Bu gün:

"İnsanların səyahət etməsi zərurət halına çevrilib"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı turizm üzrə ekspert Ceyhun Aşurovdur. O, ölkəmizə gələn turistlərin sayı barəsində danışıb. 


Ölkəmizə gələn turistlərin sayını artırmaq üçün hansı addımlar atılmalıdır? 

Dünyada, ümumiyyətlə, Covid-19dan sonra turizm bazarının bərpa olunma prosesi gedir, keçən il dünyada demək olar ki, turizm fəaliyyəti gələn turistlərin sayına görə təxminən 95% bərpa olundu və güman olunur ki, 2024-cü ildə sabit şərtlər olarsa, artıq Coviddən öncəki göstəricilərin də üzərinə çıxa bilər. Ümumiyyətlə, dünyada insanların səyahət etməsi, istirahət etməsi artıq bir zərurət halına çevrilib. Azərbaycan bunun üçün nə edə bilər? Artan bu səyahətçi sayından özünə də pay götürə bilər. İlk növbədə baxmaq lazımdır ki, dünya turisti hansı ölkələrə gedir, hansı ölkələri seçir, nələrə diqqət edir? Buna nəzər salsaq, biz görə bilərik ki, ilk növbədə o ölkəyə səyahət edirik ki, ora getmək əlverişli olsun, viza məsələsi ya olmasın, ya da çox asan olsun, oraya hava nəqliyyatı ilə gediriksə, əlverişli qiymətə olsun, getdiyimiz ölkədə qiymətlər bizə uyğun olsun – bütün bunlar şərtdir və bu şərtləri ona görə qeyd edirəm ki, eyni şeyləri biz Azərbaycan üçün də yarada bilsək, əlbəttə ki, daha çox turistin ölkəmizə gəlməsinə şərait yarada bilərik. Bildiyimiz kimi, bizdə quru sərhədlər hələ qapalıdır, ancaq bu, təbii ki, belə qala bilməz. Quru sərhədlərin açılması, viza proseslərinin daha da sadələşməsi, hətta bəzi ölkələrə vizanın aradan qalxması, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq hava limanlarına daha ucuz hava daşıyıcılarının dəvət olunması, digər hava limanlarımızın da Bakı hava limanı kimi səmərəli işləməsinə çalışılması həm ölkəyə gələn turistlərin sayının artırılmasına, həm də ölkəmizdən başqa ölkələrə gedənlərin sayına ciddi təsir edə bilər. Azərbaycanın turizm potensiyalı böyükdür, insanlar üçün Azərbaycanın iqlimi, təbiəti, regionları, mətbəxi, mədəniyyəti, tarixi– hamısı maraqlıdır. Ona görə ölkənin bu mənada açıqlığını, turistlərin əlverişli şəkildə bura gəlməsini təmin etmək lazımdır. Əcnəbi turistlər Azərbaycanda birinci növbədə təhlükəsizliyi qeyd edirlər və bu ən vacib faktorlardan biridir. Bir də bura invisisiyaları da qeyd etmək istəyirəm. Azərbaycan təhlükəsiz ölkə kimi yerli və beynəlxalq invisisiyaların  təşviqinə çalışmalıdır, xüsusilə regionlarda daha çox invisisiyaların qoyulmasına çalışmalıyıq. Bu həm də ölkədə yeni otellərin, restoranların, iş yerlərinin açılması deməkdir. Bu kimi faktorlar sağlam rəqabət mühitinin də yaranmasına, qiymətlərin optimallaşmasına, xidməti keyfiyyətlərin artırılmasına kömək edəcəkdir. Azərbaycanda bu potensial kifayət qədərdir və ümid edirik ki, gələcəkdə bunları ardıcıl şəkildə həyata keçirməklə daha çox turisti qəbul edən ölkələrdən birinə çevriləcək.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et