Bu gün:

Ağrı hiss etməmək yaxşıdır, yoxsa yox?


Ana, onun iki qızı və qızlarının üç övladından ibarət italyan ailəsinin üzvləri müxtəlif dərəcələrdə ağrı hissi itkisi yaşayırlar. Məsələn, bədənlərinin bir hissəsi yandıqda və ya sümüklərindən biri qırılanda ağrı hiss etmirlər. Bu italyan ailəsinin adını daşıyan problem Marsili sindromu adlanır.

Ağrı hiss etməmək, ümumiyyətlə, şikayət ediləcək bir şey kimi görünməsə də, vəziyyət göründüyü kimi deyil.

Ailə üzvü Letizia Marsili bir dəfə xizək sürərkən sağ çiynini sındırsa da, bunu yalnız bir gün sonra görüb. Bu, ailə üzvlərinin ağrı hiss edə bilməməsi səbəbindən yaşadıqları hadisələrdən yalnız biridir. Başqa bir misal, Letizia Marsilinin oğlunun çəkilmiş MRT (maqnit rezonans) görüntüsündə onun sağ topuq nahiyəsinin kalsifikasiya edildiyi görülüb. Bu vəziyyətə düşməsinin səbəbinin uşaqlıqda futbol oynayarkən aldığı zədələr olduğu düşünülür. Marsili ailəsinin üzvləri aşağı və yüksək temperaturlara son dərəcə həssasdırlar.

İngiltərə, İtaliya və Yaponiyanın müxtəlif universitetlərindən bir qrup tədqiqatçı Marsili ailəsinin yaşadığı problemin səbəbini müəyyən etmək üçün müxtəlif sınaqlar keçirib. Ailə üzvlərinin dərisindəki sinir liflərinin sayının normal dəyərlərdə olduğu, lakin fərdlərin hamısında ZFHX2 adlı gendə mutasiya olduğu müəyyən edilmişdir. Araşdırmanın nəticələri Brain jurnalında dərc olunub.

Marsili ailəsinin üzvləri nadir hallarda baş ağrıları və daxili orqanların yaratdığı ağrılarla qarşılaşırlar. Keçmiş tədqiqatlar digər genlərin də ağrıya qarşı həssaslıqda təsirli olduğunu ortaya qoyub.

Genlərin ağrı hisslərinə təsirinin daha ətraflı başa düşülməsi, xüsusilə uzunmüddətli xroniki ağrılar üçün dərmanların hazırlanmasına kömək edə bilər.

Məqalənin əvvəlindəki suala qayıdaraq, Marsili ailəsinin yaşadıqlarını nəzərə alsaq, ağrıları hiss etməyin nə qədər vacib olduğunu anlamaq olar. Həkimə müraciət etməyin əsas səbəblərindən biri olan ağrılar bir çox xəstəlikdə də həyat qurtaran əlamət ola bilər. Bu vəziyyətin bəzi nümunələri infarkt keçirən bir insanın sinə və çiynində hiss edilən ağrı və apandisitdə görülən qarın ağrısıdır.

Mənbə: bilimtubitak

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et