Bu gün:

Musiqi dinləmək həmişə bu qədər asan deyildi


Yadınıza hansısa mahnı düşdü? Telefonu əlinizə alıb qulaq asa bilərsiniz. Sevdiyiniz müğənni və ya qrupun yeni albomu çıxıb? Telefonunuza və ya kompüterinizə yükləyin və istədiyiniz yerdə dinləyin. Nə qədər sadə və asandır... Yaxşı, sizcə, keçmişdə hər şey bu qədər asan idimi? 150 il əvvələ qədər (yəni babanız anadan olanda) musiqiyə qulaq asmaq üçün insanlar musiqinin canlı səsləndiyi yerdə olmalı idilər. Çünki biz hələ musiqini və ya insan səsini yazmağı, sonra onu səsləndirməyi bacarmırdıq. İndi isə səsyazma çox asan prosesdir. Ona görə də, musiqinin bir yerdən başqa yerə necə hərəkət etdiyini və zamanla necə formalaşdığını göstərmək üçün sizi bir az keçmişə aparmalıyıq!
1878-ci il
Tomas Edison üzərində boru olan nəhəng bir qutu hazırladı. Onun fonoqraf adlandırdığı bu alət səsləri yazan və sonra səsləndirə bilən ilk cihaz idi.

Sonrakı illərdə səsin keyfiyyətini yaxşılaşdıran yeni bir cihaz da hazırlandı: qrammofon. Əgər bəxtiniz gətiribsə, bəzi evlərdə valları çalan qrammofon görmüsünüz. Çünki qrammofon ən geci 1900-cü illərin ortalarına qədər istifadə edilən musiqi dinləmə aləti idi.
Daha sonra1960-cı illərdə kasetlər peyda oldu. Bir zamanlar musiqi dinləmək üçün ən çox yayılmış vasitə kasetlərdən istifadə hesab olunurdu. Kasetlər iri plastinalardan və lentlərdən xeyli kiçik idi. Üstəlik,  hər kəs musiqini istənilən yerdə yaza bilərdi. Siz öz səsinizi və ya mahnınızı lentə yazıb poçt ilə dostunuza göndərə bilərdiniz. Bu, o vaxt üçün böyük bir yenilik idi!

1980-ci il
1980-ci illərdə gəzərkən musiqi dinləməyə imkan verən cihaz- valkman buraxıldı (daha bir möhtəşəm yenilik!) Bu portativ kaset pleyer idi. Bu cihaz vasitəsilə hətta səyahət edərkən musiqi dinləmək mümkün hala gəldi.
1990-cı il
1990-cı illərdə rəqəmsal texnologiya səhnəyə çıxdı. Musiqi artıq CD adlanan disklərə yazıla və yüksək səs keyfiyyəti ilə dinlənilə bilərdi. Sonrakı illərdə daha keyfiyyətli dinləmə təklif edən DVD-lər buraxıldı. Bunlarla təkcə səsi deyil, görüntüləri də yazmaq mümkün idi. Üstəlik, onları işə salmaq üçün CD pleyer və ya DVD pleyer tələb olunmurdu, çünki kompüterlər də eyni işi görə bilirdi.
Nəhayət, bu gün internet o qədər geniş yayılıb ki, musiqi dinləmək çox asanlaşıb. İndi siz evdən çıxmadan onlayn albomlar ala və hətta ən son kliplərə baxa bilərsiniz. İnternetdə zövünüzə uyğun mahnı tapıb onu dinləyə bilərsiniz. Və bütün bunları istədiyiniz yerdə, hətta parkda istirahət edərkən də edə bilərsiniz.


Mənbə: kumbaradergisi.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et