Bu gün:

"Ailəm mühafizəkar olduğu üçün icazə vermirdilər"


24Media-nın növbəti müsahibi səyahətlə bağlı olan  “Uzaq sahillərdə” layihəsinin rəhbəri, 26 yaşlı bloger Jalə Ələkbərovadır.



“Uzaq sahillərdə” layihəsini yaratmaqda məqsədiniz nədir?

Səyahətə 2012-ci ildən başlamışam. Layihəyə başlayarkən Bolqarıstanda yaşayırdım. Hər zaman sərfəli səyahətlə bağlı məlumatları ingilis və rus dillərində əldə edirdim. Bu məni çox düşündürürdü ki, mən niyə Azərbaycan dilində bir kontent yaratmayım ki?!

Gənclər əksər hallarda səyahətlərdən çəkinirlər. Düşünürlər ki, səyahət üçün çox pul lazımdır. Mən isə Bolqarıstanda olduğum müddətdə iki dəfə uzunmüddətli səyahətə çıxmışdım. Hər biri 12 gün idi və həmin günlər ərzində 5 ölkəyə getmişdik. Bolqarıstandan Belçikaya, sonra Hollandiya, Venesiya, Milan və Mərakeşə getdik və orada 3 şəhər gəzdik. Daha sonra Milana, oradan da Bolqarıstana - Sofiyaya qayıtdıq. Bütün bu səyahətimə təxminən 800 manat xərcləmişdim. Bununla da, sərfəli səyahət etməyin yollarını öyrəndim və düşündüm ki, bunu niyə  paylaşmayım, layihəyə çevirməyim ki?

Bloqumun məqsədi bu kimi imkanlardan bəhs etmək, səyahət etmək üçün çox maddi vəsaitə ehtiyac olmadığını göstərməkdir. Ümumiyyətlə, səyahət təkcə Kolizeyin qarşısında şəkil çəkdirmək demək deyil. Səyahət yeni insanlarla tanış olmaq, yeni mədəniyyətlər kəşf etməkdir. Səyahət etdiyin ölkədə seminarlara getmək daha gözəldir, çünki gedib yeni biliklər əldə edərək, ölkələri kəşf etmək imkanları yaradır. Mən də bilavasitə profilim üzərindən bunları paylaşıram.

Səyahət etməyə marağınız nə vaxtdan yaranıb?

- Səyahət etməyə marağım hər zaman var idi. Təəssüf ki, ailəm səyahətsevər deyildi. Ailəmlə cəmi 2 dəfə səyahət etmişəm. Biri İstanbul, digəri isə Gürcüstana idi. Ailəmdən fərqli olaraq, səyahət etməyə çox böyüm marağım vardı. Bu səbəbdən 2010-2012-ci illərdən müxtəlif qeyri-hökumət təşkilatlarında çalışdım. Avropa Tələbələr Fondu Bakı İctimai Birliyində fəaliyyət göstərir, eyni zamanda Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzində çalışırdım. Orada xarici könüllülərlə də tanış olurdum. Ən əsası könüllülük prinsipləri, tədbirlər barədə məlumat əldə edirdim.
Ailəm mühafizəkar olduğu üçün tək səyahət etməyimə icazə vermirdilər. Birtəhər 2012-ci ildə icazə aldım və dostlarımla birlikdə Tiflisə səyahət etdik. Bu mənim ilk səyahətim oldu. Daha sonra isə davamı gəldi. İldə 4-5 dəfə müxtəlif layihələrə getməyə başladım.

Səyahətə böyük məbləğdə pul xərcləməmək üçün tövsiyələriniz nədir?

-Səyahət üçün böyük məbləğdə pul xərcləməyin əleyhinəyəm. Mən 4 ildir öz təcrübəmə əsaslanaraq insanlara göstərmək istəyirəm ki, istədiyiniz təqdirdə sərfəli səyahət edə bilərsiniz.

Mənim son səyahətim İordaniyaya idi. Viza xərclərini, orada maşın kirayələməyimi və qalmaq xərclərimi nəzərə alsaq, cəmi 900 manat pul xərcləmişdik və  nəzərə alın ki, 3 nəfər idik. Hər zaman sərfəli qiymətə səyahət etməyə çalışıram və bunu da "İnstagram" və "YouTube" vasitəsilə izləyicilərimlə bölüşürəm.

Əksər xanımlar tək səyahətdən ehtiyat edir, hətta qorxurlar. Başlanğıcda sizdə də belə hisslər olubmu?

-Mənə görə hər bir şəxs həyatında azı bir dəfə də olsa tək səyahətə çıxmalıdır. Tək səyahət etmək ünsiyyət qabiliyyətimizi, xasiyyətimizdə olan müəyyən nüansları kəşf etməyimizə imkan yaradır, mütaliə etmək imkanı verir və komplekslərimizdən azad olmağımıza kömək edir.

Mən də ilk dəfə tək səyahət edərkən tərəddüd edirdim. İlk dəfə Makedoniyaya gedərkən mənimlə səyahət edəcək adam yox idi. Getməzdən öncə özümə bir tanış tapdım. O isə səyahətimə maraq qatmaq əvəzinə problemlər yaratdı. Səyahətdən sonra söz verdim ki, əgər yaxşı yol yoldaşım yoxdursa, səyahətə tək çıxacam. Tək səyahət edərkən, əlbəttə, ehtiyatlı olmaq lazımdır. Mən də bütün təhlükəsizlik qaydalarına əməl etdiyimə görə, indiyə kimi problem yaşamamışam.

Səyahət sizin üçün bir hobbidir, yoxsa gəlir mənbəyi?

-Mən səyahət blogeri olduğum üçün səyahət etmirəm, səyahət etdiyim üçüm səyahət blogeriyəm. Blogerlik fəaliyyətimdən çox cüzi miqdarda gəlir əldə edirəm ki, bu digər blogerlərlə müqayisədə nəzərə alına bilməz. Ümumiyyətlə, səyahət mənim hobbimdir.

Səyahətlərinizin sizin düşüncə tərzinizi nə dərəcədə dəyişib?

-Əlbəttə, inanılmaz dərəcədə dəyişmişəm və mən buna görə çox şadam. Hər qarşılaşdığım insana, situasiyaya çox minnətdaram ki, məni indiki Jaləyə çeviriblər. Bu dəyişimlər müsbət yöndədir; həyata baxışım dəyişib, dünyagörüşüm artıb.

Koronavirus pandemiyasının meydana çıxması ilə səyahətlər təxirə salındı. Sizin kimi gəzməyi sevən bir xanım üçün karantin günləri necə keçir?

- Əvvəlcə çox pis başlamışdı, çünki avqust ayına qədər səyahətlərim var idi və onlar təxirə düşdü. Daha sonra isə müsbət cəhətlərini gördüm. Çox intensiv həyat tərzim var idi və yorulmuşdum. Bu dövrdə həm də özümə vaxt ayırdım. Karantində çoxdan etməyi istədiyim şeyləri etdim; sağlam qidalanmağa, mütaliə etməyə, idman etməyə başladım.

Paylaş
Şərh əlavə et