
Dünyaca məşhur texnologiya brendi Samsung 1938-ci il martın 1-də Koreyada Li Byung-chul tərəfindən cəmi 30 min von (təxminən 27 ABŞ dolları) kapitalı ilə təsis edilib.
Samsung-un işçilərinin ilkin sayı cəmi 40 nəfər idi və şirkət ilk növbədə qida sənayesində fəaliyyət göstərirdi. Bir çox ərzaq və içkilərin, xüsusilə Çin yeməklərinin, qurudulmuş balıqların və tərəvəzlərin ticarəti ilə məşğul olan şirkətin adı Koreya dilində "üç" mənasını verən Sam və "ulduz" mənasını verən Sung sözlərinin birləşməsindən yaranıb. Samsung sözü Koreya dilində “üç ulduz” deməkdir, ölçü və gücü təmsil edir. İkinci Dünya Müharibəsindən sonrakı dövrdə Koreyada qida sənayesi ilə birlikdə tekstil yüksək gəlirli bir sektor olaraq ön plana çıxdı. 1947-ci ilə qədər Seulda böyüməsini davam etdirən şirkət Koreya müharibəsinin başlamasından sonra ölkənin şimalından çəkilərək cənubda investisiyalarına davam etdi. 1950-ci illərin sonlarına doğru Cənubi Koreyada toxuculuq sənayesi sürətli inkişafa nail oldu.
Bundan sonra Lee Byung-chul Koreyanın ən böyük yun dəyirmanını tikdi və Busanda tekstil fabriki qurdu. 1960-cı illər ərzində şirkət Cənubi Koreyanın ən məşhur tekstil məhsullarını təqdim etdi. 1960-cı illərin sonunda şirkət Cənubi Koreyanın dünya bazarlarına inteqrasiyası prosesində tikintidən gəmiyə, sığortadan reklama qədər bir çox sahədə qida və tekstil sahəsində yüksək uğurunu genişləndirmək istəyirdi. Koreya müharibəsinin ağrılarının hələ təzə olduğu bir dövrdə Cənubi Koreyanın böyüməsinə və verdiyi iş imkanları ilə ağrısını unutmasına böyük töhfə verdi. Bu baxımdan, Cənubi Koreyanın yaxın tarixində Samsung kommersiya markası olmaqla yanaşı, Cənubi Koreya xalqının müharibədən sonrakı dövrdə yüksəlişində ən əhəmiyyətli dinamikalardan biri hesab edilə bilər. Bu gün Samsung törəmə şirkətləri ilə birlikdə bir çox sahələrdə, xüsusən də texnologiya sahəsində fəaliyyətini davam etdirir. Samsung Heavy Industries dünyanın ikinci ən böyük gəmi istehsalçısıdır. Samsung Engineering, 828 metr hündürlüyü ilə dünyanın ən hündür binası ünvanını daşıyan Burj Khalifa-nı tikərək dünya səviyyəsində böyük nüfuz qazandı. Şirkətin mühəndislik bölməsi olan Samsung Techwin təyyarə mühərrikləri və qaz turbinləri bazarında çox mühüm mövqeyə malikdir.
Mənbə: Ofix blog
Tərcümə etdi: Tahirə Bağırzadə
