Bu gün:

“Özünü idarə edə bilməyən insana gülürəm” - Arif Quliyevlə MÜSAHİBƏ


24Media-nın bu dəfəki müsahibi adı gülüşlə bərabər çəkilən məşhur aktyorumuz, Xalq artisti Arif Quliyevdir.

Arif bəy...

-Bəy yox, Arif. Mən sadə insanam, nə bəy, nə xan, elə, sadəcə Arif müəllim.

Arif müəllim, əhvalınız necədir?

-Əhvalım əladır. Allah sizə də can sağlığı versin!

Bu gün sizin doğum gününüzdür. Bu münasibətlə sizi 24Media kollektivi adından təbrik edirəm.

-Çox sağ olun, təşəkkürlər. Saytınıza da minnətdarlığımı bildirirəm, var olun.


Yeni yaşınızı necə keçirməyi planlaşdırırsınız? Axı 70 yaş da az deyil, yubileyinizdir.

-Onu gərək Mədəniyyət Nazirliyindən soruşaq. Bu, mənə aid deyil. Mən ad günü keçirmirəm ki...

Müsahibələrinizdən birində: “Bütün analar mənim öz anamdır”,- demisiniz. Bəs siz məşhurlaşandan sonra sizi sahiblənmək istəyən həmin analara münasibətiniz necə olub?

-Mən bütün anaları sevirəm. Çünki hər bir ana öz övladının - Azərbaycan vətəndaşının anasıdır. Ona görə də bütün qadınlara, analara övlad sevincini görməyi, uzun ömür və xoş günlər arzulayıram.

Keşməkeşli həyata rəğmən sənətdə daim irəliləməyi bacarmısınız. Bu uğurların arxasında nə dayanır?

-Bu uğurların arxasında zəhmət dayanır, insanın özünə inanması, öz seçdiyi yola sədaqəti, gücü dayanır və bu istiqamətdə onun varlığı, varlığının təsdiqi dayanır. İnsan sevdiyi yola sadiq qalarsa, onun nəticəsini sevinc olaraq alır.

Bəs oğlunuzu itirəndən sonra sizi bir daha həyata bağlayan nə oldu?

-Nə bilim...Mən...Oğlumu itirməyim...Bu mövzuda biraz çətinlik çəkirəm. Həyatda mən niyə duruş gətirirəm, niyə davamiyyət gətirirəm? Çünki mənim sənətim insanlara xidmətdir, onları dərd-qəmdən, kədərdən uzaqlaşdırmaqdır. Bu, bir taleydir, alnıma yazılıb. Mən onu itirdimsə də, milyonların sevgisini itimək istəmirəm. Bax, bu, sənətimə, işimə sevgi məni həyata bağlayır. Bir də məni həyata bağlayan o biri övladlarım və nəvələrimdir. Onun ölümü bir alın yazısı idi, bu, onun qisməti və mənim də onun qismətini görməyim idi. Amma bu, o demək deyil ki, “şam sönməlidir”. Yəni:

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək.

Onun da yaşamağı yanmağındadır.


Arif müəllim, siz internata veriləndə üstünüzdə balaca bir kağızda sadəcə adınız yazılıbmış. Bəs soyadınızı necə bildiniz?

-Oy, mənə elə suallar verirsiniz ki?! Mən internat məktəbinin 4-cü sinfində oxuyanda hamını pionerə keçirirdilər, hamısının boyunlarına qalstuk bağlayırdılar. Müəllim mənə dedi ki, sən qıraqda dur. Mən də pionerlərin yanında pəncərədən çölə baxa-baxa göz yaşlarımı saxlaya bilmirdim, səsim çıxmırdı. Orda olanların hamısını pionerə keçirdilər, qalstuk bağlayıb döşlərinə nişan taxdılar. Axırda müəllim mənə yaxınlaşıb dedi ki, niyə ağlayırsan? Dedim ki, məni niyə keçirmirsiniz pionerə? O, mənə dedi ki, sənin burda soyadın, atanın adı yoxdur. Müəllim məni qucaqlayıb dedi ki, öz soyadımı sənə verirəm, Əli sənin köməyin olsun, Əli də olsun atanın adı. Ondan sonra mənim soyadım Quliyev, atamın adı da Əli oldu və məni pionerə keçirdilər, sevindim.

Bəs həmin müəllim kim idi?

-Sizə bir söz deyim, müəllim təkcə o deyil ki, sənə dərs deyib. Sənə ağıllı bir söz öyrədən, həyata yönəldən, həyatı başa salan hər bir adamda müəllimini görməlisən. Çünki hər kəs ona rast gələn insandan nəsə öyrənirsə, nəsə dərk edirsə həmin adam elə onun müəllimidir.

Hazırda hansısa işlərlə məşğul olursunuz?

-Təqaüddəyəm, evdəyəm. Vaxtilə çox işləmişəm, 45 illik iş fəaliyyətim var. İndi isə heç bir işlə məşğul deyiləm, evdə nəvələrimlə oynayıram.

Düşünürəm ki, sizi güldürə bilmək çox çətin olar. Bəs Arif Quliyev özü nələrə gülür?

-Mən həyatda olan neqativ hallara, bəzi düşünülməmiş hərəkətlərə gülürəm, özünü idarə edə bilməyən insana gülürəm ki, Allah sənə ağıl, fikir, dərrakə və s. verib, sən ondan istifadə etməyi bacarmırsansa, deməli, gülməlisən.

Dünyaya bir daha gəlsəydiniz, sadə Arif olub ata-analı olardınız, yoxsa yenə də sevimli aktyorumuz Arif Quliyev olmaq istəyərdiniz?

-Yaxşı insanlar yaxşı ki, var. Onlar üçün mən Arif Quliyev olmaq istəyərdim.

Arif müəllim, son olaraq nə demək istərdiniz?

-Mənim həmişə bircə arzum olub, bütün insanlar sağlam olsunlar. Bir də ki, insanlar mehriban, xoşbəxt olub vətəni sevsinlər. Deyir ki:


Can deyək, canımız sağ olsun deyə,

Dost olaq, üzümüz ağ olsun deyə.

Bu dünya çiçəkli bağ olsun deyə

Amandır, qoruyun bir-birinizi.

Paylaş
Şərh əlavə et