Bu gün:

“Şagirdin ilk yaşlarında ana dilində təhsil alması…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi təhsil eksperti Qoşqar Məhərrəmovdur. O, Azərbaycan məktəblərində rus dilində təhsil alanların sayının sürətli şəkildə artmasından danışıb.

-Bəzi valideynlər övladlarının rus dilində təhsil almasını istəyirlər, bu təhsil prosessində hansı maneələrə gətirib çıxarır?

Bu, birinci növbədə, şagirdlərin öyrənmə çətinliyinə gətirib çıxardır. Müxtəlif elmi tədqiqatlar göstərir ki, əgər şagird ibtidai təhsil səviyyəsində ana dilində təhsil almayıbsa, çətinliklərlə qarşılaşacaq. Şagirdin ilk yaşlarında ana dilində təhsil alması, onun komfort zonasıdır. Bir insanın ana dilində təhsil alması, ana südü içməsinə bənzəyir. Ona görə də şagirdlər ana dilində təhsil almadıqları zaman çətinlik çəkirlər. Evdə istifadə olunan dil, təhsil alınan dillə eyni deyilsə, bu, müəyyən çətinliklərə gətirib çıxardır. İkinci məsələ isə artıq milli məsələdir. Biz cəmiyyətimizdə vətəndaşların ana dilində danışmağını istəyirik. Bu, ölkə məsələsidir, milli məsələdir. Əgər şagirdlər rus bölmələrinə yönəlirsə, onlar istər-istəməz rus mənbələrindən faydalanır, kitabı, jurnalı rus dilində oxuyur, rus televiziyasına baxır, bunun da müəyyən fəsadları ola bilir. Dəyərlərin təlimi, vətənpərvərlik təbliği ilə bağlı problemlər yarana bilir. Üçüncü məsələ isə Azərbaycan artıq 1991-ci ildən bəri müstəqil bir ölkədir, ərazi bütövlüyünü bərpa edib. Ölkədə müəyyən bir yaşa çatanda iş tapa bilmək üçün onlar yenə də Azərbaycan dilini öyrənməli olacaqlar. Əmək bazarında onlarda həm yaxşı azərbaycan dili, həm də rus dili bacarıqları tələb olunacaq. Dövlət orqanlarında isə azərbaycan dilini yaxşı bilməyənlər müxtəlif problemlərlə qarşılaşacaqlar, ehtimal ki, o insanlar da azərbaycan dilini öyrənmək üçün kursa getməli olacaqlar. Bu üç məsələni qeyd etmək olar ki, rus dilində təhsil alan, amma birinci dili rus dili olmayan ibtidai sinif şagirdləri çətinlik çəkəcəklər və gələcəkdə problemlər doğulacaq. Rus sektorlarının azərbaycan sektorlarından bir fərqi yoxdur, müəllim də Azərbaycanlıdır, dərslik də Azərbaycanda nəşr olunur, kurikulum yenə Azərbaycanın kurikulumudur, ona görə də əslində, dəyişən heç nə yoxdur, sadəcə, fərqli dildə keçirilir. Rus dilini öyrənmək üçün rus bölməsinə getməyə ehtiyac duyulmamalıdır. Azərbaycan sektorlarında xarici dil dərslərinin keyfiyyətini artırsaq, rus və ingilis dilini yaxşı tədris edə bilsək, insanlar məhz dil öyrənmək məqsədi ilə başqa bölmə seçməyə ehtiyac duymayacaq.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et