Bu gün:

Niyə metallar elektrik cərəyanını yaxşı keçirir?


Gümüş, mis və ya qızıl kimi elektrik cərəyanını yaxşı keçirən metallar tikintidən kənd təsərrüfatına, xüsusilə, texnologiya sektorunda, yəni həyatımızın bir çox sahəsində istifadə olunur. Bəs metallar elektrik cərəyanını necə keçirir?

Metallar Yerin kütləsinin, demək olar ki, dörddə birini təşkil edir. Polad konstruksiyalardan mis kabellərə, alüminium folqalardan zərgərlik məmulatlarına qədər bir çox sahədə istifadə edilən metallar istilik və elektriki yaxşı keçirmə qabiliyyəti, elastik, yaxud parlaq olması kimi xüsusiyyətləri ilə həyatımızda əhəmiyyətli yer tutur. Bəs niyə metallar elektrik cərəyanını yaxşı keçirir?

Bütün digər elementlər kimi, metallar da atomlardan ibarətdir və bu atomlar kristal quruluş yaratmaq üçün təkrarlanan şəkildə düzülür. Eyni zamanda, bu kristal quruluşdakı atomların ətrafında sərbəst hərəkət edə bilən elektronlarla dolu boşluqlar var. Metal atomlarının ətrafındakı elektronlar müəyyən bir atomun ətrafında fırlanmaqdansa, atom qrupları ətrafındakı boşluqlarda sərbəst dövr edir. Bunun səbəbi metalların aşağı elektronmənfiliyə malik olmasıdır, yəni metal atomları arasında əlaqələrin yaranmasında iştirak edən elektronları zəif cəlb etməsidir. 

Birlikdə olan metal atomlarının ən yüksək enerjili elektron qabığında olan valent elektronlar olduqları atomu tərk edərək qonşu atomun valent orbitalına sərbəst hərəkət edə bilirlər. Valentlik elektronları bütün atomlar tərəfindən paylaşıldığı üçün onlar tək bir atoma aid edilmir. Bu şəkildə sərbəst üzən elektronlar bir növ elektron dənizi və ya elektron buludu əmələ gətirir. Sərbəst üzən elektronların yaratdığı müsbət yüklü metal ionları ilə bu elektronlar arasında elektrostatik cazibə qüvvəsi yaranır.

Bir çox atomun cəlb etdiyi elektronların hərəkətliliyi metallara elektrik cərəyanını yaxşı keçirmə qabiliyyəti verir. Sərbəst elektronlara potensial fərq, yəni gərginlik tətbiq edildikdə bu elektronlar metalın içərisindən hərəkət edib elektrik cərəyanını keçirərək elektron dənizi yaradır.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et