Bu gün:

Liftlərin təhlükəsizliyi üçün hansı addımlar atılır?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhlükəsizlik üzrə ekspert Orxan Musayevdir. O, liftlərin təhlükəsizliyi barəsində danışıb.


Liftlərin təhlükəsizliyi üçün hansı addımlar atılır və vətəndaşlar mindikləri liftin təhlükəsizliyinə necə əmin ola bilər?

Liftlərlə bağlı məsələ çox həssas və önəmlidir. Ümumiyyətlə, liftlərlə bağlı ölkəmizdə Sovet dövründən qalmış qaydalar istifadə olunur. Düşünürəm ki, liftlərlə bağlı hər hansısa bir məsələyə toxunduqda bu qaydaların təkmilləşməsi ilə bağlı addımın atılmasını, xüsusilə, qeyd etmək lazımdır. Müasir standartlara, normalara, qaydalara və beynəlxalq təcrübəyə əsaslanmış qaydalar işlənməlidir. Yəni liftlərin təşkili, təhlükəsizliyi, istismarı ilə bağlı müasir tələblərə uyğun olan qaydalar işlənib, hazırlanmalıdır. Müasir dövrümüzdə hələ də Sovet dövründə qəbul edilmiş qaydalara istinad edərək bu məsələlər tənzimlənir. Yəni ildə bir dəfə Fövqəladə İşlər Nazirliyi tərəfindən liftlərin təhlükəsiz istismarına baxış keşirilir. Baş verən qəzaların, demək olar ki, səbəbi istismar müddəti bitmiş liftlərin istifadəsidir. Yaxud yeni liftlərdə baş verirsə, səbəbi vaxtında baxışdan keçirilməməsi və onlara texniki baxışların aparılmaması ilə əlaqədər olur. Bildiyimiz kimi istismar müddəti bitmiş liftlərin istifadəsi qadağandır.

Liftlər üzrə liftlərin təhlükəsiz istismarına məsul şəxslər təyin olunmalıdır. Bu məsul şəxslər texniki istismar işlərinə nəzarət etməlidirlər. Qəzalı liftlərin istismar edilməsini birbaşa olaraq binalarda MTK rəhbəri daşıyır. Liftlərin təmiri ilə əlaqədər xüsusi təlimat kitabçası olmalıdır və bu təmirlə əlaqədər qeydiyyatlar aparılmalıdır. Liftlər quraşdırılarkən texniki normalara və layihələrə uyğun quraşdırlılmalıdır. Bir çox hallarda liftlər sınaqdan keçirilmıdən quraşdırılır ki, bu da təhkükədən xəbər verir. Bütün standartlara cavab verən liftlərdə qaldırıcı tənzimlərdən əlavə tutucular quraşdırılır və bu tutucuların iş prinsipi odur ki, enmə surəti normaldan artıq olduqda tutucu işə düşür və kabinəni saxlayır. İldə bir dəfə aparılan yoxlamalar ciddi və düzgün qaydada təşkil olunmalıdır. Hər hansısa bir qəza təhlükəsi olduqda liftin istismarını məhdudlaşdırmaq lazımdır. Liftin daxilində davranış qaydaları ilə bağlı mütəmadi təbliğat və maarifləndirici işlərin aparılmasına ehtiyac var. Çünki əksər qəzaların səbəbi liftlərin normadan artıq yüklənməsinə görə baş verir. Liftin çəkisi müəyyənləşdirilir və daxilinə lövhə quraşdırılır bu haqda. Liftlər quraşdırılarkən daxildə güzgülərin yerləşdirilməsi vacibdir. Çünki bir çox hallarda liftin qapısı açılsa da liftin kabinəsi insanlar liftə daxil olarkən şaxtaya düşə bilərlər. Ona görə də mütləq liftlərdə güzgü olmalıdır ki, insanlar güzgüdə özlərini görüb liftə daxil olsunlar. Bütün təhlükəsizlik tədbirləri kompleks şəklində aparılmalıdır. Belə olduğu halda bədbəxt hadisələri minimum səviyyəyə endirmək mümkündür. 

Gülay Qəribova

Paylaş
Şərh əlavə et