Bu gün:

Sabine Weiss- Humanist fotoqrafiyanın “Yaradıcı qadını”


İsveçrə əsilli Fransız fotoqrafı Sabine Weiss çəkdiyi fotoşəkillər və anlarla humanist fotoqrafiyanın “yaradıcı qadını” kimi qəbul edilib. Fotoşəkilləri dəqiq müşahidədən və gündəlik həyatın çoxqatlı atmosfer təsvirindən ibarət olan Sabine küçədəki insanların təsadüfi fotolarını dəfələrlə çəkərək hekayəyə çevirdi.


"Fotoqrafın incə qavrayışı həyatdakı kiçik şeylərin görünüşünü ortaya qoyur".

Kimya mühəndisinin qızı olan Sabinenin erkən yaşlarında fotoqrafiyaya olan marağının fərqinə varan ailəsi ona fotoaparat alıb və evdə öz qaranlıq otağını qurmasına köməklik edib. Burada o, gümüş-jelatin çapı kimi texnikaları özünə öyrədib.
“Ailəm mənim laborant olacağımı düşünürdü. O zaman peşəkar fotoqraf olmaq fikri ağlasığmaz idi. Kitablar, sərgilər yox idi. Bəlkə də, Amerikada tanınmış fotoqraflar üçün kitablar var idi, amma İsveçrədə yox. Mən çox erkən başa düşdüm ki, fotoqrafiya mənim ifadə vasitəm olacaq. Mən intellektualdan daha çox vizual idim".

Sabine 1946-cı ildə Cenevrədən Parisə getdi və moda foto-portretləri üzrə ixtisaslaşmış alman fotoqraf Willy Maywaldın köməkçisi oldu. O, kompozisiya və fotoqrafiyanın texniki aspektləri haqqında biliklərini dərinləşdirdi.

“Mən orada bu gün ağlasığmaz şəraitdə işlədim, lakin onunla təbii işığın əhəmiyyətini anladım. Təbii işıq emosiya mənbəyi kimi... "

1950-ci ildə o, amerikalı rəssam Hugh Weiss ilə evləndi və o zaman müstəqil fotoqraf kimi karyerasına başladı. Sabine İkinci Dünya Müharibəsindən sonrakı Fransa küçələrindəki mübarizələri, ümidləri və bəzən də gülməli anları üzü çirkli uşaqların, yemək dükanları satıcılarının və qaraçı rəqqasələrinin fotoşəkilləri ilə lentə aldı.

“Əvvəldən mən fotoqrafiya ilə dolanmaq məcburiyyətində qaldım. Bu, bədii bir şey deyildi, sənətkarlıq idi, mən fotoqrafiya ustası idim".

Bir müddət sonra Sabine daha çox sənədli fotoşəkillər çəkməyə başladı. Misir, Hindistan, Mərakeş və Myanmaya getdi. Jurnalist Robert d'Hooghe 1956-cı illərdə Sabine Weiss ilə görüşünü belə təsvir etmişdir: O, müzakirəyə qatılarkən onun rəssam deyil, fotoqraf olduğunu vurğulamağı heç vaxt unutmurdu.
Mükəmməl balanslaşdırılmış kompozisiyalar, şübhəsiz ki, Sabinin ən böyük gücüdür. O, bütün həyatı boyu insanların gündəlik həyatına diqqət yetirib, onların duyğularını ələ keçirib. Öləndə o, Brassai və Willy Ronisin də daxil olduğu humanist fotoqrafiya məktəbinin sonuncu üzvü hesab olunurdu.

O deyirdi: “Müvəqqəti saxlamaq, şansdan istifadə etmək, itiriləcək bir şeyin görüntüsünü saxlamaq üçün fotoşəkillər çəkirəm; jestlər, davranışlar, qısa həyatımızı xatırladan obyektlər. Kamera onları götürür və yoxa çıxanda dondurur. Mən özüm, kameram və obyektim arasındakı bu daimi dialoqu sevirəm, bu da məni bu dialoqa can atmayan və öz mövzularından uzaqlaşmağa üstünlük verən digər fotoqraflardan fərqləndirir. Mənə dəyən və toxunan şeyləri çəkirəm".

Mənbə: sanatkaravanı
Tərcümə etdi: Aytac Bəxtiyarlı

Paylaş
Şərh əlavə et