Bu gün:

TikTok-un yaradıcısı kimdir?


Qısa müddətli video yaratma, paylaşma və canlı yayım anlayışı ilə adını bütün dünyaya duyuran bu tətbiqin əslində maraqlı bir quruluş hekayəsi var. Sosial medianı fırtına ilə ələ keçirən bu platforma 2016-cı ildə ByteDance şirkəti tərəfindən istifadəyə verilib.  ByteDance-ın yaradıcısı Çinli internet sahibkarı Zhang Yimingdir. Sahibkar həm də bu şirkətin baş direktoru kimi fəaliyyət göstərir.

1983-cü ildə anadan olan Zhang Yiming TikTok platformasının populyarlaşdırılmasında əsas aktyorlardan biridir. Sahibkar ByteDance şirkətini qurduqdan sonra Toutiao, TikTok, Flipchat, Vigo və BuzzVideo kimi böyük auditoriyaya çatan uğurlu layihələr ortaya çıxardı.

TikTok-un fonunda ByteDance haqqında bütün təfərrüatlar

Pekində yerləşən internet texnologiyaları şirkəti ByteDance 2012- ci ildə Zhang Yiming tərəfindən təsis edilib. Sahib olduğu tətbiqlərlə Çinin ən böyük şirkətlərindən biri olan ByteDance, 2018-ci ildən etibarən bütün məzmun platformalarında gündəlik 800 milyondan çox aktiv istifadəçiyə çatmağı bacardı.

ByteDance, inkişaf etdirdiyi tətbiqlərin populyarlığını artırdıqdan sonra investorların diqqət mərkəzində oldu. Bu yolla şirkət, 2021-ci ilə qədər bazar dəyərini 250 milyard dollara çatdıraraq Coca Cola kimi nəhəng şirkətləri belə geridə qoymağı bacardı.

Qısa müddətdə böyük artıma nail olan TikTok əslində ByteDance tərəfindən edilən bir sıra düzgün hərəkətlərin uğurlu nəticəsidir. Bir dövrə damğasını vuran Vine tətbiqi 2017-ci ildə bağlanmağa qərar verdikdən sonra istifadəçilərdə qısa müddətli video anlayışına qarşı şübhə və boşluq yaranmışdı. O dövrdə Vine-a ən yaxın platformalardan biri olaraq yavaş-yavaş eşitməyə başladığımız TikTok bu boşluğu dolduracaq bir tətbiq olaraq ortaya çıxdı.

TikTok əslində 2016-cı ilin sentyabrında ByteDance tərəfindən Douyin adı ilə Çində istifadəyə verildi. Şirkət daha sonra beynəlxalq bazara uyğun olması üçün 2017-ci ilin sonunda tətbiqin adını TikTok olaraq dəyişdirdi. Bu məşhur TikTok tətbiqi üçün əla başlanğıc idi.

TikTok əvvəlcə böyük auditoriyaya müraciət edə bilmədi. Buna səbəb 2014-cü ildə buraxılmış Musical.ly tətbiqi idi. Bu platforma o dövrdə ciddi uğur qazandı və TikTok kimi tətbiqlərin yaranmasına səbəb oldu. Buna görə Musical.ly TikTokun əcdadı hesab olunur. Bu zaman TikTok-un sahibi ByteDance mühüm addım ataraq Musical.ly tətbiqini 800 milyon dollara satın aldı.

Mənbə: shiftdelete.net

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et