Bu gün:

DNT-si dəyişdirilmiş ağcaqanadlar


Geni dəyişdirilmiş ağcaqanadlar ağcaqanadlar tərəfindən ötürülən Denge qızdırması ilə mübarizə üçün istifadə olunur.

Denge qızdırması, dang virusunun yaratdığı ağcaqanadlar tərəfindən ötürülən xəstəlikdir. Qripə bənzər simptomları olan və ölümlə nəticələnə bilən bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2019-cu ildə qlobal sağlamlıq üçün ən böyük 10 təhlükədən biri kimi müəyyən edilib. Bəs ağcaqanadlar bu xəstəliyi necə yayırlar?

Ağcaqanadlar təbii olaraq dang virusunu daşımırlar, onu yoluxmuş insanları dişləməklə əldə edirlər. Başqasını dişləyəndə virusu həmin şəxsə ötürürlər. Beləliklə, xəstəlik bütün insanlara yayılmağa başlayır.

“Nature” jurnalında dərc olunan araşdırmada elm adamları ağcaqanadların dang virusunu ötürməsinin qarşısını almaq üçün Wolbachia adlı bakteriyadan istifadə ediblər. Wolbachia, meyvə milçəkləri, iynəcələr və kəpənəklər kimi həşərat növlərinin təxminən 50% -də təbii olaraq meydana gələn bir bakteriya növüdür. İnsana və ətraf mühitə zərəri olmayan bu bakteriya həşərat hüceyrələrində yaşayır, xəstəlik törədən virusun çoxalmasının qarşısını alır və yumurta vasitəsilə gələcək nəslə ötürülür.

2015-ci ildə tədqiqatçılar bəzi ağcaqanadları Wolbachia bakteriyası ilə yoluxduraraq genetik cəhətdən dəyişdiriblər. Kolumbiyanın üç geniş əhalisi olan şəhərlərə geni dəyişdirilmiş ağcaqanadlar buraxılıb. Bu ağcaqanadlar virus daşıyıcı ağcaqanadlarla cütləşdikdə bakteriyalar nəsillərə ötürülüb. 2020-ci ilin sonlarına doğru genetik modifikasiya olunmuş ağcaqanadların buraxıldığı yerlərdə dang qızdırması hallarının 94-97% azaldığı müşahidə edilib.

Wolbachia bakteriyası ilə geni dəyişdirilmiş ağcaqanadlardan istifadə edilən üsul hələ Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmi olaraq təsdiqlənməyib. Ancaq bu üsulun ağcaqanadların yaydığı Zika və malyariya kimi xəstəliklərlə mübarizədə də istifadə oluna biləcəyi düşünülür.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et