Bu gün:

"Hamıda narsistlik xüsusiyyətləri var və olmalıdır"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi psixoloq Əfsanə Rüstəmovadır. O, narsizmdən danışıb. 

-Narsizm psixoloji pozuntudursa, narsistlər dəyişə bilərmi?

Narsizm bir şəxsin ifrat dərəcədə özünü sevməsidir. İnsanların daha yaxşı anlaması üçün bunu özünü bəyənməyin ən yüksək həddi kimi də adlandıra bilərik. Əslində hamıda narsistliyin özəllikləri var və olmalıdır. Hər birimiz özümüzü sevməli, dəyər verməli, yüksək xüsusiyyətlərimizi cəmiyyətə təqdim edə bilməliyik. Amma dahi Nizami Gəncəvinin dediyi kimi, bir inci saflığı varsa suda, artıq içiləndə dərd verir o da. Bu konteksdən yola çıxaraq deyə bilərik ki, narsistliyin insana zərər verəcək həddə gəlib çatması psixoloji simptomun, narsistlik şəxsiyyət pozuntusunun təməlini qoyur. Belə halda bu insanların ən böyük yoxsulluğu empatiya hissinin olmamasıdır. Narsist şəxsiyyət pozuntusuna sahib insanların öz uğurlarını yüksək həddə tərifləmə, öymə, başqalarının uğurlarını isə görməmək, kiçiltmək kimi xarakterik özəllikləri vardır. Adətən narsistliyin özəllikləriylə narsist şəxsiyyət pozutusu qarışdırılır. Bir insanın narsist olması üçün sadəcə özünü sevməsi kifayət deyil. Psixologiya burda bir məhdudlandırma edir. Deyir ki, özünü sevmə onun həyat fəaliyyətinə zərər verəcək qədərdisə bu psixoloji simptom olan narsistlik şəxsiyyət pozuntusa aid edilə bilər. Ümumiyyətlə, son 40 ildə kifayət qədər araşdırılma aparılmasına baxmayaraq hələ də çox qarışdırılan mövzudur. Biz buna özünü sevmənin yumşaq halı kimi baxmamalıyıq, çünki bu, nevroza, psixoza gətirəcək qədər psixatrik xəstəliklərin təməlini qoyacaq qədər güclü simptomdur. Təcrübə belə görünür ki, narsistlərin özlərinin psixoloqa gəlməsi çox da müşahidə olunan deyil. Amma əlbəttə ki, bir müddət sonra özləri də fərqinə varır ki, nəsə yolunda getmir. Yolunda getməyən proses isə sosial izolyasiyanın olmaması və cəmiyyət tərəfindən xaric edilməkdir. Bu da narsistləri psixoloqa getməyə məcbur edə bilər, qalan heç bir halda onlar özləri “xətalı, problemli” görmürlər. Çünki narsistlər ən yaxşını özləri bildikləri düşüncə ilə başqalarına müraciət etmək davranışına sahib deyillər. Narsist insanların münasibət şəkli “ağa və nökər” prinsipinə əsaslanır və onlar “ağa” olmaq iddiasındadırlar. Psixoloji seans zamanı da gerçək sübutlar vasitəsi ilə, həqiqətə söykənən arqumentlərlə biz onlara həmişə “hə” deyil, “yox” deməyi də bacarmalıyıq. Yalnız bu münasibətdən sonra narsist insan bizi dinləyə bilər. Digər hallarda onların insanlara yaxınlaşması onlara tabe olan nökər, kölə kimi icraçı funksiyalı insanlardır. Çevrəmizdəki insanların bu cür özəlliklərini görəndə biz onlara öz şəxsiyyət tipimizlə reaksiya versək onlar bizə nökər kimi deyil, həmsöhbətləri kimi baxa bilərlər. 

Hazırladı: Gülnisə Əfkari

Paylaş