Bu gün:

“Autizmli uşaqlar fortepianoda ifa edərkən əsəbləri sakitləşir“


24media.az-ın ‘’ 1 sual, 1 cavab’’ rubrikasının növbəti müsahibi Fortepiano müəllimi Zemfira Cabbarovadır. O bizimlə autizmli uşaqlarla işləmək barədə təcrübələrini bölüşüb, yeni müəllimlərə tövsiyələrini verib.


-Müəllim olmaq istəyən tələbələr fərqli uşaqlarla işləyərkən nəyə diqqət etməlidirlər? 



Uşaqlarla, xüsusən də autizmli uşaqlarla işləmək çox çətindir. Hazırda mənim sinfimdə 2 nəfər təhsil alır. Davamiyyətləri də yüksək səviyyədədir. İlk dərslərində onlarla məşğul olmaq olduqca çətin idi. Çox aqressiv idilər və sözləri də düzgün tələffüz edə bilmirdilər. Onlarla mən dərsləri not üzərindən keçmirəm, lakin musiqi duyumu və yaddaşları kifayət qədər yaxşı olduğu üçün mahnılar öyrənirlər. Məsələn, dərs müddətində öyrəndikləri bütün mahnıları neçə illər keçsə də, ifa edə bilirlər. Lakin autizm xəstəliyinin növləri var. Elə uşaqlar da var ki, çox kompleksli olurlar, heç kimin yanında ifa etmək istəmirlər. Halbuki kifayət qədər repertuar bilirlər. 

Ən əsası autizmli uşaqlarla, ümumiyyətlə, bütün uşaqlarla elə davranmaq lazımdır ki, uşaqların psixologiyası korlanmasın. Baxmayaraq ki, mən musiqi müəlliməsiyəm, uşaqların sözləri düzgün tələffüz etməyinə də fikir verirəm. Hər bir müəllimdə uşaqlara fərdi yanaşma bacarığı olmalıdır. Autizmli uşaqlar fortepianoda ifa edərkən əsəbləri sakitləşir, fikirlərini cəmləməyi öyrənirlər, öz düşüncələrini asanlıqla musiqi vasitəsilə ötürə bilirlər. Mənim izah etdiklərimi qavraya bilirlər. Hər il ADMİU və ADPU-dan IV kurs tələbələri təcrübə üçün mənim sinfimə gəlir. İlk növbədə, onlara sözüm o olur ki, auditoriyaya daxil olanda siz tələbələri özünüzə cəlb edib onlara özünüzü sevdirməlisiniz. Sonra siz fənninizi sevdirə biləsiniz. Əgər bu metodu bacarsanız, deməli, müəllimlikdə siz qalibsiniz.


Aytən Nazim

Paylaş
Şərh əlavə et