Bu gün:

Cizgi filmlər, televiziya proqramları uşaqların psixologiyasına necə təsir edir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərovadır. O, televiziya verilişlərinin və cizgi-fimlərin uşaqların psixologiyasına təsiri haqqında danışıb.

 

Sizcə, cizgi filmlər, yaxud digər televiziya proqramları uşaqların psixologiyasına necə təsir edir?

 

Televiziya və cizgi filmlərinin uşaqlara psixoloji təsiri fərqlidir. Çünki fərqli cizgi-filmlər, və televiziya verilişləri var. Elə cizgi filmlər vardır ki, onlar çox maarifləndiricidir. Həm dəyərlər baxımından, həm də bilik baxımından faydalıdır. Hətta mən deyərdim ki, məktəblərin öyrədə bilmədiyi məlumatları cizgi-filmlər çox maraqlı şəkildə uşaqlara öyrədir. Cizgi filmlərdə emosional sfera, hərəkətlilik, rəngarənglilik olduğu üçün uşaqlar bunu daha tez yadda saxlayırlar və unutmurlar. Məktəblərdə dərsliklərdəki materialların təqdimatı zamanı cizgi filmlərdən də istifadə olunsa, daha effektiv olar. Çünki bütün psixoloji məqamların nəzərə alınaraq çəkildiyi cizgi filmlər çoxdur. Bunlar daha çox türk, rus, ingilis dilində olanlara təsadüf edir.     

 

Verilişlərə gəlincə isə nəinki uşaqların, böyüklərin də psixoloji durumunu korlayan və bilgisiz insanları yalnış istiqamətləndirən verilişlər çoxdur. Təəssüf ki, reytinqi yüksək olan bəzi verilişlər vardır ki, valideynlər uşaqları ilə birlikdə buna baxırlar. Burada insanlara həm tibbi, həm psixoloji, həm də məişət mövzularında yalnış informasiyalar verirlər. Artıq aparıcılar hər şey üzrə mütəxəssis olublar. Hər kəsə müdaxilə edə bilirlər, nəyin doğru, nəyin yalnış olduğuna qarışırlar. Amma reytinq xətrinə cəmiyyətin bu qədər yalnışa sürüklənməsi bir cinayətdir. Mən televiziyaya baxmıram, övladlarıma da icazə vermirəm. Çünki orada onların, yaxud mənim baxıb maariflənə biləcəyim heç bir veriliş yoxdur. Mədəniyyət kanalı və s. istisnadır. Çox reytinqli verilişlərə çağırılan həkimlər, psixoloqlar və digər ekspertlərin heç biri peşə etikasından xəbəri olmayan insanlardır. Ona görə də hansısa bir elmi sahəni məişət səviyyəsinə endirirlər, hətta elmi aspektdən yanaşan insanlara belə aparıcı müdaxilələr edir.


Televiziyadaki verilişlərə çox ciddi nəzarət edilməlidir. Daha çox bu verilişlər evlərdə yaşlı nəsil insanlar tərəfindən baxılır. Onların oradan öyrəndikləri gənclərə, uşaqlara məcburən tətbiq edilməyə çalışılır.

Bilirsiniz ki, biz milli mentalitet ifadəsi altında qorxu və basqı cəmiyyətiyik. Nə qədər ali savadlı, oxumuş olsaq da, bizdə sistem dəyişməmişdir. Xoşbəxt olmayan yaşlılar gənclərin həyatına müdaxilələr edirlər və hansı ki,  onların bu əməlləri televiziyadan qaynaqlanır. Ailələrin içindəki münaqişələr də, elə buradan başlayır.

 Ciddi nəzarət lazımdır. Elm hər şeyin üstündən gəlməlidir. “Bu mənim fikrimdir, bu mənim düşüncəmdir” ifadələri müəyyən qədər yığışdırılmalıdır. Elmlə, şəxsi fikirlər ayırd edilməlidir. Elm bitərəf bir sahədir. Artıq televiziyaya elm gəlməlidir. Necəki bizim təhsil nazirliyinin adına gəldi-Elm  və təhsil nazirliyi, o birinci televiziyaya gəlməli idi. Çünki televiziyanın idarəsi təhsildən daha güclüdür. Ailələr ordan informasiyanı alır, və övladlarına onu mənimsədirlər. Məktəb uşaqlara istədiyi biliyi ötürə bilmir. Artıq o şagird evdə başqa sistemdə gəlir. 2 sistem bir-birinə müqavimət göstərir. Hətta biz məktəblərdəki psixoloqların çalışmaları zamanı üzləşdikləri çətinliklərdən bunu görürük.

Ona görə də bütün media, radio, sosial şəbəkələr, televiziya hər birinin təməli elm olmalıdır. Elmdən kənar danışan insanlar toplu içində danışmamalıdır. 


Türkanə Məşədiyeva

Paylaş
Şərh əlavə et