Bu gün:

“Mədəniyyətsiz insanı cəmiyyətə göstərməliyik” - Jurnalistlə MÜSAHİBƏ


Jurnalist etikası hər zaman gündəmdə olan, insanların həyatına təsir edən mövzu kimi müzakirə edilir. Belə ki, KİV-in imkanlarının genişlənməsilə əlaqədar jurnalistlərin etik qaydalara əməl etmələri vacib hesab olunur.

24Media Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İctimai Radionun aparıcısı Pərvanə Nadirqızı ilə bu mövzuda müsahibəni təqdim edir:

Etik dəyərlərdən çox danışılsa da, mətbuatda bu dəyərlər kifayət qədər əksini tapmır. Sizcə, hər bir jurnalist hansı etik dəyərlərə malik olmalıdır?

-İlk növbədə, hər bir insan etikalı, mədəni olmalıdır. Biz hardasa bir mədəni insan görəndə onu başqalarına göstəririk. Amma əslində, səhvləri nümayiş etdirmək üçün biz mədəniyyətsiz insanı cəmiyyətə göstərməliyik. Jurnalistikada etika isə əsasən peşə fəaliyyəti zamanı ortaya çıxır. Yəni, adi həyatda etika, mədəniyyət, əxlaqi dəyərlər bir insana necə lazımdırsa, peşə fəaliyyətində də etik kodekslər var ki, bunlar da çox lazımlıdır. Jurnalist öz işində fakta əsaslanaraq danışırsa, bu, artıq onun etik göstəricisidir. Yəni, onun işi faktlarladır. O, detallarla işləyir. Fakta əsaslanan jurnalist artıq peşəkarlığın birinci pilləsini adlamış olur. Vicdanlı olmaq, ədalətli olmaq jurnalist etikasına xidmət edən məsələlərdir. Jurnalist informasiyanı da elə almalıdır ki, onun bu bacarığı kənardan vulqar bir formada yox, professional şəkildə görünsün. 

Jurnalist peşəkarlığı hansı sosial-əxlaqi vəzifələrin gerçəkləşdirilməsini nəzərdə tutur?

-Maraqlı sualdır. Bizim jurnalistika fəaliyyətimiz zamanı hədəflərimiz olur. Tutaq ki, hər hansı bir məqalə yazırıqsa, onun auditoriyasının kimlər ola biləcəyini təxmin etməliyik. Xüsusilə, televiziya sahəsində peşəkarlıq məsələsinə ciddi yanaşılmalıdır. Çünki müəyyən yaş qruplarından tutmuş, efirə gedən materialın hansı saatda olmasına qədər peşəkarlıq göstəricisinə təsir edir. Məsələn, hazırda dünyada koronavirusla mübarizə aparılır. İnsanlar təşviş və həyəcan içərisindədir. Ailəsinin yaşlı üzvləri, övladları üçün narahat olanlar var ki, onlar cəmiyyətin həssas qruplarıdır və bu kimi qruplara ünvanlanmış bəzi informasiyalar onları panikaya sala bilir. Düşünürəm ki, bütün informasiyalar hər kəslə bölüşülməməlidir. Eyni zamanda jurnalist informasiyanın mənbəyini araşdırmadan məlumat verə bilməz.

Əxlaqi vəzifələr dedikdə isə bir əhvalatı xatırladım. Bir dəfə Qara Qarayev radioya irad bildirərək deyir ki, efirdə insanların zövqünü korlayan musiqilər gedir. Məktublar şöbəsinin direktoru Qarayevə bir topa məktub göstərir. Qeyd edir ki, insanlar bunları istəyir. Qarayevin cavabı isə bu olur: “İnsanların istəkləri onların zövqünü formalaşdırmır. Zövqü formalaşdıran sizsiniz.” Mən də düşünürəm ki, insanların nə istəməsi onları həm də yalnış yönə apara bilər. Hətta buna bir ad qoyulub: “Kütlə psixologiyası” Bəs kütlə kimdir? Birinci bunu aydınlaşdırmaq lazımdır. Bunlar hamısı əxlaqi vəzifələrdir. Ən əsası isə insanlarda zövq formalaşdırmaqdır. 

Sizcə, etikada ən rəhbər qayda hansıdır?

-Mənə görə ən vacib qayda hər şeyə və hər kəsə qarşı ədalətli və vicdanlı olmaqdır.

KİV-də bəzi hallarda şəxsi həyatın toxunulmazlığı məsələsinə də bir çox hallarda əməl olunmur...

- Təəssüf ki, bəzi jurnalistlər bu barədə düşünmədən addım atırlar. Təbii ki, biz öz işimizlə əlaqədar olaraq müxtəlif insanlarla qarşılaşırıq. Onlarla bağlı material hazırlayarkən şəxsi toxunulmazlığa riayət etməliyik. Çünki jurnalist tolerant olmalı və bunu nümayiş etdirməlidir. O, həm də bütün məqamlarda psixoloqdur. Kiməsə elə gəlir ki, şəxsi həyatı qabartmaq tənqiddir. Düşünürəm ki, bu tamamilə qeyri-etikdir. Biz hüquqi dövlətdə yaşayırıq. Konstitusiyada və KİV haqqında qanunda da şəxsi toxunulmazlıq haqqında danışılır. 

Sonda jurnalist olmaq istəyən gənclərə nələr demək istərdiniz?

-Bütün gənclərə, elm, bilik ardınca gedən hər kəsə bu yolda uğurlar arzu edirəm. Onlara bu rəqabət dolu aləmdə öz mövqelərini tutmağı diləyirəm. Fərqi yoxdur aparıcı və ya müxbir olacaqlar. İlk növbədə əsl jurnalist olsunlar. Mən bu adı onlara arzu edirəm. Çünki bu ad çox şərəflidir.

Paylaş
Şərh əlavə et