"Roskosmos”-un uzunmüddətli proqramlar və elm üzrə icraçı direktoru Aleksandr Bloşenko cümə axşamı BRİKS kosmik agentliyinin rəhbərlərinin görüşündə bildirib ki, Rusiya Yerə yaxın kosmosda kosmik fəaliyyətin təhlükəsizliyini təmin etmək üçün bu il “Süd yolu” layihəsini işə salmaq niyyətindədir.

"Süd yolu sistemi əvvəldən açıq bir müəssisə kimi nəzərdə tutulub və Roskosmos BRİKS tərəfdaşlarına açıq məlumat platforması vasitəsilə ona qoşulmağı təklif edir. Biz bu ilin sonuna qədər sistemin işə salınmasını planlaşdırırıq", - Roskosmos rəsmisi bildirib.
Onun sözlərinə görə, açıq informasiya platforması beynəlxalq kosmik monitorinq sistemidir.
“Tərəfdaşlarımız həm xidmətlər ala, həm də öz məhsullarını təklif edə biləcəklər”,– o əlavə edib.
Roskosmos hesab edir ki, bu layihə BRICS-in təhlükəsiz kosmik fəaliyyətin iştirakçısı statusunu gücləndirəcək.
"Gələcəkdə belə bir platforma ölkələrimiz arasında məlumat mübadiləsi üçün keçid ola bilər. Biz BRİKS ölkələri üçün protokol layihəsi göndərmişik və birgə işçi qrupunun yaradılmasını və fəaliyyət planının - iş xəritəsinin hazırlanmasını təklif etmişik".
Təkmilləşdirilmiş avtomatlaşdırılmış xəbərdarlıq sistemi 65 teleskop və kosmik seqmentdən ibarət olacaq. Bloşenkonun TASS-a daha əvvəl dediyi kimi kosmik seqment Yerə yaxın kosmik monitorinq üzrə ixtisaslaşmış peyklər toplusunu əhatə edəcək. İlk kosmik aparatın buraxılması 2027-ci ilə planlaşdırılır.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
