Bu gün:

“Üç yaşımda tərk edilmişəm və o andan həyatım bütünlüklə dəyişib” - rejissorla MÜSAHİBƏ


Həyatın çətin yollarından keçərək qoyduğu məqsədə doğru inamla irəliləyən, həmin çətinliklər sayəsində güclənərək bunu yaradıcılığına da yansıdan gənclər hər zaman örnək olmalıdırlar.

24Media-nın budəfəki müsahibi də belə gənclərdən olan rejissor Elşən Budaqovdur. O bizə məqsədə doğru gedən yoldakı çətinliklərdən, öz gələcək planlarından, eləcə də Azərbaycan kino sahəsindəki vəziyyətdən danışdı.

 


 Paylaşımlarınızın birində "Ən yaxşısını əldə etmək istəyirsənsə, ən pisini yaşamalısan",- yazmısınız. Yaşadıqlarınızı "yaxşı-pis tərəzisi"nə qoysaq, hansı tərəf daha ağır gələr?

-25 yaşım var, bu yaşa qədər çox çətinliklərlə üzləşmişəm, həyatım keşməkeşlərdən ibarət olub. Vəziyyətimdən narazı idim? Əlbəttə ki, xeyr. Əksinə, çox məmnun idim, çünki məni gücləndirən bu çətinliklər olub. Üç yaşımda tərk edilmişəm və o andan həyatım bütünlüklə dəyişib. Nə uşaqlığımı, nə də gəncliyimi yaxşı yaşamışam. Yaşıdlarım bahalı maşınlarda, klublarda gün keçirəndə mən çətin günlərdən çıxmaq üçün çalışırdım. Bu çətinlikləri görməsəydim, məqsədlərimə doğru addımlaya bilməzdim. Bu söz hər zaman ağlımdadır: "Əziyyətlə qazanılan uğur, əziyyət çəkmədən qazanılan uğurdan qat-qat dəyərlidir".

 Həyatınız bir film olsaydı, hansı janrda olardı? Ümumiyyətlə, həyatınız haqqında film çəkmək istəmisinizmi?

-Özümü o dərəcədə inkişaf etdirmək istəyirəm ki, mən həyatdan köçəndən sonra həyatıma dair film çəkilsin. Bədii film olmasa da, bioqrafik film hazırlanacağına əminəm. Sıradan rejissor olmaq niyyətində deyiləm. Film çəkməyə qalsa, həyatımda mənfi və müsbət xarakterdə insanlar olub. Bir gün həmin insanların ya serialda, ya da hansısa filmdə soyadlarına kimi eyni olan obrazlarını yaradacağam, qoy kənardan özlərini görsünlər.

 Elşən Budaqov rejissor kimi olmaq istədiyi yerdədir? Azərbaycan reallığında rejissor olaraq uğur qazanmaq mümkündürmü?

-Yaşıma görə, bəli, istədiyim yerdəyəm. Belə deyim, şirkətlər tərəfindən gənc nəslin maraqları düşünülüb onları ruhlandıran seriallar, örnək olacaq filmlər çəkilsə, inkişaf olacaq. Yox, biz evdə tum çırtlayan izləyicilər üçün çalışacağıqsa, heç bir inkişafdan söz gedə bilməz.

Qazandığınız ən böyük uğur hansı olub?

-“Ən böyük uğurum olub” deməzdim, çünki uğura doğru çıxdığım yolun başındayam. Hələ ki ən böyük uğurum illərdir tutduğum yoldan dönməməyimdir.

 Rejissoru olduğunuz və hazırda yayımlanan seriallara kifayət qədər tamaşaçı toplaya bilirsiniz?

-İki ildən artıqdır ki, “Xəzər TV”də rejissor Ramin Hacıyevin köməkçisiyəm. "Ailəcanlı", "Xalxın Evi", "Ay Yay Yay", "5 saat əvvəl", "Subaylıq sultanlıqdır", "İşdə məhəbbət macərası" kimi seriallarda ikinci rejissor kimi çalışmışam. Bir problem olmazsa, yeni sezonda da fəaliyyətimizə davam edəcəyik. Ramin müəllimin işləri hər zaman kütlə tərəfindən sevilir, şənbə və bazar günlərinin reytinqi onun adı ilə bağlıdır.

 Film və serial arasında seçim etməli olsanız, hansını seçərdiniz?

-Film çəkməyi, hələ ki düşünmürəm. Özümü hazır hiss etdikdən sonra film işini öhdəmə götürə bilərəm. Buna hazır olmadığım üçün serial deyirəm. Amma çəkəcəyim seriallarda da çox məsuliyyətlə işləyəcəyəm, hətta tamaşaçı film izləyirmiş kimi hiss edəcək. Əsasən, gənc tamaşaçı kütləsini ekranlara geri döndərmək fikrim var. İndi yayımlanan seriallarla davam etsək, gənclər televiziyadan daha da uzaqlaşacaq. Bu barədə plan və ssenari hazırlıqlarına başlamışam. İnanıram ki, istədiyimiz yerlərə çatacağıq.

 İndi, demək olar ki, hamı komediya janrında film çəkir. Bir rejissor kimi bunun səbəbini nədə görürsünüz? Tamaşaçı bunu istəyir, yoxsa başqa janrda film çəkə bilmirlər?

-Bu sualın olacağını bilirdim, cavab verməyə çoxdan hazıram. Dram serialları da çəkilir, amma təsəvvür edin ki, hansı səviyyədə çəkilirsə, tamaşaçı onu görmür. Hər kəsin yaxşı tanıdığı iki özəl şirkət var ki, yaradıldığı ildən bəri uğurlu iş ortaya qoya bilmir. Lakin eyni mövzuları çəkməyə hələ də davam edirlər. Dəfələrlə yeni serial təklifləri etmişəm. Şirkət rəhbəri isə deyir: "Mənə “kimsə kimisə bıçaqladı”, “kişi arvadına xəyanət etdi”, “filankəs filankəsi söydü” kimi mövzularla gəl". Heç vaxt pula görə fikirlərimi dəyişməmişəm, dəyişmək fikrim də yoxdur. Zaman keçdikcə itirənin kim olduğunu hər kəs görəcək. Mən yenə də öz idealarımda qalacağam. Bu idealar gələcəyimə etdiyim ən böyük yatırımdır.

 5 uğurlu Azərbaycan rejissorunun adını çəkə bilərsiniz?

-Birincisi kumirim, Xalq artisti, görkəmli kinorejissor və kino operator Rasim Ocaqov, sonra isə Eldar Quliyev, Arif Babayev, Həsən Seyidbəyli və Elxan Cəfərov.

Yaradıcılığa yeni başlayan gənc rejissorlara bu sahəni necə izah edərdiniz?

-Bu suala cavab vermək üçün hələ çox iş görməliyəm. Lakin illərimi bu sənətə ayırdığım üçün bir neçə şey deyə bilərəm. Azərbaycan kinosunun inkişafı yolunda əllərindən gələni etməyi qarşılarına məqsəd qoyacaqlarsa, uğurları bol olsun. Amma heç bir məqsədləri olmadan bu gün yatıb, sabah oyanıb: "Mən rejissoram", - deyəcəklərsə, bu sənətə gəlməsinlər. Onsuz da tamaşaçıları itirməklə məşğul olanlar var. Onlar da gəlib tamaşaçıları televiziyadan, kinodan qaçırtmasınlar.

Paylaş
Şərh əlavə et