Bu gün:

Riyaziyyatın zəif qavranılmasının səbəbi nədir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil eksperti Kamran Əsədovdur. O, tədris zamanı riyaziyyat fənninin zəif qavranılması barəsində danışıb.


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə açıqlaması zamanı bildirdi ki, statistik nəticələrə əsasən, Azərbaycanda abituriyentlərin riyazi bilikləri ürəkaçan səviyyədə deyil. 

İbtidai sinifdən tədris olunan riyaziyyatın zəif qavranılmasının səbəbi nədir?

Ölkənin 4432 orta təhsil məktəbində 1,6 milyon şagird təhsil alır və bizim şagirdlərimiz doqquzuncu və on birinci sinifdə buraxılış imtahanları verirlər. Bu buraxılış imtahanlarını Dövlət İmtahan Mərkəzi keçirir. Həmçinin Dövlət İmtahan Mərkəzi müxtəlif siniflər üzrə müntəzəm olaraq monitorinqlər keçirir və uşaqların 2008-ci ildən bəri ölkəmizdə tətbiq edilən kurikulumun standartlarını hansı səviyyədə mənimsədiyini, təhsilin keyfiyyətini öyrənir. Əlbəttə, bu gün orta təhsil müəssisələrində riyaziyyat fənninin tədrisi ilə bağlı çətinliklər var. Bunun əsas səbəbi müxtəlif bilik və bacarıqlara sahib olan, müxtəlif istiqamətlərə yönələcək olan şagirdlərin eyni sinifdə təhsil almasıdır.

Bundan əlavə, DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarında qısa vaxt ərzində üç müxtəlif fəndən imtahanların götürülməsi də nəticələrə təsir göstərir. İmtahan iştirakçıları bir gün ərzində bir fəndən imtahan versələr, daha yaxşı nəticə əldə edə bilərlər. Biz DİM-in əsaslandırdığı buraxılış və qəbul imtahanlarının statistik nəticələrinə baxanda görürük ki, müəyyən edilmiş üç saat ərzində şagirdlər üç müxtəlif fənn üzrə imtahan veriblər və bir fənnə digərlərindən daha çox diqqət ayırıblar. Buna görə də, digər fənlərdən nəticələri zəif olub. Bu demək deyil ki, orta məktəblərdə riyaziyyat tamamilə zəif tədris olunur. Orta məktəblərdə şagirdlər birinci sinifdən on birinci sinfə qədər məzmun standartlarına uyğun olaraq riyaziyyat fənnini mənimsəyirlər. Sadəcə olaraq, DİM-in imtahan zamanı iştirakçılara saldığı suallar, etiraf edək ki, kifayət qədər çətin suallardır. İmtahan iştirakçısı bu test tapşırıqlarına cavab verməyə çox vaxt sərf edir. Biz istər buraxılış imtahanının, istər qəbul imtahanının nəticələrini təhlil edəndə görürük ki, test tapşırıqlarına yüksək cavab verənlərin sayı, zəif cavab verənlərin sayından azdır. Bu onu göstərir ki, test tapşırıqlarının ağırlıq səviyyəsi, ümumilikdə, testologiya prinsiplərinə uyğun deyil. Bu gün Azərbaycan şagirdi birinci sinifdən on birinci sinifə qədər riyaziyyat keçib, abituriyentlik zamanı repetitor yanında hazırlığa gedibsə və yenə də riyaziyyat üzrə test tapşırıqlarını cavablandırmaqda çətinlik çəkirsə, bu tədrisin keyfiyyəti ilə yox, bilavasitə testologiyanın qüsurlu olması ilə bağlıdır. Mən hesab edirəm ki, biz bütün imtahanlara riyaziyyatı daxil etməməliyik. Bizim yoxlama standartlarımızda riyaziyyat elə də böyük faktor olmamalıdır, nəzərə alanda ki bu fənn 11 il keçirilir, deyə bilərəm ki, birmənalı şəkildə məzmunda dəyişikliyə ehtiyac var.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et