24media.az-ın budəfəki müsahibi təlimçi, mentor, şəxsi inkişaf və dəyişim mərkəzi "Selfhealingcenter"in rəhbəri Səbinə İbrahimlidir.
Müsahibə ərzində Səbinə İbrahimli ilə daxili potensiallarımızı necə kəşf edə bilərik, niyə mükəmməl olmağa çalışırıq, duyğularımız, düşüncələrimiz, hədəflərimiz, qorxularımız, pulla bağlı qəlibləşmiş fikirlər haqqında danışacağıq.

Səbinə İbrahimli qeyd edib ki, potensiallarımız iki cür olur:
1. Gözlə görünən - ana bətnindən gətirdiyimiz potensiallarımız;
2. Gözlə görünməyən, kəşf olunmasını gözləyən potensiallarmız.
"Biz potensiallarımız ilə birgə doğuluruq. Potensiallarımızın birinci gizləndiyi yer uşaqlığımızdır. Əslində, gizli deyil. Sadəcə biz bilmirik ki, hara baxaq?! Bəzi potensiallarımız var ki, biz onları görmürük. Lakin ətrafımızdakılar onları görür".
Mentor uşaqlıqda eşitdiyimiz sözlərə diqqət verməli olduğumuzu qeyd edib: "Uşaq vaxtı ətrafınızdakı insanlar sizə “Bu səndə necə gözəl alınır. Başın nə yaxşı işləyir. İnsanları bir araya toplaya bilirsən”, bu tipli cümlələri, yəqin ki, deyiblər. İnsanların sizin haqqınızda dediyi yaxşı sözlərə fikir verin. Onlar sizdə nə isə görürlər ki, bunu dilə gətirirlər. Düzdür, cəmiyyətimizdə bəzi insanlar mənfimizə köklənirlər, qınayırlar. Amma əmin olun ki, sizi təqdir edəcək insanlar da var. Heç bir şey təsadüf deyil. Heç bir yerdə təsadüfən olmursunuz. Ətrafınızda olan insanlar, mühit sizin həyatınıza təsir edir. Fərqli mühitlərdə olun. Hər gün eyni yerdə olsanız, eyni insanlarla danışsanız, eyni fikirləri düşünsəniz sizin həyatınız dəyişə bilməz. Mühitinizi, davranışlarınızı dəyişməlisiniz".
“Həyat siz ona addım atanda sizə yaxınlaşır!”
O bildirib ki, bəzən bəzi potensiallarımızdan xəbərimiz belə olmur: "Onlarla tanış olmaq üçün sadəcə hərəkətə keçməyimiz lazımdır. Həyatınızda heç vaxt etmədiyiniz şeyləri edin. Məsələn at çapmaq, üzgüçülüklə məşğul olmaq, rəsm dərnəyinə getmək, rəqs etmək və s. Daxilinizdə inanılmaz bir güc var. Sadəcə gözləyir ki, siz onu kəşf edəsiniz. Addım atmaq bizim iradəmizdən, şüurumuzdan asılıdır".
“İrəli getməkmi istəyirsiniz? O zaman öz qarşınızdan çəkilin”.
"Bütün maneələr sizin beyninizdədir" sözünü tez-tez eşidirik. Səbinə İbrahimli elə məhz bu mövzuya da toxunub: "Fikriniz məhz uğurda olsa, maneləri dəf edərsiniz. Ronaldonun uğurunun sirri fikrinin yalnız topda olmasıdır. Həyatda hər an şüuraltımızın məhsulunu "dəririk", orada nə varsa, onu yaşayırıq. Hamımızın içində mücərrəd qorxularımız var. O qorxular həyatda yoxdur. Gözlə görünməyən qorxulardan niyə qorxmayılıq?!".
“Xoşbəxtlik çatacağımız hədəfdə deyil. Hədəfə gedən yoldadır”.
Təlimçi həyatda istədiklərimizin arxasınca getməyi tövsiyə edib: "Beynimiz yükdən qaçır. Öncə hədəfimizə gedən yol çox uzun görünür. Heç bir ağac birdən-birə boy atıb, bar vermir. Bunun üçün çox vaxt lazımdır. Bəzi insanlar tez bir zamanda uğura çatmaq istəyir. Daxili səsinizi dinləsəniz, uğura çatacaqsınız. Bütün suallarımızın cavabı hər zaman daxilimizdədir, ona görə də daxili səsimizi dinləmək bu qədər önəmlidir. Hər gün gülə su verdikdə canlanır, böyüyür. Su vermədikcə tədricən solur. İnsan da belədir. Sola bilər. Amma onun içində həmişə yenidən böyümək istəyi var. Özünüzə necə baxsanız, qulluq etsəniz, onun meyvəsini dərib yeyəcəksiniz".
“Ən mükəmməl halımızı arzulayıb, olduğumuz halımızdan imtina etsək, demək, özümüzdən imtina edirik”.
Təlimçi eyni zamanda mükəmməlliyətçiliyin neqativ təsirindən danışıb: "Etdiyimiz işdə maksimum yaxşı olmaq istəyi bizi yorar, bizi uğursuzluğa aparar. Bəzən özümüzü olduğumuz kimi, ən sadə halımızla qəbul etməyi öyrənməliyik. Yəni mən bu an kiməmsə, bu, mənim ən dəyərli halımdır. Özümüzü qəbul edərək inkişaf etməliyik. Siz özünüzü rədd etdikcə cəmiyyət sizi necə qəbul edə bilər?!".
Son zamanlar özünə qayğı və sevgi mövzusu sosial media daxil olmaqla eyni zamanda bir çox kommunikasiya kanallarında müzakirə edilən mövzulardan biridir. Müsahibimiz qeyd edir ki, əvvəlcə, içimdəki "mən"i qucaqlayıb, özümü təqdir etməyi öyrənməliyik: "Uğuru qarşınızda aşılmayacaq dağ kimi görməyin. Hər an uğurlu olduğunuzu hiss edərək onu yarada bilərsiniz. Sevdiyiniz işi edərkən yaşadığınız hiss sizi həyata bağlayan, yaşamağa sövq edən duyğudur. Siz bunu edəndə elə dərin bir həzz duyğusu yaşayırsınız ki, qəlbiniz genişlənir. Bəsit kimi görünən hadisələrin altında bizim nə qədər duyğularımız yatır".
O bildirib ki, duyğularımızın titrəşimləri var: "Yəni Kvant fizikası sübut edir ki, biz nəyi hiss ediriksə, onu özümüzə doğru çəkirik. Bu titrəşimlər herslərlə ölçülür. Aşağı hersdə olan duyğularımız da var. Məsələn günahlandırma, qəzəb. Qəzəb aktiv enerjidir. Ən aşağı enerji qurban psixologiyasıdır: “Mənim bəxtim gətirmir, onsuz da məndə alınmır, həmişə belə olub”. Özünü yazıq göstərmək: “Bilirsən mənim başıma nələr gəlib?". Əmin olun ki, hamının başına nələrsə gəlir. Uğursuzluğu az, ya da çox hamı dadır. İstər ailəsində, istərsə də rəfiqələri, dostları arasında, sosial mühitdə. Hər kəsin payına bu sadaladıqlarımdan düşür. Həyatı başa düşməyimiz üçün biz bu hisləri yaşamalıyıq. Mənfi duyğularda ilişib qalanda bütün enerjimiz aşağı düşür və bu titrəşimdə olan hadisələri, insanları ətrafımıza çəkirik. Nəticədə şikayətimiz bir az daha artır. Deyir ki: “Baxın düz deyirdim, mənim heç vaxt bəxtim gətirməyib". Əlbəttə, gətirməyəcək. Nəyə inanırıqsa, o da özünü doğruldur, yaradır. Amma içimizdə pozitivlik yaratdıqda enerjimiz yüksəlir".
Son olaraq, müsahibimiz cavablarını bu sözlərlə nöqtələyib: "Özünüzün, həyatınızın, gəncliyinizin dəyərini bilin. Hər şey daxilinizdədir. Bəhanələri, şikayətləri kənara qoyub, problemlərə, maneələrə fikrinizi cəmləşdirmədən yolunuza davam edin. İstəyin və inamın güclü olduğu yerdə əldə edilməyəcək heç bir uğur yoxdur".
Nuran Əhmədzadə
