Bu gün:

“İki söz əzbərləyib efirə çıxanlar özlərinə aparıcı deyirlər”


Müsahibimiz “Lider” televiziyasında aparıcı kimi çalışmış Könül Muxtarovadır. 16 yaşından televiziyada fəaliyyət göstərən Könül xanım təcrübəsi, çətinliklərə qarşı duruşu, ümumiyyətlə həyata baxışı ilə bağlı bir sıra suallarımızı cavablandırdı:


Nəyə görə məhz teleaparıcı olmaq istədiniz ?

- Doğrusu, bu sənəti arzu etməmişəm, hər şey təsadüf nəticəsində baş verib. Televiziyada yayımlanan yarışma verilişinə qatıldıqdan sonra oradakı kollektivi, iş qrafikini və ab-havanı bəyəndim. Karyeram belə başladı.

Sizcə, canlı efir və maqazin verilişi təqdim etmək arasında hansı fərqlər var?

- Fərqlər çoxdur. İlk növbədə canlı efir aparıcılığı böyük məsuliyyət tələb edir, düşünürəm ki, buna hər kəsin gücü çatmaz. Canlı efirdə hər an gözlənilməz nə isə baş verə bilər, bu zaman çıxış yolu tapmaq lazımdır. Maqazin verilişinin çəkilişi zamanı kadrları kəsmək və ya yenidən çəkmək mümkündür.

Mən canlı efiri daha çox sevirəm. “Lider” televiziyasına qədər ATV, Xəzər, AzTv-də fəaliyyət göstərmişəm. Orada işləyərkən insanlar məni o qədər də yaxşı tanımırdılar. “Lider” televiziyasında “Səda səhər” canlı proqramını təqdim etdikdən sonra tamaşaçıların mənə olan sevgisi artmağa başladı. Bundan sonra qərara gəldim ki, canlı efir aparmağı bacarırsansa, tamaşaçı səni olduğun kimi qəbul edəcək. Gerisi sizin əlinizdədir. Bacarırsansa, özünü sevdir, bacarmırsansa, nifrət qazan.

Müsahibələrinizin birində Lider TV-nin ikinci eviniz olduğunu bildirmisiniz. Nəyə görə belə düşünürsünüz?

- Mən deyərdim ki, “Lider” mənim ikinci yox, birinci evimdir. Ötən ilin sentyabr ayına qədər həftənin yeddi günü üç saat canlı efirdə aparıcılıq edirdim. Efirdən əvvəl iki saatlıq qrim prosesi, geyim seçimi, efirdən sonrakı iclaslar da daxil olmaqla hər gün altı-yeddi saat vaxtım işdə keçirdi. Evə isə ancaq yatıb dincəlmək üçün gedirdim. Bu kanal mənə doğmadır. Mən bunu hər verilişdə tamaşaçılara xatırladıram: “doğma kanalın doğma tamaşaçıları!” Hara getsəm də, axır-əvvəl Lider TV-ə geri dönəcəyəm.

Aparıcıların efirlərdə bəzən etik olmayan davranışlarının şahidi oluruq. Bu haqda nə düşünürsünüz?

- Düşünürəm ki, yanlış həmin aparıcılarda yox, onlara bu şəraiti yaradan tamaşaçılardadır. İnsan reytinq xatirinə öz abır-həyasını itirə bilməz. Efirə elə geyinib çıxırlar ki, tamaşaçı onların danışığına yox, geyiminə baxır. Dünən iki söz əzbərləyib efirə çıxanlar özlərinə aparıcı deyirlər. Bəs peşəkar aparıcılarımız nə etsinlər? Bu insanlara aparıcı demək yanlışdır. Belə etsək, bütün aparıcılar “ələkdən keçər” və təkcə peşəkar olanlar qalar.

Heç olubmu ki, aparıcısı olduğunuz verilişə münasibətinizin pis olduğu biri dəvət edilsin?

- Olub. Hətta o insan mənim keçmiş həyat yoldaşım idi. “İbad” filmində baş rolda çəkilmişdi və Lider TV filmin təqdimatından öncə filmin aktyor heyətini qonaq qismində dəvət etmişdi. Departament direktoru Lamiyə xanım mənə əgər bundan narahatlıq duyuramsa, efirə başqa adamın çıxa biləcəyinin mümkün olduğunu bildirdi. Təklifini qəbul etmədim, məncə, bunu etmək qeyri-peşəkarlıq olardı.

Qarşımdakı insanın kimliyi mənim üçün fərq etmir. Əgər o, efirə çıxmağa layiq insandırsa, mən onu eynilə öz evimə gələn qonaq kimi qarşılamalıyam. İlk iki-üç sualda onun üzünə baxmırdım. Ən maraqlısı da odur ki, həmin filmin çəkilişi zamanı bizim ailə həyatımız davam edirdi, yəni kadr arxasında baş verənlərdən xəbərdar idim. Efir bitdikdən sonra hər kəs kimi ona da təşəkkürümü bildirdim. Bütün efirləri idarə etdiyim kimi, bunun da öhdəsindən gəlməyi bacarmışdım.  

Sosial şəbəkələrdə xarici görünüşünüzü tez-tez dəyişməniz barədə yazılır, bəzən iradlar bildirilir. Buna necə reaksiya verirsiniz?

- Məncə, bu, sevindirici haldır. Kiməsə haqqımda “heç nə yazmayın” deyə bilmərəm. Səhv bir hərəkət etməmişəm ki?! Obrazımda dəyişiklik var, onu yazıblar.

Elə bir dövrdəyik ki, bəzi məşhurlar bir çox saytlara, portallara ödəniş edərək özləri haqqında yazmağı tapşırırlar. Mən həmişə zarafatla deyirəm ki, minnətim olsun ki, məndən yazırlar. Kiminsə ödəniş etdiyi bir şeylə mən təmənnasız qarşılaşıramsa, nə xoş mənə!

Yerli telekanallar ilə xaricilər arasında hansı fərqləri müşahidə etmisiniz?

- Fərqlər çoxdur. Texnika, peşəkarlıq, mövzular, müzakirələr, tamaşaçı… Yerli kanallarımızda eyni tamaşaçını bütün verilişlərdə görürük. Xaricdə isə tamaşaçılar qonaq üçün sanki ürəyini verir. Onu elə həvəslə alqışlayırlar ki, aparıcı da həvəslənir. Bizim kanallarda kənardakı prodüser əl çalmasa, tamaşaçı da əl çalmaz.

Sizi bu həyatda nə xoşbəxt edir?

- İnci kimi bir övladımın olması… Mənim onun üçün çəkdiyim əziyyəti onun mənə təhsildə göstərdiyi fəallıq ilə geri qaytarması…

Yuxusuz gecələr, ac qaldığım zamanlar, ağladığım, sızladığım günlər çox olub. Mən Könül Muxtarovayam, mən aparıcıyam, lakin öz kefim istəyir deyə efirə çıxmıram. Təbii ki, öz peşəmi sevirəm. Lakin efirə qızım üçün lazım olan maddiyyatı düşünüb çıxıram. Mən təkcə onun üçün bu qədər çox çalışıram. Şükürlər olsun ki, çirkabların olduğu bir dönəmdə mənə heç kəs deyə bilməz ki, mən Könülə bu pillədən o pilləyə çıxmağa kömək etmişəm. Həm maddi, həm də mənəvi cəhətdən... Bu gün də mən qızıma, ailəmə, əzizlərimə bir manatı belə kiminsə sayəsində yedirmirəm. Təkbaşıma, arxasız-dayaqsız öz ayaqlarım üzərində dayanıram. Qazandığım peşəkarlığı da heç kim əlimdən ala bilməz, çünki bunu kiminsə köməyi ilə qazanmamışam.

Özünüzü üç sözlə ifadə etməyini istərdik…

- İlk sözüm, yəqin ki, sevgi doludur. Məncə, sevgisiz insan yoxdur, bütün həyatımız sevgi üzərinə qurulub. İkincisi isə dürüstlükdür. Həyatda ən böyük məqsədim dürüst olmaqdır. Üçüncü sözüm isə əzmkarlıqdır. Qadın mütləq əzmkar olmalıdır. Çox sınaqlardan keçsək də, çox yıxılsaq da, əzmkarlığımız sayəsində istədiyimiz pilləyə çata bilərik.

Sonda oxucularımıza nə demək istərdiniz?

- İradəli və əzmkar olun, nə istədiyinizi bilin, inanın. Heç nədən qorxmayın və kimliyinizdən asılı olmayaraq, dürüst olun.

Paylaş
Şərh əlavə et