Bu gün:

"Buna buraxılış imtahanı adı vermək düzgün deyil"


24Media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki qonağı təhsil eksperti Cahid İmanlıdır. O, hazırda ölkəmizdə 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanının  mart-aprel aylarında keçirilməsinin abituriyentlərə təsiri haqqında danışıb. 

Buraxılış imtahanlarının mart-aprel aylarında keçirilməsi abituriyentlərə necə təsir edir?

– Təhsil sistemimizdə tətbiq edilən kurikulum proqramında məktəbdaxili qiymətləndirmənin xüsusiyyətinə görə, qiymətləndirmə əsasən hər hansı bir bölmənin sonunda və ya yarımilin və ilin sonunda aparılır. Yəni məktəb olaraq 9 və 11-ci siniflərdə biz müəllimlər yekun qiymətləndirməni tədris ilinin ən sonuncu günləri aparırıq. Bu qiymətləndirmədən sonra məhz şagirdlər tətilə buraxılır və ya ümumiyyətlə məktəbdən buraxılırlar. Buraxılış imtahanı sözü də, məncə, məhz bu məfhumu bildirməlidir. Şagird buraxılış imtahanını verdikdən sonra yenidən məktəbdə tədrisini davam etdirirsə, buna buraxılış imtahanı adı vermək düzgün deyil. Hansı ki nəzərinizə bir də çatdırıram ki, bu imtahanlar 9 aylıq tədris ilinin bitməsinə 3 ayı və ya belə desək, üçdə biri qalmış keçirilir. Buraxılış imtahanlarının tədris ilinin bitməsinə 3 ay qalmış keçirilməsinin zəruriliyi nədədir? Dövlət İmtahan Mərkəzinin əsaslandırılmış cavab verməsinə baxmayaraq, qəti və birmənalı olaraq deyirəm: "Cənablar, bu addımla siz məktəblərdə praktiki olaraq təhsil sistemini pozursunuz. Həm də bütün parametrlərdə – müəllim-şagird münasibətlərində, davamiyyətdə, məktəbin idarə edilməsində, şagirdlərin psixoloji durumunda – bir sözlə, pedaqoji prosesin bütün mərhələlərində. Ola bilsin, DİM-in cavabı nəzəri olaraq qaneedici olsun, amma mən bir daha vurğulayıram, bu qərarın faktiki, praktiki nəticələri normal təhsil prosesinə mane olan ən böyük amillərdənir".

Nuray Mürsəlova












 

Paylaş
Şərh əlavə et