Bu gün:

Abituriyentlər əlavə hazırlıqlara niyə ehtiyac duyurlar?


24Media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki müsahibi təhsil eksperti Cahid İmanlıdır. O, abituriyent hazırlıqlarından danışıb. 


Abituriyentlərin əlavə hazırlıqlara ehtiyac duymasının səbəbləri nədir?


Bu gün cəmiyyətdə elə bir rəy formalaşıb ki, hansısa hazırlıq kursundakı müəllimlər və ya repititorlar daha üstün biliyə və öyrətmə metodlarına malikdir. Əslində, həqiqət budur ki, məktəbdə də, əlavə hazırlıqda da dərs keçən müəllimlərin əksəriyyəti elə eyni şəxslərdir. Kifayət qədər müəllim var ki, həm nəticəsi yüksək olan liseylərdə, həm də dövlət orta məktəblərində çalışırlar. Yəni abituriyentlərin əlavə hazırlığa getməsi məhz müəllimlərin peşəkarlığı ilə əlaqəli deyil. Əlavə hazırlığa ehtiyacın yaranmasının əsas səbəbi məktəb təhsili və repetitor təhsilinin strukturundan, bu sahədə gözləntilərdən, qoyulan tələblərdən və tələb olunan nəticələrdən irəli gəlir. Məsələn, 11 sinifdə dərs deyən müəllimin vəzifəsi ali məktəbə abituriyent hazırlamaq deyil. O, dərs proqramında nəzərdə tutulanları şagirdlərə çatdırmağa borcludur. Müəllimin dərs saatının miqdarı, dərsdə iştirak edən şagirdlərin eyni fənnə yox, müxtəlif fənlərə maraq göstərmələri, davamiyyətin stabil olmaması, təkcə dərsliklərlə uğur qazanmağın mümkün olmaması və digər səbəblərə görə məktəb təhsili valideyn və şagirdləri qane etmir. Ona görə də, onlar konkret nəticəyə əsaslanan təhsilə-repetitor təhsilinə müraciət edirlər. Yəni bir ay ərzində bir fəndən bir müəllimə 100 manat ödəyən valideyn müəllimdən nəticə tələb edir. Bu zaman müəllim də bütün bilik və bacarığını səfərbər edib abituriyentə keyfiyyətli təhsil verir. 


Bir müqayisə ilə məktəb və repetitor təhsilinin fərqinə baxaq. Orta məktəbdə orta hesabla 24-28 saat dərs deyən və həftənin 5-6 gününün 6-10 saatını məktəbə və sənədləşmə işlərinə sərf edən, eləcə də hər gün yenə orta hesabla 200 şagirdlə çalışan müəllimin əmək haqqı təxminən 1000 manat edir. Əks tərəfdə isə 10 nəfər abituriyentlə həftənin 3 günü 2-3 saat çalışan müəllimin də gəliri 1000 manat təşkil edir. Bu zaman sadə sual verməklə cavabı bilmək olar. “Hansı təhsil və nə üçün üstünlük təşkil edir?”

Bunu aradan qaldırmaq üçün təhsil sistemimiz nəzəri yox, praktiki olaraq məhz valideyn və şagirdlərin ehtiyaclarını, istəklərini qane edən təhsil modulu yaratmalıdır. Müasir cəmiyyətimizin iqtisadi əsasını azad, rəqabət yönümlü bazar iqtisadiyyatı təşkil edir. Bu iqtisadi modeldə məcburiyyət yox, təşviq cəlbetmə var. Dövlət büdcəsindən təhsil sektoruna milyonlarla pul ayrılır. Bu vəsaitlərin cüzi  bir hissəsini xərcləməklə yerli və xarici təcrübələri öyrənməklə mükəmməl "Təhsil menecer"ləri və "Təhsil modul"ları da hazırlamaq olar.


Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et