Bu gün:

Uşağınızı böyüdərkən nələrə diqqət etməlisiniz?


Uşağınızı tərbiyə edərkən, onu tənqid edərkən, onunla planlar qurarkən və ya onu dinləyərkən: xülasə, övladınızı böyüdərkən nələrə diqqət etməlisiniz?

Bir çox insanlar uşaq böyütmək üçün öz mühitlərindən və ya öz tərbiyə təcrübələrindən istifadə edirlər. Uşaqlıq təcrübələrini nümunə götürür və övladlarına tətbiq edirləe. Bir müddətdən sonra istər-istəməz məsləhətlər verirlər. 

Ədalətli və ardıcıl intizam tətbiq edin

İntizam valideynlərə uşaqlara hansı davranışın məqbul və qəbuledilməz olduğunu göstərməyə imkan verir. Bu, onlara uşaqları üçün sərhədlər qoymağa, onlardan nə gözlənildiyini və cəmiyyətdə necə davranmalı olduqlarını öyrətməyə kömək edir. Övladları qarşısında cəmiyyəti ilk təmsil edənlər valideynlərdir. Ona görə də cəmiyyətin gözləntilərini və bu gözləntilərin necə qarşılanacağını ən yumşaq şəkildə çatdıra bilən insanlar valideynlərdir. Uşağı cəmiyyətlə uyğunlaşan yetkin bir insana çevirmək vacibdir. İntizamın tətbiqi həssas məsələdir, çünki eyni zamanda ədalətli və ardıcıl olmaq lazımdır. Ardıcıllıqdakı zəiflik, münasibətlərində öz sərhədlərini qurmağa çalışan uşaqlarda çaşqınlıq yarada bilər.

 Özünə inam yaratmaq üçün tənqidi mülayim saxlayın

Uşağın inkişafı hər gün dəyişir. Onlar təkcə valideynlərinin dediyi sözləri deyil, sözləri deyərkən intonasiyanı da eşidirlər. Onlar öz bədən dilini müşahidə edir və tanıyır və üz ifadələrini izləyirlər. Uşaqlar və valideynlər arasındakı əlaqə, şifahi ünsiyyətdən başqa, qeyri-şifahi ünsiyyət vasitəsilə, hər hansı digər insan münasibətlərindən daha intensiv şəkildə inkişaf edir. Valideynlər uşaqları ilə qeyri-sabit, tənqidi və ya sevgisiz davrandıqda, uşaqlar özlərini dəyərsiz hiss edirlər. Bəzi valideynlər övladlarının pis davranışlarına diqqət yetirir və onları daim tənqid edirlər. Müəyyən dərəcədə tənqid lazım ola bilər, ancaq uşaq yalnız qəzəb və tənqid eşidirsə, özünə inamı zəifləyəcək.

 Qucaqlayın və sevdiyinizi söyləyin

Uşağınızı qucaqlamaq, tərifləmək və onu sevdiyinizi söyləmək onun yaxşı davranışlarını inkişaf etdirməsinə kömək edəcək. Əgər uşağınız mənfi davranış nümayiş etdirirsə, uşağınızı deyil, yalnız onun davranışını tənqid edin. Əslində bir çox valideynlər bu vəziyyəti daha da qabağa götürərək övladlarına uzun müddət zərər verəcək sözlər işlədirlər. Psixoterapevtlər deyə bilər ki, müştəriləri uşaqlıqda qarşılaşdıqları sərt dildən zərər görüblər. “Səni görmək istəmirəm”, “məndən iyrənirsən” və ya ən pisi, “artıq səni sevmirəm” kimi ifadələr uşaqları çox incidir və sonrakı həyatlarında onların münasibətlərinə mənfi təsir göstərir. Uşağınızı digər uşaqlar və ya bacı-qardaşlarla müqayisə etmək və alçaltmaq başqa bir zərərli davranışdır.

Uşağınızı planlarınıza daxil edin

 İndiki iş şəraitində ailə üzvlərinin bir-birinə vaxt ayırması çox çətindir. Bu səbəbdən bir çox valideynlər yalnız bir neçə ictimai fəaliyyətdə övladlarının yanında ola bilirlər. Uşaqla daha çox vaxt keçirmək üçün bütün ailə üzvlərinin axşam yeməyi də daxil olmaqla, bütün ortaq mühitlərdə bir araya gəlməsi və bunu artıracaq rəftarların inkişaf etdirilməsi vacibdir. 

 Səbirlə ona qulaq asın

Uşaqlarınız istənilən vaxt sizin yanınıza gələrək danışmaq və ya sual vermək istədikdə onlara vaxt ayırın və səbirlə qulaq asın. Hər suala cavab verməyə çalışın. Uşaqlar maraqlanır. Valideynlər bu marağı təmin etməsələr, başqaları bu işlə məşğul olacaqlar. Cavablar mühazirə xarakteri daşımamalı, mümkünsə qısa və konkret olmalıdır. Cavabı bilinməyən sualla qarşılaşdıqda bu cavabı tapmaq üçün lazımi səy göstərmək lazımdır. 

Onlara öz məsuliyyətlərini dərk etdirin

Uşaqlarınıza gözləntilərinizi, münasibətlərinizdəki qaydaları izah etsəniz, onlar öz məsuliyyətlərini dərk edəcəklər. Məsələn, evə gec gəlmək, gec yatmaq və s. Beləliklə, uşağınız dürüst və açıq davranmağı öyrənəcək. Ailə daxilində problemlə qarşılaşdığınız zaman bu barədə uşağınızla danışın və müzakirə edin. Uşaqlarınızla düzgün həll yolu tapmağa çalışın. Uşağınızın söhbətinizdə iştirakına icazə verin və ən yaxşı həlli tapmağa çalışın. Belə görüşdə iştirak edən uşaqda özünə inam yaranır və effektiv ünsiyyət qurmağı öyrənir.

Unutmayın ki, siz onun nümunəsisiniz

Uşağınız davamlı olaraq sizə baxaraq həyatda necə var olacağını öyrənir, söhbətlərinizi və davranışlarınızı izləyərək sizi təkrarlayır. Çünki siz uşağınız üçün ən yaxşı modelsiniz. Övladlarınıza hörmət, şəfqət, dürüstlük, istiqanlılıq, səxavət göstərsəniz və bu cür davrandıqları zaman onları təqdir etsəniz, onlara bu davranışları göstərə bilərsiniz.

Mənbə : Habertürk

Tərcümə etdi : Aysel Aslanova 

Paylaş
Şərh əlavə et