Bu gün:

Hemofobiya nədir?


Hemofobiya, hematofobiya və ya qan qorxusu fobiyanın xüsusi növüdür və bəzi xüsusiyyətlərinə görə müxtəlif fobiyalardan seçilir. Bu,  iynə, qan və yaralanma qorxusudur. Bu fobiyası olan insanlar tez-tez huşunu itirirlər. 

Bundan əlavə, qan qorxusu olan insanlarda təcili yardım siqnalının səsini eşitmək, əməliyyat və ya qan sözləri ürəkgetməyə səbəb ola bilər. Xalq arasında qan görməyə dözməmək kimi də tanınır. İnsanlar qan görəndə təlaşa düşürlər.

Hemofobiyanın səbəbləri

Hemofobiyanın səbəbləri aydın olmasa da, bu vəziyyətin keçmişdə yaşanan mənfi təcrübələr və travmalardan qaynaqlandığı düşünülür. Travmatik bir qəza keçirmə və ya çox qan itkisinə səbəb olan bir vəziyyət yaşamaq bu vəziyyətin inkişafına səbəb olur. Qan qorxusunun səbəbləri aşağıdakı amilləri əhatə edə bilər:

Genetik faktorlar:

Fobiyalara səbəb olan amillər arasında genetik meyil də var. Qan fobiyası da bu fobiyalardan biridir. Ailə üzvlərindən birinin qan fobiyası olması bu vəziyyətin inkişafına səbəb ola bilər.

Ana və atanın narahatlığı:

Ətrafında və ailəsində uşaqlıqda qandan qorxan insanların olduğunu görəndə qan qorxusu yarana bilər.

 Qoruyucu ailə quruluşu:

Həddindən artıq qoruyucu ailələrin uşaqlarında bəzi fobiyalar yarana bilər. Bu fobiyalara qan qorxusu daxildir.

Travmalar:

Fobiyalar, adətən, uşaqlıqda bəzi mənfi travmatik hadisələrin yaşanması nəticəsində sonrakı dövrlərdə inkişaf edə bilər. Qəza kimi mənfi hadisələr gələcəkdə qan qorxusuna səbəb ola bilər.

 Qan qorxusunun insanın həyatına təsiri

Qan fobiyası bir insanın həyatına mənfi təsir göstərə və məhdudlaşdıra bilər. Qan qorxusu nəticəsində insanlar müalicə almaq istəməyə bilər. Xəstəlik halında, müayinə olunmaq istəməyə, ekspertlər tərəfindən tələb olunan testləri istəməyə və ya onlardan qaça bilər. Onlar cərrahiyyə əməliyyatı və diş müalicəsi keçirmək istəmirlər. Belə hallarda insanın ailə, sosial və işgüzar münasibətləri korlana bilər. Hətta gündəlik həyatın normal fəaliyyətlərində iştirak etmək çətin ola bilər. Onlar tez-tez depressiyaya düşürlər və ya depressiyaya düşə bilərlər. Belə halların qarşısını almaq üçün müalicəyə açıq olmaq, qorxulara qalib gəlmək lazımdır.

Hemofobiyanın müalicəsi

Bəzi fobiyalarda fərdlər narahat olduqları və qorxduqları obyektlə daha az qarşılaşırlar. Məsələn, ilan fobiyası olan bir şəxs hər gün ilanla qarşılaşmır. Gündəlik həyatında uzağa getmək məcburiyyətində olmayan və avtomobillə səyahət edə bilən bir insanın uçuş fobisini müalicə etməsinə ehtiyac yoxdur. Qan qorxusu olan insanların hər an bu vəziyyətlə qarşılaşa biləcəyi üçün müalicə alması vacibdir. Müalicənin məqsədi həyati bir vəziyyətlə qarşılaşdıqda huşunu itirmənin qarşısını almaq və bu vəziyyətə müdaxilə etməkdir. Hər hansı bir zədə halında insanın özünə və ya yanındakı yaralıya müdaxilə edə bilməsi vacibdir. Hemofobiya müalicəsi növlərinə ifşa terapiyası, koqnitiv davranış terapiyası və desensitizasiya (EMDR) terapiyası kimi müxtəlif müalicə üsulları daxildir.

Mənbə: npistanbul.com 

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et