Bu gün:

"Toksik bir ailədə böyümək…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi EDA Terapiya Psixologiya Mərkəzinin Psixoloqu Ayşən Bayramovadır. O, toksik ailə sisteminin fəsadları haqqında danışıb.

Ayşən xanım, Dr. Nicole Lepera deyib ki, toksik ailə sistemində münaqişəyə səbəb olan ailədəki ən sağlam şəxsdir. Bəs siz necə düşünürsünüz, ailə daxilində toksik davranışlar özünü necə büruzə verir və bundan xilas olmaq mümkündürmü? 




Daha çox romantik münasibətlərdə özünü göstərsə də, ailə daxilində də bir çox toksik davranışlara məruz qala bilirik. Doğulduğumuz andan etibarən valideynlərimizin dəstəkləyici, ehtiyaclarımızı nəzərə alan və mənliyimizə hörmət edən bir rolda olması ideal olsa da, onların yanaşma və davranışları bu cür qavramlardan çox uzaq ola bilir. Belə vəziyyət isə özü ilə toksik valideynlik anlayışını gətirir. Toksik valideynliyin göstəriciləri arasına empatiyanın əskikliyini, davamlı idarəetməyə çalışmaq, şiddətli tənqidləri, övladın fərdiləşməsinə icazə verməmə və seçimlərinə hörmətlə yanaşmama hallarını daxil edə bilərik. Bu cür yanaşmalar hər nə qədər zərərverici olsa da, ailə içindəki bu toksikliyi başa düşmək və sezmək çətindir. Çünki uşaqlıqdan bəri bu cür davranışlara məruz qalmışıq. Buna görə də, doğulduğumuz ailə sistemini “doğru” olaraq düşünürük. Belə olan halda isə doğru bildiyimiz bu sistemə uyğunlaşma istiqamətində davranışlar sərgiləməyə başlayırıq. Toksik bir ailədə böyüdümüzü isə daha çox yetişkinlik və yaşlılıq dövründə anlaya bilirik. 

Bəzi fərdlər isə sərhədlərini qoyaraq, ehtiyaclarının fərqinə vararaq, özünü öncəlik halına gətirərək içində olduğu toksik ailə dinamikinə qarşı çıxmağa başlayır. Belə olan halda həmin şəxs digər ailə üzvləri tərəfindən nankorluqla, çox tələbkar olmaqla günahlandırılır, təhqirlərə və manipulyasiyaya məruz qala bilir. Bu həmin şəxslər üçün öz sağlam olmayan düşüncə və davranışlarına mərkəzləşmək yerinə, günahlandıracaq birini tapıb, məsuliyyət almaqdan qaçmaq rolunu oynaya bilir.

Ümumilikdə, sərhədlərin müəyyən olunması, onların açıq şəkildə ifadə edilməsi, yox deməyi bacarmaq toksik ailə sistemində olan şəxs üçün faydalı davranışlar hesab edilir. Bu istiqamətdə ailə terapiyası almaq da tövsiyə olunur.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et