Bu gün:

"Qafqaz kişisinin oğlan uşaq istəyi..."


24media.az-ın budəfəki müsahibi Azərbaycan Tibb Universitetinin II Mamalıq və Ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru mama-ginekoloq Ellada Sarıyevadır. O, hamiləliyin 12 həftəsindən sonra abort etdirməyin fəsadları, cinsiyyətə görə abort yolunu seçməyə məcbur edilən qadınlar barədə suallarımızı cavablandırıb. 

Ellada Sarıyeva AR Konstitusiyasına əsasən qadınların abort etmə hüquqlarından bəhs edib:

"Abortlar iki cür olur. Süni-selektiv abort - tibb işçisi tərəfindən tibbi və sosial səbəbdən hamiləliyin pozulması, özbaşına abort heç bir həkim müdaxiləsi olmadan müəyyən səbəbdən hamiləliyin pozulmasıdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə qadının hamiləliyin 12 həftəsinə qədər öz arzusu ilə heç bir dölün eybəcərliyi olmadan belə, yəni tibbi və sosial göstəriş olmadan süni-selektiv abort etdirmək hüququ var. 12 həftəliyinə qədər tibbi və sosial göstərişlərə görə selektiv abortları icra edirik. Bu üzrə Azərbaycan Səhiyyə Nazirliyinin klinik protokolu var. Həmin klinik protokolda selektiv abortların tibbi və sosial göstərişləri aydın şəkildə əks olunub. 12 həftəliyinə qədər yalnız bu göstərişlərə əsasən xəstəxana daxilində xüsusi komissiyanın iştirakı, imzası ilə, ultrasəs müayinə metodundan sonra süni abort - selektiv abort həyata keçirilir". 

"Selektiv aborta 70-80% hallarda uşaq dünyaya gətirə bilən yaşlarda olan, yəni reproduktiv yaş dövründə olan qadınlar müraciət edirlər".

Müsahibimiz deyib ki, uşaqlığında çapığı, körpə uşağı olan, hamiləlikdən qorunma tədbirlərindən istifadə etməyən qadınlar selektiv abort etdirmək üçün müraciət edirlər: 

"Əgər uşaqlıqda çapıq varsa, keysəriyyə əməliyyatı və ya doğuşlar arasında az fasilə veribsə, hamiləliyin kiçik müddətlərində hamiləliyin pozulmasını icra edirik".

Həkim bildirib ki, döldə müəyyən həyatla uzlaşmayan inkişaf anomaliyası - Edvards, patal, ağır və xromosom, genetik sindiromlar aşkar olunub, belə döllər hamiləlik başa çatdırılarsa, hətta doğulsa belə həyatla uzlaşmayan qüsurları ilə-ürək, beyin qüsurları ilə bağlı ölüm ehtimalı baş verə bildiyinə görə hamiləliyin pozulmasına icazə verilir: 

"Lakin bunun üçün hamilə qadının ultrasəs mütəxəssinin rəyi olmalı, həmin inkişaf qüsuru təsdiq olunmalıdır və doğum evində müalicə həkiminin eləcə də şöbə müdirinin imzası ilə rəsmi şəkildə hamiləliyin bitirilməsinə yalnız xəstəxana daxilində qərar verilməlidir". 

Ginekoloq qeyd edib ki, hamiləlik ananın həyatı üçün təhlükə yaradırsa, bitirilə bilər: 

"Qadının ağır bir xəstəliyi ola bilər və o bilmədən hamilə qala bilər. Məsələn ağır bir ürək patalogiyası, şəkərli diabet xəstəlikləri var, o zaman hamilə qalmağa icazə verilmir. Ancaq bu patalogiyaları təsdiq edən mütəxəssisin rəyindən sonra xəstəxana daxilində selektiv aborta icazə verilir. Əgər ailədə dörd, beş, ondan artıq uşağın olması hal-hazırda Azərbaycan Səhiyyə protokoluna görə süni aborta göstərişdir. Xüsusilə o halda ki ananın sosial imkanları zəifdir, yaşayış evi yoxdur, həyat yoldaşı həbsxanadadır. Bu hallarda da xüsusi orqanların arayışı əsasında selektiv abort xəstəxana daxilində icra oluna bilər".

O bildirib ki, süni mayalanma texnologiyasında 3 və yaxud 4 döl əldə edilibsə, (süni mayalanma zamanı ola bilər ki, ikidən artıq, çox döllər əldə olunsun) döllərin saxlanılması hamiləliyin ağırlaşmasına, vaxtından əvvəl doğuşa səbəb ola, penatom nəticələri ağırlaşdıra bilər: 

"Vaxtilə uşaq dünyaya gətirə bilmədiklərinə görə ikidən artıq dölün olması hallarında onu reduksiya edirlər, yəni digər dölləri inkişafdan saxlayırlar. Bu məqam da selektiv aborta göstərişdir. Lakin minimum iki dölün saxlanılması məsləhətə uyğundur. Cinayət hadisəsi - zorlanma baş verdikdə, bu hal hüquqi orqanlar tərəfindən təsdiq olunduqda qadının razılığı olduğu təqdirdə qərar verilir, xəstəxana daxilində hamiləliyin pozulması həyata keçirilir".

"Klinik təcrübəmizdə ekstragentral xəstəliyi, ağır şizofreniya xəstəliyi olan qadında hamiləlik aşkarlanır, qadının ağır ruhi xəstəliyi olduğuna görə psixiatr tərəfindən vəziyyətin ağır olduğu təsdiq olunduqdan sonra hamiləliyin pozulması məsələsi qərarlaşdırılıb". 

Mama-ginekoloq vurğulayıb ki, əgər hamiləliyin 12 həftəsindən sonra selektiv abort edilərsə, gələcəkdə böyük fəsadlar yarada bilər: 

"Uşaqlığın iltihabi xəstəliyinə, uşaqlığın içərisində endrometrium birləşmələrə və sonsuzluğa, növbəti hamiləliklərdə vaxtından qabaq hamiləliyin pozulmasına səbəb ola bilər. Böyük həftələrdə süni abortun icrası zamanı uşaqlıq böyük, yumşaq olduğuna görə uşaqlığın zədələnməsi - perforasiya, cırılması, qanaxmalar baş verə bilər. Bu səbəblərə görə böyük həftələrdə abortun icra edilməsi təhlükəlidir".

Ellada Sarıyeva vurğulayıb ki, qadınlar, adətən, cinsi partnyoru - həyat yoldaşı, birinci dərəcəli qohumları - anası, qayınanası, bacısı ilə birgə selektiv abort üçün müraciət edirlər: 

"Bəzən tək də müraciət edirlər. Sadəcə abort əməliyyatı zamanı fəsadlar yarana bildiyi üçün məsləhət görürük ki, prosesin nəticəsini yaxınlarından kimsə gözləsin".

Müsahibənin sonunda Ellada Sarıyeva bildirib ki, uzun müddət sonsuzluqdan əziyyət çəkib müalicə olunan pasiyentlər də müraciət edirlər:

"Demək olar ki, xəstələrin üçdə ikisi ilə uzunmüddətli söhbətlər edib onların qərarlarını dəyişdirməyə nail olmuşam. Hiss edirəm ki, qadınlar hər biri cinsindən asılı olmayaraq, qız uşağı olsa belə, körpələrini abort etdirmək istəmirlər. Sadəcə olaraq Qafqaz kişisinin oğlan istəyi məsələsi, ailə üzvlərinin, qayınananın, anasının, yaxın qohumlarının təzyiqləri nöqteyi- nəzərindən məcburiyyət qarşısında bu qərarı verirlər. Azərbaycan qanunvericiliyinə əsasən, qız uşağı olduğuna görə selektiv abort edilərsə, cəza tədbirləri görülməlidir".

24media.az BMT-nin Əhali Fondunun məlumatına görə xatırladır ki, Azərbaycan yeni doğulmuşların cins nisbətinin pozulmasına görə dünyada ilk yerdədir. Belə ki, 2021-ci ilin sonuna olan rəsmi statistikaya əsasən, ölkədə doğulan hər 100 qız uşağına 116 oğlan uşağı düşüb. 2022-ci ilin statistikası bu rəqəmin 4 vahid azalaraq 112-yə endiyini göstərir. Yəni ən sonuncu rəsmi statistika Azərbaycanda doğulan hər 100 qız uşağına 112 oğlan uşağının dünyaya gəldiyini deyir. Göstəricinin 4 vahid azalmasına baxmayaraq, Azərbaycan hələ də yenidoğulmuşların cins nisbətinin pozulmasına görə dünyada ilk sırada yer alır.

Hazırladı: Nuran Əhmədzadə 


Paylaş
Şərh əlavə et