Bu gün:

Eyfel qülləsi: Tarixi və naməlum detalları


Eyfel qülləsi dünyanın ən məşhur ikonalarından biridir və Fransanın paytaxtı Parisdə Sena çayının sahilində yerləşir. Paris əhalisinin tez-tez çəmənlikdə oturub şərablarını yudumladığı, ictimai yaşıllıq sahəsi olan “Çamp de Mars” üzərində tikilmiş bu möhtəşəm quruluş tamamilə dəmirdən hazırlanıb.

Fransanın məşhur tikilisi olan Eyfel qülləsi adını onu inşa edən mühəndisin adından götürür və şəhərin ən hündür tikilisi adını daşıyır. İnşa edildiyi gündən bəri dünyada ildə 200 milyondan çox ziyarətçi qəbul edə bilən nadir tikililərdən biri olmaqla yanaşı, həm də dünyanın ən gəlirli binasıdır.

Eyfel layihəsinin doğulması belə oldu ki, qüllənin tikinti ideası 1889-cu ildə Parisdə keçiriləcək Ümumdünya Sərgisinə təqdim edilib. Layihə üçün açılan müsabiqədə qalib Qustav Eyfel seçilib və qüllənin dizaynı ona həvalə edilib.

Qüllə dövrün qabaqcıl texnologiyası olan çuqun və poladdan istifadə edilməklə tikilib. Tikintidə təqribən 7300 ton dəmirdən istifadə olunub. Hər bir parça əvvəlcədən fabrikdə hazırlanaraq tikinti sahəsinə gətirilərək yığılıb.

Eyfel qülləsi dövrünün ən mühüm mühəndislik nailiyyətlərindən biridir. Tikinti zamanı küləyin müqavimətini artırmaq üçün müxtəlif hesablamalar və təcrübələr aparılmışdır. Qüllə düzbucaqlı əsasının və hündürlüyünün tarazlığı ilə möhkəm quruluşa malikdir. Bu, 7900 ton ağırlığında nəhəng bir quruluşdur. O, tikilən zaman maraqlı dizaynı ilə görənləri heyran qoyub.

320 metr hündürlüyü ilə Eyfel qülləsi 41 ildir dünyanın ən hündür tikilisi kimi adından söz etdirib. ABŞ-ın Nyu-York şəhərində Chrysler Building” tikintisi başa çatdıqdan sonra o birinci yeri itirdi.

Eyfel qülləsinin 1909-cu ildə sökülməsi planlaşdırılırdı, lakin qüllə rabitə üçün çox uyğun hündürlükdə olduğundan radio antenası kimi istifadə edilməsinə qərar verildi. Bu gün qüllə ildə 200  milyon turisti cəlb edir və dünyanın ən çox ziyarət edilən abidəsi adını daşıyır.

Eyfel qülləsi hər 7 ildən bir 60 ton boya ilə yenidən rənglənir. Dünyada 30-dan çox nüsxəsi olan Eyfel qülləsinin hündürlüyü temperaturun dəyişməsindən asılı olaraq 15 sm dəyişir.

Qüllənin ziyarətçiləri üç fərqli liftlə şimal, qərb və şərq qanadlarından ilk iki platformaya çatırlar. Qüllənin birinci mərtəbəsində Qustav Eyfeldən və 1889-cu ildəki sərgidən görüntüləri əks etdirən qısametrajlı film nümayiş etdirilir. Eyfel qülləsinin tarixini izah edən sərgi də var. Birinci və ikinci mərtəbələrdə restoran və kafelər var.

Üçüncü mərtəbədə yuxarı platformaya çıxmaq istəyən qonaq ikinci mərtəbəyə keçir və başqa liftə minir. 3-cü mərtəbədə Parisin heyrətamiz mənzərəsi olan Qustav Eyfelin şəxsi mənzili yerləşir.

Eyfel qülləsinin möhtəşəm işıqlandırma sistemi 1985-ci ildə mühəndis Pierre Bideau tərəfindən hazırlanmışdır. İşıqlandırma sistemi sayəsində gecələr Eyfel qülləsinin mənzərəsini görmək istəyənlərin sayı artıb. Nəhəng qüllənin ilk işıqlandırmasında 352 natrium sarı və narıncı lampa quraşdırılıb.

Qüllənin ikinci mərtəbəsinə pilləkənlərlə qalxmaq 7 avro, liftə minmək isə 11 avroya başa gəlir. Üst mərtəbəyə çıxmaq istəyirsinizsə, 17 avro ödəməlisiniz. 4 yaşdan kiçik uşaqlar üçün ödəniş yoxdur. Endirimlər 4-11 və 12-24 yaşa aiddir. Növbə gözləmək istəməyənlər üçün biletləri onlayn da almaq olar. Yeni il dövründə, dekabrın 1-dən yanvarın 31-dək Parisdən 57 metr hündürlükdə, qüllənin birinci mərtəbəsində 190 kvadratmetrlik buz meydançası qurulur.

Mənbə: turna.com
Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et