Bu gün:

Şəkərin orqanizmə zərərləri


Şirniyyatlar, şokoladlar, konfetlər... Özünüzü saxlaya bilmirsiniz? Xüsusilə, bayram günlərində istifadəni bir qədər də artırırsınız?

Unutmaq olmaz ki, yediklərimizin tərkibində şəkər var. Elmi araşdırmalar göstərir ki, hər gün çay və kofemizə qoyduğumuz şəkər, yediyimiz şirniyyatlar və ya qablaşdırılmış məhsulların içinə qoyduğumuz dadlandırıcılar sağlamlığımızı ciddi şəkildə təhdid edir. Amerika Ürək Dərnəyinin açıqladığı rəqəmlərə görə, həzm edilə bilən gündəlik şəkər miqdarı kişilər üçün 35 qram (150 kalori), qadınlar üçün isə 20 qram (100 kalori) təşkil edir. Orqanizm tövsiyə olunan miqdardan artığına dözə bilmir və zamanla yığılır və bir çox sağlamlıq problemlərinə səbəb olur. Həddindən artıq şəkərin orqanizmə verdiyi 5 zərər...

1. Qaraciyərdə yığılır, piylənmə yaradır


Ağ şəkər bədənimizdə həzm olunduqdan sonra qaraciyər tərəfindən yığılır və artığı qaraciyərdə yağ kimi saxlanılır. Bədənin dözə biləcəyindən daha çox şəkər və ya şəkərli qida istifadə edilərsə, qaraciyərdə yağ artımına səbəb olur.

2. İnsulin müqavimətindən yaranan xəstəliklər

Bədənimizdəki ən vacib hormonlardan biri olan insulin qan şəkərini tənzimləməyə kömək edir. İnsulin müqaviməti, qandakı şəkərin hüceyrələrə daxil ola bilməməsi və istifadə edilə bilməməsi deməkdir. Bir çox araşdırma şəkər istehlakının insulin müqavimətinə səbəb olduğunu göstərir. İnsulin müqaviməti olan insanlarda metabolik sindrom, piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riski artır.

3. Ağız sağlamlığına belə zərər verir

Tərkibində zülal, vitamin və mineral olmayan, heç bir qida dəyəri olmayan, 'boş kalori' adlandırılan şəkər ağız və diş sağlamlığını təhlükəyə atır. Çünki ağızdakı bakteriyalar üçün asan həzm olunan enerji mənbəyidir. Ağızda olan bu bakteriyaların qidalanmasına və çoxalmasına imkan verir, diş çürüməsinə səbəb olur.

4. Ürək böhranına səbəb ola bilər

Həddindən artıq şəkər istehlakı nəticəsində yaranan yağlı qaraciyər qanda pis xolesterin olaraq bilinən LDL və trigliserid adlanan yağ hissəciklərini artıraraq damarların tıxanmasına səbəb ola bilər. Damarlarda bu hissəciklərin artması infarkt riskini artırır.

5. Şəkər bir asılılıqdır

Şəkər "xoşbəxtlik hormonu" kimi tanınan serotonin hormonunun ifrazını təmin edir. Bu səbəbdən kef verici xüsusiyyəti insanlarda asılılıq yarada bilir. Ağ şəkər və şəkər tərkibli qidalar təbii qidalardan daha çox beyində mükafat mexanizmini stimullaşdırdıqları üçün daha çox istifadə edilir. Həddindən artıqşəkər diqqət çatışmazlığı, konsentrasiyanın olmaması, yaddaşın azalması və öyrənmə geriliyinə səbəb ola bilər.

Mənbə: Acıbadəm

Tərcümə etdi: Sona Adgözəlova

Paylaş
Şərh əlavə et