Bu gün:

“Məqsədim top model olmaqdır”- xarici modellə MÜSAHİBƏ


24Media yalnız ölkəmizdə deyil, xaricdə də müxtəlif sahələrdə uğurlu karyera qurmağa çalışan insanları tanıtmağa davam edir. Budəfəki müsahibimiz  belarus əsilli model Daniel Kalinindir. 

"RAD", "Marilyn" kimi bir çox məşhur model agentlikləri ilə çalışan 23 yaşlı, 188 sm boya malik Daniel Kalinin modellikdən öncə boks, tay boks, cüdo və rəqslə məşğul olub. Hazırda həm də blogerliklə məşğul olan Daniel 24Media-ya modellik fəaliyyəti barədə ətraflı danışıb:

Modelliyə necə başladınız?

- Modelliyə başlayanda 19 yaşım var idi. Buna qədər rəqs müəllimi kimi fəaliyyət göstərirdim. Model dostum mənim də bu sahəyə marağımın olub-olmadığı ilə maraqlanarkən meyilli olduğumu söylədim. Sonra o, əlaqə vasitəmi indi işlədiyim agentliyə verdi. Görüşdükdən sonra agentlikdən 10 kiloqram arıqlamalı olduğumu bildirdilər. İdman, sağlam qidalanma, bol su qəbul etmək, kalorili qidaları nəzarətdə saxlamaqla 1.5 aya 10 kiloqram çəki itirdim. Bundan sonra modelliklə bağlı onlayn təlimdə iştirak edib fəaliyyətə başladım. 

Model olmağın nə kimi müsbət və mənfi cəhətləri var?

- Üstün cəhətlərinə səyahət etmək, yeni insanlar tanımağı və başqa ölkələrin mədəniyyətləri ilə tanış olmağı, eyni zamanda yaxşı pul qazanmağı misal göstərə bilərəm. O cümlədən, yeni dillər öyrənirsən. İşimlə əlaqədar ingilis dilini öyrənməyə məcbur idim, 3 aya normal danışıq səviyyəsinə gəldim. İtalyan, koreya, çin, yapon, o cümlədən, fransız dillərində sadə danışığı öyrəndim. Təbii ki, hər bir sahədə olduğu kimi, burada da mənfi cəhətlər var. Məsələn, uzun müddət ailədən uzaq qalmaq, ad günü və ya bayramlar kimi önəmli günlərdə iştirak edə bilməmək və s.

Səyahət demişkən, indiyə qədər neçə ölkədə olmusunuz? İşlə bağlı maraqlı səyahət təcrübələrinizi bizimlə bölüşməyinizi xahiş edirik.

- Dəfələrlə Yaponiya, Koreya, Çin, İtaliya, Fransa, Almaniyada olmuşam. Bir dəfə Tokioda olarkən Londondan tanıdığım dostumla rastlaşdım və işimə görə indi getməli olduğumu, amma tezliklə haradasa görüşə biləcəyimizi deyib uzaqlaşdım. "Valentino" şirkəti ilə çəkilişim olduğu zaman işə gəldikdə, təsadüfən, dostumun da burada olduğunu gördüm. Dostlarla işləmək daha əyləncəlidir.

"Kifayətdir, bu işi buraxıram" dediyiniz an olubmu?

- Milanda dəb həftəsi zamanı 39.8 dərəcə temperaturda işləmək məcburiyyətində qalmışdım və 4 saat tərpənmədən dayanmalı idim. Məsul şəxsə yaxınlaşıb "Sizinlə işləmək xoşdur, amma özümü xəstə hiss edirəm",- dedim. O da evə gedib istirahət edə biləcəyimi söylədi.

Çəkilişlər zamanı geyindiyiniz geyimlər öz tərzinizə nə qədər uyğunudur? Ümumiyyətlə, modellikdə hər hansısa limitiniz var ?

- Geyindiyim geyimləri bəyənirəm, tərzim isə dəyişir. Limitə gəldikdə isə bu, dəbdir, hər növ geyimi geyinə bilərəm.

Tanıdığınız azərbaycanlı dizayner və ya modellər varmı? Buraya gəlmək istərdinizmi?

- Xeyr, təəssüf ki, azərbaycanlı model və ya dizayner tanımıram. Amma Azərbaycana gəlmək, əlbəttə, gözəl olardı.

Paylaş
Şərh əlavə et