Bu gün:

"Mixail Papov məni görüb futbola cəlb etdi"


24media.az-ın budəfəki qonağı əməkdar məşqçi İslam Kərimovdur. O, uşaq futbolu və öz karyerası haqqında danışıb. 


Necə oldu ki, futbol sahəsinə gəldiniz?

"1979-cu ildə Bakı şəhərinin NZS qəsəbəsində məhəllə arasında futbol yarışı var idi. Həmin vaxt “Neftçi” komandasının keçmiş futbolçusu Mixail Papov məni görüb futbola cəlb etdi və 1985-ci ilə qədər uşaq-gənclər komandasının tərkibində Bakı çempionatında oynadım". 


Fəaliyyətinizin daha çox hissəsini uşaq futboluna həsr etmisiniz, niyə məhz bu sahə?


"İlk dəfə 1989-cu ildə, yəni tələbə olarkən özümü bu sahədə sınadım və həmin cəhddə də Azərbaycan çempionu oldum. Hər insanın taleyində bir yazı var, uşaq futbol məşqçisi olmaq da mənim taleyim oldu". 


Məşqçi olduğunuz ilk andan bu günə qədər yalnız "Neftçi"də olmusunuz. Bu həmin komandaya qarşı olan sevgidən irəli gəlir, yoxsa başqa bir səbəbi var?

"Nəinki "Neftçi"də, hətta 1992-ci ildə müharibəyə də "Neftçi" klubunun məşqçisi adı altında getmişəm. 1991-ci ildə klubun baş məşqçisi Əhməd Ələsgərov idi. Əhməd müəllimə mənim haqqımda ətraflı məlumat verilmişdi və nəticə olaraq, 1992-ci ilin yanvarından kluba gətizdirildim, o gündən də "Neftçi" futbol klubunda işləyirəm və hesab edirəm ki, bu, düzgün bir qərar olub".


Hazırda Azərbaycanda uşaq futbolunun vəziyyəti sizi qane edirmi? Daha yaxşı olması üçün nələr etmək lazımdır? 

"Milli komanda göstəricilərinə əsasən tam qanə etmir. Məncə, akademiyaların sayı artmalıdır, xüsusilə də bölgələrimizdə, məsələn, Gəncə, Tovuz, Mingəçevir, Zaqatala və digər bölgələrdə daha çox akademiyalar açılmalıdır. Nə qədər çox akademiya olsa, bir o qədər çox inkişaf olar, çünki fitri istedadlı uşaqların əksəriyyəti bölgələrdədir".



Bəs sizcə, bir məşqçi necə olmalıdır?

"Bizim ilkin məqsədimiz bir futbolçu yetişdirməkdən daha çox layiqli vətəndaş, şəxsiyyət yetişdirməkdir. Bir məşqçi kimi isə Azərbaycan Milli komandasına oyunçu yetişdirməli, "Neftçi" futbol klubunun A və B komandası üçün istedadlı uşaqlar üzə çıxarmalıyam, buna görə də, daima üzərimdə işləyirəm. Məşqçi daim öz üzərində işləməli, çalışmalı, mütaliə etməli, biliyini artırmalıdır. Qazandığı nailiyyətlə bir yerdə dayanmalı deyil, davam etməlidir". 


Son olaraq nə əlavə etmək istərdiniz?

"Öncəliklə, öz adımdan 24media.az saytına, rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, uşaq və yeniyetmə futboluna yer verilib. Arzum odur ki, daha çox futbol haqqında məlumatlar işıqlandırılsın, məşqçilər tapılıb üzə çıxarılsın". 


Ləman Əliyeva 

Paylaş
Şərh əlavə et