Bu gün:

MÜSAHİBƏ “Anlamayan isə nə desəm də, anlamayacaq...”


Suallarımız nə qədər əhatəli olsa da, cavablar bir o qədər yığcamdır. Səbəbini soruşduqda müsahibimiz belə dedi: "Məncə, bu cavablardan məni anlamaq mümkündür. Anlamayan isə nə desəm də, anlamayacaq..."

24Media tanınmış aktyor və aparıcı Azər Axşamla müsahibəni təqdim edir:



Azər Axşam parodiya istedadının olduğunun nə zaman fərqinə vardı?

-Dördüncü sinifdən.

Psixologiya, fəlsəfə, ədəbiyyatda və bir çox sənət sahələrində "Mən kiməm?" sualı əsas yer tutur. "Aktyor" sözünü çıxardığımızda bu suala necə cavab verə bilərsiniz?


-Adam.

İndiyə qədər canlandırdığınız obrazlarla dolu bir otaqda olsaydınız, əvvəlcə hansı ilə və nə səbəbdən söhbətləşmək istəyərdiniz?

-Qoy, onlar mənimlə söhbət etmək barədə düşünsünlər.

Xəyalınızdakı karyera planının hansı səviyyəsindəsiniz?

-Peşəkarlıq daha önəmlidir, nəinki, karyera. Axmaq da karyera qura bilər.

İlk aktyorluq təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

-Anladım ki, bu sənət üçün doğulmuşam. Başqalarının problemlərini özümünküləşdirmək bacarığının olmasını və mübarizliyimi formalaşdırdı.

“Zaurla Günaydın” verilişində xalq mahnısı ifa etmişdiniz. Nə vaxtsa bu sahəyə marağınız olub?

-Uşaqlıqda olub. İndi də hərdən həvəskar kimi ifa edirəm.

Bilirik ki, neçə ildir aktyorluq təcrübəniz var. Peşəkar aktyor kimi bir seriala başlayanda həyəcan və narahatlıq hisslərini hansı hisslərlə əvəz etmisiniz?

-Sevgi hissi ilə.

Televiziyanın əsas funksiyaları olan bilgiləndirmək və əyləndirməyi artıq multimedia əvəz edir. Elədirsə, sizin hələ də televiziya verilişi aparmağınıza səbəb nədir?

-Bu tip verilişlər olmadan televiziya maraqsız olar.

Özünüzə rəqib bildiyiniz aparıcı, aktyor varmı?

-Bütün peşəkar şou-aparıcı və aktyorları özümə rəqib bilirəm. Peşəkar ha!

Hazırda televiziya kanallarımızın vəziyyəti sizə qane edirmi?

-Televiziyadakı təsadüfi insanları çıxmaq şərti ilə edir. Yəni, çörəyi ver çörəkçiyə.

“Teletime”, “Milyonçu” kimi intellektual verilişlərin aparıcısı olmusunuz. Yenidən intellektual verilişlərə üz tutmaq fikriniz var?

-Əgər, kanallar üz tutmaq fikrində olsalar.

“Lider”, “Xəzər”, “ATV”-də verilişlər təqdim etmisiniz. Yerli kanalların bir-birindən fərqi nədir və bu kanallar arasında ən doğma hansını hesab edirsiniz?

-Fərqi yoxdur, yaxşı kanal olmur, yaxşı veriliş olur. İşlədiyim hər bir kanal mənim üçün doğma olub, amma mənim ilk işlədiyim ABA və məni populyar edən Lider TV olduğu üçün bunlar mənə daha doğmadır.

Sonda, karantin dövründə vaxtınızı necə dəyərləndirirsiniz?

-Evdə idman edirəm, filmlər, tamaşalar, seriallar izləyirəm.

Paylaş
Şərh əlavə et