Bu gün:

Dünyanın ən varlı şəhəri: Dubay


Dünyanın ən varlı şəhəri: Dubay 

Cəmi 20 il əvvəl quraq səhra olmasına baxmayaraq, Dubay indi dünyanın ən zəngin, ən təmiz və təhlükəsiz şəhərlərindən biri hesab olunur. Bəs Dubay necə zənginləşdi? 

İlk məskunlaşması 18-ci əsrə təsadüf edən Dubay şəhəri qəbilə şəhəri kimi qurulmuş və insanların uzun müddət balıqçılıq və buna bənzər kiçik fəaliyyətlərlə yaşadığı kiçik bir sahil şəhəri idi. 19-cu əsrdə şəhəri qoruyan ingilislər 1960-cı illərin sonunda Körfəz bölgəsindən çəkilməyə qərar verdilər və 1971-ci ilin sonunda tamamilə geri çəkildilər. İngilislər torpaqlardan çəkildikdən sonra Əbu-Dabi və Dubay liderləri birləşərək öz bölgələrində birlik yaratmaq qərarına gəldilər və əvvəlcə 6 əmirlikdən ibarət olan, daha sonra isə 7 əmirliklə davam edən Birləşmiş Ərəb Əmirliklərini qurdular. Bölgədə neft 1966-cı ildə kəşf edilmiş və neft ixracı 1968-ci ildə başlamışdır. Bu, Dubayın inkişafı baxımından ən böyük inkişaf olub. Yeddi əmirlik neft məsələsi haqqında görüşlər keçirsə də, Dubayın idarəçiliyini ələ keçirən Maktum ailəsi Dubayı daha çox maliyyə, biznes və turizm sahələrində inkişaf etdirmək istəyib və bu istiqamətdə irəliləyişlər əldə ediblər.

1894-cü ildə xarici ölkələrdən gələnlərin vergidən azad edilməsini nəzərdə tutan yeni qaydalar sayəsində bölgədə ticarət fəaliyyəti artdı. Bu, şəhərə miqrasiya edən əcnəbi işçilərin sayında böyük artıma səbəb olub. Hindistanlı və Pakistanlı tacirlər əla iş şəraitindən yararlanmaq üçün Dubaya axışdılar Bu, Dubay tarixində çox uğurlu bir dövr olsa da, regionun iqtisadiyyatı hələ də tamamilə balıqçılıq, ticarət və mirvari dalğıcından asılı idi. 1950-ci illərdə Yaponiyada süni mirvarilərin ixtirası region iqtisadiyyatının zəifliklərini üzə çıxardı. Lakin maliyyə böhranı uzun sürmədi. 1966-cı ildə Dubay üçün hər şey qəfil dəyişdi, çünki neft kəşf edildi.

Şəhərdə hələ də mövcud olan Cebel Ali Limanı kimi bir çox mühüm yerlərin açılması ilə şəhərin taleyi qısa müddətdə tamamilə dəyişmiş, daha sonra iqtisadiyyat ən yüksək səviyyəyə çatmış və daşınmaz əmlak sektoru, turizm, maliyyə və ticarət həyatı yüksələn bir tendensiya ilə bu günə çatdı.

Dubay Əmirliyi o qədər zəngindir ki, vətəndaşları vergi ödəmir. Vergi ancaq ölkəyə işləməyə gələn əcnəbilərdən alınır. Əslində Birləşmiş Ərəb Əmirliklərində yaşayan və ölkə vətəndaşı olanların nisbəti 17% təşkil edir. Ölkənin yerdə qalan 83%-i müxtəlif millətlərdən olan insanlardan ibarətdir. Bu mənada deyə bilərik ki, Birləşmiş Ərəb Əmirlikləri bir çox fərqli mədəniyyətləri əhatə edən çox kosmopolit bir ölkədir. Bu məlumata görə, ölkədə işləyənlər, ümumiyyətlə, Dubay vətəndaşları deyil, müxtəlif ölkələrdən bura iş icazəsi ilə gələn insanlardır.

Bu gün Dubay ticarət və mədəniyyət mərkəzi, kosmopolit paytaxt şəhəri və Yaxın Şərq və Fars körfəzi regionunda daim inkişaf edən dünya səviyyəli şəhərdir. Sərnişin və yük daşımaları baxımından da nəqliyyat mərkəzlərindən biridir. Dubayın iqtisadiyyatı tarixən neft sənayesinə əsaslansa da, Əmirlik qərb üslublu biznes metodları ilə həyata keçirdiyi turizm, hava yolları, daşınmaz əmlak əməliyyatları və maliyyə xidmətlərində əhəmiyyətli gəlirlər əldə edib.

Mənbə: paratic. com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et