəmiyyət hesab olunurlar. Misirlilər e.ə. 3500-cü illərdə ayaqları üçün qəliblər düzəldirdilər və bu qəliblərdə formalaşdırdıqları xam dəridən dabanlarına iplər bağlayaraq fərdi sandallar düzəldirdilər. Ayaqqabılar ayağın altını isti qumdan, üstünü isə günəşdən və istidən qoruyurdu. Çox keçmədən bu sandallar status simvoluna çevrildi. Qadınlar daş-qaşlı ayaqlarını nümayiş etdirirdilər. Kişilər isə dəri qayışlara nadir qiymətli daşlar bağlayırdılar. Misir sənət əsərlərində hökmdarlar və tanrılar həmişə ayaqyalın görünür. Bu dövrdə sandalların yalnız qapalı yerlərdə geyinildiyi təxmin edilir.

Hetitlər kiçik ölçüdə də olsa, bu gün də Anadoluda istifadə edilən sandallara bənzər ayaqqabılar geyinirdilər. 

Taxta ayaqqabılardan ilk dəfə Xetlər istifadə etmişlər.

Çəkmələr isə at sürməyin adiləşdiyi soyuq, dağlıq bölgələrdə, isti və qumlu səhralarda yaranmışdır. Qadınlar üçün ilk çəkmə 1840-cı ildə Kraliça Viktoriya üçün hazırlanmışdır. Bağlı, təsadüfi gəzinti ayaqqabıları Birinci Dünya Müharibəsi zamanı meydana gəldi.

Avropada 18-ci əsrə qədər qadın və kişi ayaqqabıları fərqlənmirdi. Orta əsrlərdə Avropada qızı evlənən ata ayaqqabı mərasimi ilə onun üzərindəki səlahiyyətini evlənəcəyi kişiyə keçirirdi. Bu gün bəzi Qərb ölkələrində yeni evlənən cütlüyün maşının arxasına ayaqqabı bağlamaq adəti o günlərdən qalan bir ənənədir, qızın atası qızının ayaqqabılarından birini kürəkəninə verir və bildirir ki, o, indi onun himayəsindədir. Ayaqqabılar mədəniyyətlərdə mühüm yer tutur. Ərəb mədəniyyətində kiməsə ayaqqabı atmaq çox ciddi təhqir sayılır.

Daban ayaqqabılar ilk dəfə kişilər tərəfindən istifadə edilmişdir.

Yaxın Şərq bölgəsində ayaqları isti qumdan qorumaq, ayaqları yüksəkdə tutmaq üçün ayaqqabılara dabanlar əlavə edilirdi. Avropada 16-17-ci əsrlərdə bütün ayaqqabıların dabanları qırmızı rəngə boyanırdı.

Türklərdə dəri emalı sənəti yüksək inkişaf etdiyindən pinəçilik də yüksək inkişaf etmişdir. Yeniçərilərin geydiyi minik üçün uyğun yumşaq çəkmələrə olan ehtiyac pinəçiliyi təkmilləşdirdi. 16-17-ci əsrlərdə hazırlanmış ayaqqabılar davamlılığı və zərifliyi ilə məşhur idi. Ayaqqabının növü də geyinənin sosial mövqeyi ilə bağlı idi. Əsgərlərin, müxtəlif peşə sahiblərinin, qulluqçuların geyindiyi çəkmələr, ayaqqabılar fərqli idi. Qapalı ayaqqabı ilə küçə ayaqqabısı arasında da fərq var idi. Qapalı yerlərdə geyilən ayaqqabılar əsasən atlas, məxmər və ya digər parçalardan, qızıl sapla tikilirdi. Dəri ayaqqabılar da sapla işlənirdi. Ən çox qış ayaqqabılarının içi xəzlə örtülürdü.

1760-cı ildə Massaçusetsdə ilk ayaqqabı fabriki quruldu və geniş miqyaslı istehsala başlandı. Tez və ucuz ayaqqabı istehsalı 19-cu əsrdə - tikiş maşınlarının inkişaf etdiyi zaman baş verdi.

19-cu əsrə qədər bütün dünyada eyni ayaqqabının hər iki ayaq üçün istifadə edildiyini, yəni sol və sağ ayaqqabı arasında heç bir fərq olmadığını çox az adam bilirdi. Sağ və sol ayaq üçün ayrı-ayrılıqda ayaqqabı istehsalına ilk dəfə ABŞ-ın Filadelfiya şəhərində başlanmışdır. Altı rezin ayaqqabı ilk dəfə 1916-cı ildə ABŞ-da hazırlanmış və onlar “ket” (ked) adlanırdı.

Bu gün inkişaf edən texnologiya və geniş çeşidli materiallar sayəsində loafers kimi müxtəlif rəng və üslubda ayaqqabı istehsal etmək mümkündür. 

Ayaqqabıların hazırlanmasında istifadə olunan materiallardan danışsaq, əsas materialın dəri olduğunu deyə bilərik. Xüsusilə, dana dərisi pinəçilikdə ən çox istifadə edilən dəridir. Qoyun dərisi astar və başmaq üçün istifadə olunur. Bəzi qadın və kişi ayaqqabıları timsah, ilan və kərtənkələ kimi sürünənlərin dərilərindən hazırlanırdı. At dərisindən əldə edilən əzələ təbəqəsi olan Kordovan kişi ayaqqabılarında istifadə edilən ağır dəridir. Süet dediyimiz ayaqqabı növü mal-qara dərilərinin içini cilalamaq və çölünü tüklü qoymaqla əldə edilir. Bu gün dəridən başqa rezin, süni liflər və kompozit materiallardan ayaqqabı istehsalı üçün də istifadə olunur. İstifadə olunan qayış və daban kimi aksessuarlar plastikdən hazırlanır. Dəriyə bənzəyən müxtəlif materiallar əldə edilir və dəri görünüşü ayaqqabılara verilir. Süni liflər, sintetik patentli dəri istehsalı ilə ayaqqabı istehsalı xeyli ucuzlaşır.

Mənbə: Tekstil sayfası blogspot

Tərcümə etdi: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et