
Toledo Universitetindən bir qrup tədqiqatçının apardığı araşdırmalar göstərir ki, bağırsaqlarda yaşayan faydalı bakteriyaların genlərində dəyişiklik etməklə yüksək təzyiqi müalicə etmək olar.
COVID-19 epidemiyası zamanı haqqında çox eşitdiyimiz zülallardan biri ACE2 idi. COVID-19-a səbəb olan virusların hüceyrələrə yoluxmasına kömək edən bu zülal qan təzyiqinin tənzimlənməsində də rol oynayır. ACE2 zülallarının olması angiotenzin II hormonunun daha az ifrazına səbəb olur. Anjiotenzin II hormonunun az ifrazı da qan təzyiqinin aşağı düşməsinə səbəb olur.
Lactobacillus paracasei bağırsaqlarda yaşayan faydalı bakteriyadır. Toledo Universitetindən Prof. Dr. Bina Joe-nun başçılıq etdiyi bir qrup tədqiqatçı əvvəlcə Lactobacillus paracasei bakteriyalarının genlərində ACE2 zülalları istehsal etməyə imkan verən dəyişikliklər edib. Daha sonra genetik cəhətdən dəyişdirilmiş bakteriyaları ACE2 zülallarını özləri istehsal edə bilməyən siçanların qidasına qarışdırıblar. Nəticədə siçanların təzyiqinin aşağı düşdüyü görülüb.
Nəticələrdəki maraqlı məqamlardan biri də odur ki, yalnız dişi siçanlarda qan təzyiqinin aşağı düşdüyü müşahidə edilib. Bu vəziyyətin səbəbi tam məlum deyil. Bununla belə, bunun X xromosomlarında yerləşən ACE2 zülalını kodlayan gen bölgələri ilə əlaqəli olduğu düşünülür. Bu cinsi xromosomlardan biri kişilərdə, ikisi isə qadınlarda olur.
Əldə edilən nəticələr göstərir ki, geni dəyişdirilmiş Lactobacillus paracasei bakteriyası yüksək təzyiqin müalicəsində istifadə edilə bilər. Bu müalicənin mühüm xüsusiyyətlərindən biri də insan orqanizmində artıq yaşayan faydalı bakteriyaların istifadəsi olacaq. Tədqiqatçılar bu məqsədə çatmaq üçün gələcək tədqiqatlara ehtiyac olduğunu bildirirlər. Məsələn, genetik cəhətdən dəyişdirilmiş bakteriyalar vasitəsilə ACE2 istehsalının artırılmasının bədəni təbii olaraq ACE2 zülalları istehsal edən bir insanın bədənində hər hansı bir yan təsir göstərib-göstərməyəcəyi hələ məlum deyil.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
