Bu gün:

MOAİ heykəlləri



Yer üzündə, demək olar ki, heç bir yer Pasxa adası qədər uzaq deyil. Şərqdə Cənubi Amerikadan 4300 mil, qərbdə isə Tahiti adasından 2300 mil məsafədədir.  Okeanın ortasındakı bu kiçik ada dünyamızın ən böyük tapmacalarından birini özündə saxlayır. Bu sirli tapmaca adada yerləşən "Moai" adlı nəhəng heykəllərdir. Adadakı Moai heykəlləri və məbədləri 1722-ci ildə adaya ayaq basan ilk avropalı, alman dənizçisi və kəşfiyyatçısı tərəfindən kəşf edilmişdir.  1935-ci ildə adaya gedən alman dilçi alimi apardığı araşdırma nəticəsində 638 heykəli qeydə alıb, onları növlərinə və ölçülərinə görə təsnif edib. 1969-1976-cı illər arasında aparılan Pasxa Adası Heykəlləri Layihəsi araşdırmasında 887 heykəl qeydə alınıb. Bununla belə, adada ümumilikdə 1000-dən çox heykəl olduğu təxmin edilir. Moai həddindən artıq uzun qulaqları, güclü çıxıntılı çənələri, böyük başları və qolsuz bədənləri ilə insanları heyran edən möhtəşəm heykəllərdir. Onların hamısı eyni formadadır, yaxşı müəyyən edilmiş göz dəlikləri və yastı burunları var. Moai heykəllərindən ən hündür olanı "Paro" adlanır. Paronun uzunluğu təxminən 10 metr, çəkisi isə 82 tondur. Ən ağır Moai 86 ton ağırlığında və natamam idi. Əgər tamamlansaydı, onun uzunluğunun 21 metr, çəkisinin isə 270 ton olacağı təxmin edilir. Ümumiyyətlə, kişi heykəlləri "Moai Kavakava", qadın heykəlləri isə "Moai Pæpæ" adlanır. Heykəllərin 1000-1600-cü illər arasında adanın yerliləri tərəfindən edildiyi təxmin edilir. Onların dini mənası tam bilinməsə də, diri olduğuna inanılan əcdadları təmsil etdikləri düşünülür. Yerlilər yaşadıqları torpağa “quş adamlar diyarı” deyirlər. Adanın bir çox yerində qayalara həkk olunmuş bir çox moai heykəllərində döymələrə bənzəyən naməlum yazılı dilin simvollarına rast gəlinib. Bu yazılar bu günə qədər deşifrə edilməmişdir.


Mənbə: Evrensel
Tərcümə etdi : Tahirə Bağırzadə

Paylaş