Bu gün:

Duzlu sudan enerji hasil edən nanotexnoloji cihaz


Duzlu su ilə şirin su arasındakı duzluluq fərqindən istifadə edərək enerji istehsal edə bilən cihaz hazırlanıb. Dr. Mingye Xiong və həmkarlarının apardığı araşdırmanın nəticələri Nano Energy-də dərc edilib.

Duzlu suda həll olunan duzun miqdarı şirin sudan qat-qat çoxdur. Duzlu su şirin su ilə qarşılaşdıqda duzlu sudakı ionlar yüksək sıxlıqlı mühitdən aşağı sıxlıqlı mühitə axmağa başlayır. Bu elektrik yüklü ionların daşıdığı enerjini toplamaq və istifadə etmək mümkündür.

Urbana-Şampeyndəki İllinoys Universitetinin bir qrup tədqiqatçısı ionların hərəkətindən enerji toplayan cihaz hazırlayıb. Nanometr (metrin milyardda biri) miqyaslı cihazın əsas iş prinsipi ona əsaslanır ki, cihazdakı kanaldan axan ionlar cihazın içindəki elektrik yüklərini sürükləyir və beləliklə, ionların daşıdığı enerjinin bir hissəsini cihaza ötürür. Kompüter simulyasiyaları göstərir ki, ionların keçdiyi kanal kifayət qədər dar olarsa, cihazda cərəyan yarana bilər. Bundan əlavə, ionların kütləsi cihazdakı elektrik yükləri ilə müqayisədə çox böyükdür və bu, cihazda yaranan cərəyanın kanaldan keçən cərəyandan çox daha yüksək olmasına səbəb olur.

Tədqiqatçılar hesab edirlər ki, onların dizayn etdiyi bir sıra cihazların enerji sıxlığı günəş batareyaları ilə müqayisə edilə bilər. Belə bir cihaz duzlu su ilə şirin su arasındakı duzluluq fərqindən istifadə edərək enerji yaratmaq üçün istifadə edilə bilər. Bu cihazlar sensorlar hazırlamaq üçün də istifadə edilə bilər.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et