Bu gün:

Sağlam qidalanma zamanı nələrə diqqət edilməlidir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi Azərbaycanın ilk sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynovadır. O, sağlam qidalanma barəsində danışıb.

-Sizcə, sağlam qidalanma nədir və qidalanma zamanı nələrə diqqət edilməlidir? 


Müasir həyatımızda sağlam qidalanmanın vacibliyi çox vurğulanır. Bunun əsas səbəbi inkişaf edən dünyamızda günü-gündən artan qida çeşidliyidir. Və bu qida çeşidliyi daha çox sağlamlığa yönəlik deyil, qazanc məqsədi güdür. Bununla da zərərli təsirlər yaranır. Ümumiyyətlə, sağlam qidalanma yediyimiz qidalardan zövq alaraq, müxtəlif çeşiddə, balanslaşdırılmış şəkildə qidalanmaqdır. Və orqanizmə lazım olan qida maddələrini düzgün miqdarda alaraq ideal bədən çəkisində olmaqdır. İdeal bədən çəkisi dedikdə hər bir insanın yaşına, bədən quruluşuna görə fərqli sağlam çəkisi var ki, bunun qorunmasına riayət edə bilən bir qidalanmadır. Sağlam qidalanma ana bətnində başlayır. Hətta atanın belə yediyi qidalar insan orqanizmində formalaşmasında əsas rol oynayan bir amildir. Bütün həyat boyu həm sağlamlığın qorunması, həm də xroniki xəstəliklərin qarşısının alınması yolunda sağlam qidalanma çox önəmli əhəmiyyətə malikdir.

Ümumiyyətlə, qidalanma dedikdə bəzən insanlar elə doymaq üçün yaxud sadəcə aclıq hiss etdikdə nə gəldi, necə gəldi, hansı qaydada və yaxud bir-biriylə uyğundurmu, deyilmi bu şəkildə fikirləşmədən ürəyi istədiyini yeməyi düşünürsə, sağlam qidalanma heç də belə deyil. Çünki, sağlam qidalanma deyiriksə, biz mütləq şəkildə orqanizmimizə qəbul edəcəyimiz qidaların tərkibi, onların saxlanması haqqında və eyni zamanda, bişirilməsi zamanında da düzgün qaydalara əməl etmək lazımdır.

Bir insanın həyat funksiyalarını yerinə yetirə bilməsi, sağlam olması üçün gün ərzində 70-ə qədər qida makro və mikro elementlərinə ehtiyacı var ki, bunları da məhz qidalar vasitəsiylə almalıdır. Çünki hər bir insanın orqanizimi belə müəyyən hissədə karbohidratlardan, zülallardan, yağlardan, mayedən, vitamin və minerallardan ibarət olduğu üçün bunu da təbii şəkildə yalnız qidalardan ala bilər. İnsan mütləq şəkildə nə qədər enerji xərcləyirsə, gündə nə qədər aktivliyi varsa, fiziki və ya oturaq işdə çalışması və yaxud idman yarışı üçün hazırlaşması, yoxsa sadəcə sağlamlıq üçün idman etməsi kimi amilləri nəzərə alaraq düzgün şəkildə və onu enerjiyə çevirəcək şəkildə qida qəbul etməlidir. Mütləq şəkildə yaxşı olar ki, qidaları seçərkən daha az sənaye üsulundan keçmiş, az emal prosesi keçmiş və rəf ömrü uzun olmayan, daha sağlam qidalara üstünlük verməlidir. Məsələn, meyvə-tərəvəz seçəcəksə, bu təbii və yerli meyvə-tərəvəz olmalıdır. Əgər çərəzlərdən istifadə edirsə, mənşəyi bəlli olan yerdən alınmalı və düzgün şəkildə saxlamalıdır. Əks halda çərəzlər faydalı qida olsa da, düz saxlanılmadığından tərkibində müxtəlif zərərli maddələr yaranır. Bunların ən çox yayılmışı aflotoksindir ki, bu bir-başa olaraq, orqanizmdə müəyyən zəhərlənmələrə, immun sisteminin çökməsinə gətirib çıxarır. 

Su miqdarı haqqında da bir az məlumat verək. Hər bir insanın orqanizimində su miqdarı sadə su və ayran hesabına ola bilər və ya qəbul etdiyi meyvə-tərəvəzin tərkibində olan maye belə, orqanizmə lazım olan maye balansını təmin edir. Əks halda çay, rəngli qazlı içkilər orqanizmin maye balansını təmin edəcək şəkildə deyil. Hər kiloqram bədən çəkisinə görə 30 ml su hesablayaraq gündəlik orqanizimin normal su miqdarını hesablaya bilərik, lakin bu normal bədən çəkisində olan insanlara aiddir. Əgər bir insan artıq çəkilidirsə, 100-ün üzərindədirsə, bu zaman bu hesablama onlara aid olmur. Ümumi götürsək, gün ərzində  7-8 istəkan suyun içilməsi vacibdir amma sağlamlıq üçün içiriksə, gündəlik su içmə vərdişi yoxdursa bunu birdən-birə "Bu gündən artıq sağlam qidalanmaya başlayıram və 8 istəkanı birdən içəcəm" deyə bir qayda yoxdur. Bu zaman daxili orqanlar, xüsusilə, böyrək yükləndiyindən problemlərə səbəb ola bilər. Bu miqdarı hər gün mütəmadi olaraq artıraraq normaya gətirib çıxartmaq üçün 1 həftə-10 gün vaxt sərf etmək lazımdır. Digər bir sağlam qidalanmada əsas məqam 20-25 yaşa qədər orqanizm daim inkişafda olduğuna görə gün ərzində 3 dəfə  əsas qida qəbul etmək daha düzgündür. 25-30 yaşdan yuxarı isə gün ərzində 2 dəfə əsas yemək qəbul etmək tövsiyə olunur. Yaxşı olar ki, səhər yeməyi və artıq sonuncu axşam yeməyi saat 8-dən sonra olmasın. 8-dən sonra daxili orqanların fərqli işləmə prinsipləri başladığına görə bu zaman qəbul olunan qidalar orqanizmin artıq yüklənməsinə səbəb olur, onların funksiyasına maneə olur. Həzm prosesi ilə məşğul olduğuna görə ürək ikiqat yükləndiyi üçün ürək-damar xəstəliklərinə gətirib çıxarır və qaraciyər problemləri yaradır. Buna görə də yemək miqdarı da, vaxtı qədər önəmlidir. Əgər ağır, yağlı yeməklərdirsə və yaxud daha çox kalorili yeməklərdirsə, yaxşı olar ki, günorta saatlarında  və ya günün birinci yarısında qəbul edək ki, gün ərzində bu bizə enerji verməyə xidmət eləsin. Bundan başqa, mütləq şəkildə sağlamlığımızın qayğısına qalmaq üçün fiziki aktivlik və sağlam yuxu rejiminidə yaddan çıxartmaq olmaz.

Uğur Hacıyev 

Paylaş
Şərh əlavə et