Bu gün:

Azərbaycan mədəniyyəti



Azərbaycan mədəniyyəti indi parlaq rənglər və ehtiraslı hisslərin təzahürləri ilə ifadə olunan minilliklər tarixi ilə səyahətçiləri şirnikləndirir. Döyüşən türk tayfalarının köçəri adət-ənənələri oturaq fars həyat tərzi və ərəb-islam ideologiyası ilə birləşdiyindən indi Azərbaycan kimi tanınan bu Avrasiyanın qovşağında özünəməxsus ənənələr yaranmışdır.

Azərbaycan mədəniyyəti ölkənin canlı, simvolik rəqslərində, zərif miniatür rəsmlərində, əl ilə toxunmuş nəfis xalçalarında, qabaqcıl teatr və kino əsərlərində hiss olunur. Tarix və əfsanə rəngarəng epik hekayələrdə birləşir, Azərbaycanın orta əsr sarayları, davamlı sovet tikililəri və rekord vuran göydələnlərdə keçmişin gözə çarpan xatırlatmaları görünür.

Ənənəvi Azərbaycan həyat tərzləri hər bölgədə fərqlidir, hər biri özünəməxsus musiqiyə, sənətkarlığa və folklora malikdir. Bu zənginliyi uzunmüddətli səyahətlər, muzey turları və ölkənin hər yerindən rəssamları cəlb etdiyi məlum olan Azərbaycanın bir çox festivallarında iştirak etməklə yaşamaq olar.

Azərbaycan tətbiqi sənəti yarandığı gündən Azərbaycan mədəniyyətində mühüm rol oynamışdır. Gədəbəy, Mingəçevir və Naxçıvan şəhərlərində aparılan arxeoloji tədqiqatlar zamanı yaşı 5000 ildən az olmayan metal və misdən hazırlanmış sənət əsərləri aşkar edilmişdir. Orta əsrlərdə Gəncə, Quba, Şirvan, Şəki, Bakı və Qarabağdan olan Azərbaycan sənətkarları İpək Yolu boyu şöhrət qazanmışlar, çünki onların məhsulları səyyar tacirlərə satılaraq bütün dünyaya yayılmışdır. Məsələn, Kremlin cəbbəxanasının ən qiymətli artefaktlarından biri 16-cı əsrdə yaşamış azərbaycanlı sənətkar Məhəmməd Mömin tərəfindən Dəməşq poladdan hazırlanmış möhtəşəm qalxandır. Parça o qədər keyfiyyətli idi ki, bir vaxtlar rus çarı Mixail Fyodoroviçin silah anbarının bir hissəsi idi.


Azərbaycan folkloru mərdlik, müdriklik, xeyirxahlıq, təbiətə ehtiram və milli qürur kimi məhəlli dəyərlərin yaradıcı ifadəsidir ki, bu dəyərləri sehrli şifahi və yazılı nağıllarda izləmək olar. Azərbaycanın ilk əfsanələrindən bəziləri yalnız Novruz bayramı və digər mühüm hadisələrlə bağlı ayin tamaşaları, digər folklor nümunələri isə dastan və poema vasitəsilə bizə çatdırılmışdır.

“Oğuznamə”, “Koroğlu" dastanı və “Kitabi-Dədə Qorqud" kimi məşhur əsərlərdən göründüyü kimi dastanlar Azərbaycan folklorunda mərkəzi janr olaraq qalmışdır. Bu dastanların qorunub saxlanmasında aşıq adlanan Azərbaycan ozanlarının əvəzsiz rolu olub, bu dastanlar əxlaqi-ictimai kodun möhkəmlənməsinə kömək etməklə yerli düşüncəyə böyük təsir göstərmişlər.


Azərbaycan musiqisi və rəqsi 4000 il ərzində təkmilləşmiş yerli incəsənətin ən ifadəli formalarından biridir. Bu gün onlar regionda illər boyu məskunlaşmış müxtəlif sivilizasiyaların ənənələrini əks etdirir.


Tarix boyu Azərbaycan ədəbiyyatı iki fərqli formada formalaşmışdır: şifahi xalq ənənələri və yazılı əsərlər. Hər iki yerli düşüncə ifadəsi özünəməxsus təsirlər altında inkişaf etmiş və hər ikisi Azərbaycan xalqının yaradıcı, ehtiraslı meylinin gözəl nümunələri kimi xidmət etməkdə davam edir.

Bu gün Azərbaycan ədəbiyyatının ən çox tanınan əsərlərindən biri də ilk dəfə 1937-ci ildə Vyanada Qurban Səid təxəllüsü ilə nəşr olunan “Əli və Nino" adlı sevgi hekayəsidir.


Azərbaycan ədəbiyyatı ilə maraqlanan hər kəs üçün 12-ci əsrin dahi şairi Nizami Gəncəvinin əsərləri mütləqdir. Tarixin ən məşhur Azərbaycan şairi kimi onun irsi Bakıdakı Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində və doğulduğu Gəncə şəhərində geniş şəkildə qorunur.


Mənbə: advantour.com 

Tərcümə etdi: Ləman Əliyeva

Paylaş
Şərh əlavə et