Bu gün:

“Bu çirkablı aləmdə gül olaraq qalmaq çox çətindir” - Roza Zərgərli ilə MÜSAHİBƏ


24Media-nın növbəti müsahibi hər zaman atdığı addımlarla gündəmdə olan məşhur müğənni Roza Zərgərlidir.

Müğənni, rejissor, aparıcı, aktrisa kimi Azərbaycan şou-biznesində tanınmış sənətçilərdənsiniz, yazıçı olaraq da özünüzü sınamısınız və bizneslə məşğul olursunuz. Bəs özünüzü hansı sahədə daha uğurlu hesab edirsiniz?

- Bu gün "Analar günü"dür, mən də özümü ana kimi daha uğurlu hesab edirəm. Mənə elə gəlir ki, ən gözəl peşəm ana olmağımdır.

Sənətinizdən çox xeyriyyəçiliyinizlə gündəmdəsiniz, atdığınız bütün addımlar böyük müzakirələrə səbəb olur. Bir müğənni kimi sənətinizin arxa plana düşməsi sizi narahat etmir?

- Məncə, sənətim arxa plana düşmür. Gördüyüm işlər çoxdur. Onsuz da elə bir dönəmdə yaşayırıq ki, gördüyümüz işlərin hamısı sosial şəbəkədə əks olunur. İnsanlar bu işlərdən ən maraqlıları hansıdırsa, onu yadda saxlayırlar. İnsanlardan gördüyüm münasibətə əsasən deyə bilərəm ki, sənətim məndən ön plandadır. Xeyriyyəçiliyə qaldıqda isə, mən etdiklərimi xeyriyyəçilik saymıram. Bu sadəcə ürəyimin səsidir. Heç kimi özümdən aşağı görmək istəmirəm. İstəyirəm ki, bütün insanlar mənim qədər xoşbəxt olsun. Buna görə də kiminsə bir az zəif olduğunu görəndə onu öz olduğum pilləyə gətirməyə çalışıram.

Müsahibələrinizdən birində deyirsiniz: "Bu meşənin gülü elə özüməm!"  "Şirlərin", "əjdahaların" içərisində gül olmaq çətin deyil?

- Bu fikri "Sibir Çiçəyi" bioqrafik romanını yazdığım dönəmdə müsahibələrimdən birində söyləmişdim. Doğrudan da, bu çirkablı aləmdə gül olaraq qalmaq çox çətindir. Sözsüz ki, bunu məcazi mənada deyirəm. Bizim sahədə toxunulmaz qalmaq çox çətindir. İncəsənət aləmində heç kim deyə bilməz ki, heç zaman əzilməyib, pis qələmə verilməyib. Bu hamımızın başına gəlib.

Deyirsiniz ki, media sənətçinin yüngül tərəflərini göstərir. Azərbaycan mediasına münasibətiniz necədir, sizi qane edir?

- Azərbaycan mediası məni qane etmir. Mübarizə də apara bilmirəm. Çünki tək əldən səs çıxmaz. Amma media sahəsində qələmləri iti olan jurnalistlər də var. Bu jurnalistlər incəsənətdə gördüyümüz işlərin təbliğatı ilə məşğuldurlar. Küçədən gəlib jurnalist adını daşıyan jurnalistlər var ki, onlar yalnız bayağı işlər görürlər. Çünki onların bildikləri o qədərdir.

Qalmaqallara meyilli olmasanız da hər zaman qalmaqalın mərkəzi olursunuz, bu, nədən irəli gəlir?

- Hər zaman da deməzdim, amma 3-4 qalmaqalın içində olmuşam. Mən elə bir simayam ki, dediyim sözlər cəmiyyət içində müsbət qarşılanır. Gündəmə gəlmək istəyən, sözsüz ki, mənim vasitəmlə piar etməlidir. Amma mənimlə qalmaqal edənlərin reklamları zəifləyir. Onsuz da həmin insanlar qalmaqaldan başqa heç nə bacarmırlar.

Roza Zərgərlini gündəmdə saxlayan əsas amil nədir?

-Məni gündəmdə saxlayan amil, mənə elə gəlir ki, yaxşı insan olmağa çalışmağımdır. Yaxşı insan kimi hər zaman hər kəsin yanında olmaq istəyimdir. Sənətimi, qadın kimi zahiri görünüşümü qoyuram kənara, bir insan kimi cəmiyyət üçün çox maraqlıyam.

"Zəif nöqtəmi desəm, düşmənlərim bilib məni vurmaq istəyər",- deyirsiniz. Şou-biznes aləmində düşmənləriniz çoxdur?

- Düşmənim çox deyil. Sevmədiyim və münasibət saxlamadığım insanlar var ki, bu da normaldır. Hə, zəif nöqtəmi bilənlər olsa, ondan istifadə edərlər. Lakin mən zəif nöqtəmi heç kəsə bildirməməyin öhdəsindən gələ bilirəm.

Azərbaycanda şounu biznesə çevirib, pul qazanan, ümumiyyətlə, şou-biznes var?

- Azərbaycanda şou-biznes yoxdur. Azərbaycanda yalnız efir və toy biznesi var.

Ən çox haqsızlığa ağlayırmışsınız. Roza xanıma görə haqsızlıq anlayışı nədir?

- Əslində heç vaxt ağlamıram. Yalnız sevincimdən ağlaya bilərəm. Haqsızlığa qarşı isə mübarizə aparıram. Mənim üçün haqsızlıq kiminsə sənin ürəyindəkini bilmədən səni mühakimə etməsidir.

"Bakı vaxtı ilə" verilişinin aparıcısısınız. Verilişin tamaşaçı kütləsi sizi qane edir? Hazırda cəmiyyətin zövqü haqqında fikirləriniz necədir?

- 6 ildir ki, "Bakı vaxtı ilə" layihəsinin həm aparıcısı, həm də müəllifiyəm. Verilişin tamaşaçı kütləsi məni qane edir. Bu kütlə ziyalılardan, elmə yaxın olan təbəqədən və gələcəkdə böyük işlərə imza atacaq gənclərdən ibarətdir. Məni qane etməyən Azərbaycan teleməkanlarında olan reytinq prinsipidir.

Bilirik ki, siz əməliyyat olunduğunuz üçün karantin müddətində övladınız vasitəsi ilə 100-dən çox ailəyə yardımlar etdiniz. Karantin müddəti barədə oxucularımıza nə demək istəyərdiniz?

- Düzdür, əməliyyat olunduğum üçün xeyriyyəçilik işi ilə övladlarım məşğul oldu. Bunun təbliğatını etmədik. Onsuz da övladlarım bunu hər zaman edirlər. Övladlarımla birgə 7-8 imkanlı ailənin övladları var ki, onlar arasında belə bir tendensiya yaranıb - hər ay öz cib xərclikləri hesabına topladıqları pul ilə imkansız ailələrin evlərinə gedib, yardım edirlər. Karantin dövründə isə mənim hesabıma köməklik etdik.

Karantin ilə bağlı oxuculara demək istəyirəm ki, biz nə qədər bir olub, qoyulan qərarlara əməl etsək, normal həyatımıza bir o qədər tez zamanda dönə bilərik.

Müsahibə təklifimizi qəbul edib, suallara səmimi cavab verdiyiniz üçün təşəkkür edirəm.

- Bu suallara cavab vermək mənim üçün çox xoşdur. Karyeranın başlanğıcında müsahibə aldığın insanlardan biri olaraq belə gözəl suallara layiqincə cavab verdimsə nə xoş mənə.

Paylaş
Şərh əlavə et