Bu gün:

2-3 yaşlı uşaqların psixologiyası necə olur?


Körpəlikdən uşaqlığa keçid dövrüdür. Artıq yeriməyə, danışmağa başlayan uşaq passivlikdən, asılılıqdan xilas olmaq istəyir. Hər şeyi araşdırıb toxunmağa başlayanda məhdudiyyətlərlə qarşılaşır. Lakin o, məyusluğa qarşı çıxır, itaətsiz, inadkar və qəzəbli olur. Özünü yerə atır, təpikləyir, başını divarlara çırpır. Beləliklə, ana ilə uşaq arasında münaqişə başlayır. Uşaq müstəqil olmağa çalışarkən buna tam nail olmayacağını da anlayır. Onun, hələ də, anasının köməyinə ehtiyacı var. Bu səbəbdən, təslim olmaq və üsyan arasında "gedib-gəlir".  

Anaya müqavimət göstərən uşaqlar gələcəkdə inadkar şəxsiyyətlər olurlar. Bəzən uşaqlar böyüməkdən imtina edirlər. 

2-3 yaşlarında da qidalanma ilə bağlı ana ilə münaqişə davam edir. Bizim cəmiyyətdə yeməkdə israr ənənəsi var. Qonaqları yaxşı qarşılamağın yollarından biri gözəl təamlarla zəngin süfrə açmaqdır. Bunu uşaqlarımıza da tətbiq edirik. Onu yaxşı qidalandırmaq onu sevdiyimizi, ona yaxşı baxdığımızı ifadə etmək üsuludur, bəlkə də, bu şəkildə özümüzü daha yaxşı hiss edirik, çünki borcumuzu yerinə yetirmiş hesab edirik. Amma müstəqil olmağa çalışan uşağı məcbur etmək ona müqavimət göstərməkdir.

 Uşaqlar yeməkdən imtina edə bilərlər. Bunu yeməkləri ağızlarında saxlayaraq və ya tüpürməklə edirlər. Vasvası analar uşaq yemək yeyərkən çölə töküləcəyindən qorxaraq, uşağın özü yeməsinə icazə verməz. Uşağa yeməklə tanış olmağa icazə vermək lazımdır.



 Bu dövrün ən böyük problemlərindən biri “yataq problemidir”. Gecələr yatmaq istəmirlər, çünki hamı hələ də əylənərkən niyə qaranlıq otağa girib əyləncəni əldən versinlər? Buna görə də, yuxu vaxtını əyləncəli etmək faydalıdır. 

2-3 yaş arası uşaq üçün tərəddüd və qərarsızlıq dövrüdür. Körpə və ya böyük uşaq olduğuna qərar verməyə çalışırlar. 


Uşaqlar hirslənəndə nə etməli? 

İnadkar olmayın, buna qalib gələcək və ya itiriləcək bir müharibə kimi baxmayın. Diqqətini yayındırır. Onunla mübahisə etməyin, səbirlə gözləyin ki, qəzəbi səngisin. Bu arada, diqqətinizi ona yönəltməyin. İstədiyini niyə etmədiyinizi izah edin.

"Bu indi baş verərsə, gələcəkdə nə olacaq!" 2 yaşlı uşağı belə qorxu ilə cəzalandırmayın. Unutmayın ki, bu yaşda duyğular çox dəyişkəndir. Bir anda ağlayırlar, bir anda susurlar. Onların diqqətini yayındırmaq çox asandır.

Bu dövr “sorğu dövrü”dür. "Bu nədir?" "niyə?" kimi tez-tez suallar verirlər. Onların suallarına yorulmadan cavab verməyə çalışmalısınız. Çox yorğun olduğunuz zaman səmimi şəkildə ifadə edə bilərsiniz: “İndi yoruldum. Suallarını sonra cavablandırmağa davam edəcəm. İndi bir az dincəlməyə ehtiyacım var". 

Qələmi tutarkən əl seçimini aydınlaşdırmağa başlayır, 4 yaşına qədər tamamlanır. Unutmayın ki, hər kəs sağ əllə yazmaq məcburiyyətində deyil. Sağ əldən istifadə etmək üçün təzyiq göstərməyin, çünki bu seçim psixoloji deyil, fiziolojidir.

3 yaşlı uşaq dağıtdıqdan sonra təmizləməyi və yığmağı sevir. Bu dövr məsuliyyət hissini öyrətmək üçün çox münasibdir. Ona kömək edərək dağıtdıqlarını yığışdırmağı xahiş edin. 

Xoşbəxtlik, qəzəb, kədər, qorxudakı dəyişikliklər idrak qabiliyyətinin inkişafını əks etdirir. Əvvəllər fərqinə varmadığı və ya dərk edə bilmədiyi vəziyyətləri indi təhlükə kimi başa düşür. 2-4 yaş arası uşaqlar qaranlıqdan, itlərdən, ilanlardan, mənbəyini bilmədiyi yüksək səslərdən qorxurlar. "Qorxmalı nə var!" demə. Bu onun duyğusunu qiymətləndirməmək, ona məhəl qoymamaq olur. Bunun əvəzinə “narahat olma, mən sənin yanındayam, səni qoruyacağam” deyə bilərsiniz. Hər şeyi qorxudan uzaq tutmaq uşağınızı qoruya bilməz. Əksinə, məlumat vermək lazımdır. Ancaq diqqətli olmalısınız: çox danışmaq da qorxunu gücləndirə bilər. "Qaçma, yıxılacaqsan!" Bu kimi daimi xəbərdarlıqlar bəzi uşaqları nahaq yerə qorxuda bilər və onları ruhdan sala bilər.

2 yaşlı uşaqlar oyunda əməkdaşlıq etmirlər. Onlar yan-yana, lakin bir-birindən asılı olmayaraq oynayırlar. Uşağınızı digər uşaqlarla bir araya gətirin, lakin birlikdə oynamağa və ya oyuncaqlarını paylaşmağa məcbur etməyin. Seçim verin: "Dostuna hansı oyuncaqla oynamağı icazə verərdin?"

Mənbə: Florence 

Tərcümə etdi: Nuran Əhmədzadə

Paylaş
Şərh əlavə et