
Bir qrup astronom indiyə qədər aşkar edilmiş sürətli radio dalğalarının ən uzaq partlayışını kəşf edib.
Alimlər 2022-ci ilin iyun ayında Avstraliyada ASKAP Radio Teleskopu ilə FRB 20220610A adlı sürətli radio dalğası aşkar ediblər. Daha sonra astronomlar Çilidəki Avropa Cənub Rəsədxanasında (ESO) Çox Böyük Teleskopdan (VLT) istifadə edərək sürətli radio dalğasının mənbəyi olan qalaktikanı müəyyən etməyə çalışıblar. Nəticədə FRB 20220610A adlı sürətli radio dalğası partlayışının mənbəyinin 8 milyard işıq ili uzaqlıqdakı qalaktika olduğu müəyyən edilib. FRB 20220610A indiyə qədər aşkar edilmiş ən uzaq sürətli radio dalğasıdır. FRB 20220610A zamanı Günəşin 30 il ərzində buraxdığı ümumi radiasiya enerjisindən çox qısa müddət ərzində daha çox enerji buraxıldığı təxmin edilir.
Sürətli radio dalğa partlayışları millisaniyələr kimi qısa müddət ərzində davam edən radio dalğa uzunluqlarında elektromaqnit işıq emissiyalarıdır.
Radio dalğalarının sürətli partlayışları qalaktikaların daxilində və arasında hərəkət edir. Bu prosesdə aşağı tezlikli radio dalğaları isti qazlardan keçərkən yüksək tezlikli radio dalğalarından daha çox yavaşlayır. Bu yolla qalaktikalar arasında başqa üsullarla təsbit edilə bilməyən maddələrin mövcudluğu haqqında məlumat əldə etmək mümkün ola bilər. Beləliklə, radio dalğalarının sürətli partlayışları kainatın quruluşunu anlamağa kömək edə bilər.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
