Bu gün:

“ Qiymət artımına təsir göstərən önəmli məsələlərdən biri də…”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı iqtisadi ekspert Həzi Eynalovdur. Ekspert yeni ilin yaxınlaşması ilə əlaqədar uçuş biletlərindəki artımdan danışıb. 

- Yeni ilə sayılı günlər qalıb. Bununla əlaqədar təyyarə qiymətlərində artım müşahidə olunacaqmı? 

Bazardakı tələb və təklif qanunlarına görə, tələbin artması həmişə qiymətlərin artmasına gətirib çıxardan bir nəticədir. Yeni ilə sayılı günlər qalıb, bu məqsədlə xaricə getmək tələbi də artır. Bayram yaxınlaşdıqca da qiymət artımı müşahidə olunur. Qiymət artımına təsir göstərən önəmli məsələlərdən biri də quru sərhədlərin bağlı olmasıdır. Bu da hava yolları ilə olan uçuşlarda tələbin artmasına səbəb olan faktorlardan biridir. Həm beynəlxalq səviyyədə, həm də ölkəmizdə qiymət artımı müşahidə olunacaq. Həmçinin ötən il ilə də müqayisədə qiymətlərdə fərq görüləcək. 

24media.az qeyd edir ki, 2023-cü ildə aviabiletlər qlobal miqyasda Avropa-Asiya marşrutlarında 12 faiz, Şimali Amerika-Asiya uçuşlarında isə 10 faiz artacaq. Asiya-Avropa marşrutu üzrə 12 faiz artım ekonom sinif tariflərinə aiddir, qitələrarası biznes sinif biletlərinin isə orta hesabla 7,6 faiz artacağı proqnozlaşdırılır. Şimali Amerika-Asiya tarifləri biznes sinfində 5,6 faiz arta bilər. Ən böyük dəyişikliklərdən biri Avstraliya daxilində təxminən 19 faiz bahalaşacağı proqnozlaşdırılan biznes sinif biletləri olacaq. Avropanın da tələbata nisbətən hava yollarının tutumu çatışmazlığı ilə əlaqədar olaraq, gələn il regiondaxili hava səyahətinin biznes sinifdə 6 faiz və ekonom sinifdə 5.5 faiz artacağı gözlənilir. Şimali Amerika-Avropa marşrutu üzrə gediş haqqı 2022-ci ilə nisbətən 3,7 faiz baha olacaq. 2019-cu illə müqayisədə Asiyadan Şimali Amerikaya ekonom sinif aviabiletləri demək olar ki, 23 faiz, biznes sinif isə təxminən 15 faiz bahalaşacaq.

Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et