Bu gün:

Ölkəyə gətirilən buğdalar - Ekspert "1 sual 1 cavab"a danışdı


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı iqtisadçı ekspert Natiq Cəfərlidir. Ekspert Azərbaycanın digər ölkələrdən buğda asılılığı haqda danışıb.

- Azərbaycan hansı ölkələrdən buğda alır? 

- Əmtəəlik buğda ilə Azərbaycan özünün 25%-ni təmin etsə də, qalan 75 faizinə görə xarici ölkələrdən asılıyıq. Rusiya və Ukrayna müharibəsinə qədər hər iki ölkədən buğda alırdıq. Əsasən, idxal Rusiyadan olurdu. 2022-ci ilin ikinci yarısına kimi Rusiyadan idxal ilə bağlı müəyyən çətinliklər baş verdi. Sanksiyalar ilə əlaqədar pul köçürmələrində bəzi problemlər yaşandı. Ona görə də  Azərbaycan Qazaxıstan bazarına üz tutaraq oradan buğda almağa başladı. Hətta Qazaxıstandan alınan buğdanın həcmi də on dəfəyə kimi artdı. İndi də bu proses davam etməkdədir. Buğda ehtiyacımızı təqribən 70-75 faizini xaricdən, xüsusilə, Qazaxıstandan təmin etməyə başlamışıq.  Rusiyadan da müxtəlif üsullarla almağa davam edirik. Lakin Ukrayna bazarından hazırda buğda gəlmir. Çünki müharibə ilə bağlı Ukraynada loqistika zəifləyib. Ümid edirəm ki,  yaxın gələcəkdə işğaldan azad edilmiş torpaqlarımızın da iqtisadiyyata qazandırılması yolu ilə idxaldan asılılığımızı azaltmaq mümkün olacaqdır.

24media.az xatırladır ki, bu ilin yanvarında Azərbaycana 43 mln. 423 min dollar dəyərində 142 min 655.6 ton buğda idxal olunub.  Dövlət Gömrük Komitəsinin  hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 33.7% və ya 10 mln. 948 min dollar, həcmi isə 52.2% və ya 48 min 951 ton artıb. 2022-ci ilin yanvarında ölkəyə 32 mln. 475 min dollar dəyərində 93 min 704 ton buğda gətirilib. 

Həmçinin, ötən il Azərbaycanda taxıl istehsalında azalma olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 3 milyon 161,3 min ton taxıl istehsal edilib. 2021-ci illə müqayisədə taxıl istehsalı 6 faiz və ya 202 min ton azalıb. Yığılmış sahələr ötən il azalıb. 2021-ci ildə 998,4 min hektar sahədə yığım aparıldığı halda 2022-ci ildə yığılmış sahə 978 min hektar təşkil edib.

 Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et