Bu gün:

“Biz bu məsələdə çox lənglik hiss edirik”


24media.az-ın növbəti müsahibi Bakı Dövlət Universitetinin tarixçisi Boran Əzizdir. O, tələbələrin tarixi nə dərəcədə həvəslə öyrənməsi ilə bağlı suallarımızı cavablandırıb:


-Sizcə, tələbələr Azərbaycan tarixini nə dərəcədə həvəslə öyrənir?

Qloballaşan dünyada xalqın özünəməxsusluğunun qorunub saxlanmasında, qan yaddaşının itməməsində bir çox mühüm amillər rol oynayır. Onlardan biri də milli tarixin gənclərimiz tərəfindən yaxşı öyrənilməsi, mənimsənilməsidir. Bu baxımdan, millətin keçdiyi tarixi yolu, onun dövlətçilik tarixini ən qədim dövrdən bugünkü günə qədər ki inkişaf mərhələlərini elmi şəkildə, tarixi qanunauyğunluqlar əsasında öyrənmək siyasi, tərbiyəvi və elmi əhəmiyyətə malikdir. Tələbələrin bunları öyrənməsi, yəni millətin və dövlətin gələcəyi olan gənclərin onu dərindən mənimsəməsi böyük əhəmiyyətə malikdir. İnistitutda, o cümlədən Bakı Dövlət Universitetində də tələblərin xeyli hissəsi Azərbaycan tarixini öyrənməkdə maraqlıdırlar və açıq-aşkar görünür ki, onlara verilən mənbələri, ədəbiyyatları araşdırır, müqayisəli şəkildə öyrənməyə cəhd göstərirlər. Əlbəttə, bu dərs dediyim fakültələr və eyni zamanda, ixtisaslardan və s.-dən də asılı olur. Bəzi fakültələrdə tələbələrin faktiki olaraq yarısı Azərbaycan tarixini öyrənməyə maraqlıdır. 

-Azərbaycan tarixini öyrənmək üçün hansı vəsaitləri tövsiyə edərdiniz?

Ən böyük çətinliyimizin biri, əlbəttə, dərsliklərimizin metodologiyadan və konsepsiyadan tamamilə uzaqlaşması və milli müstəqil dövrün tələblərinə uyğun şəkildə yazılması ilə bağlıdır. Məsələn, deyək ki Azərbaycan adının anlamı, türk dövlət yaratma təcrübəsi və təfəkkürü, onun özünəməxsus cəhətləri, oğuz türkləri, onların şəcərəsi, mənşəyi, türkmən, tərəkəmə anlayışları, səfəvilərin etnik mənşəyi və s. kimi bir çoxu tariximizdə öyrəniləsi zəruri olan məsələlər var ki, onlar təəssüf ki, nə orta, nə də ali məktəb dərsliklərimizdə kifayət qədər geniş yazılmayıb. Bu baxımdan, Azərbaycan tarixində aparılan son illərdə ki tədqiqatların nəticələri dərsliklərə çox qısa bir müddət ərzində daxil edilməldir. Amma təəssüf ki, biz bu məsələdə çox lənglik hiss edirik. Ona görə də adətən tələbələrə, məsələn, Bakı Dövlət Universitetində dərs dediyim tələbələrə əməkdar elm xadimi Süleyman Əliyarlının rektorluğu ilə çap olunmuş Azərbaycan tarixi, yaxud da əməkdar elm xadimi Tofiq Vəliyevin bir zamanlar redaktorluğu ilə çap olunmuş XX əsr Azərbaycan tarixi və s. kimi kitabları tövsiyə edirik. Bununla yanaşı, son illərdə çap olunan tarixi əsərləri onlara tövsiyə edirik.

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et